Qırğızıstan və Özbəkistan arasında sərhəd dəyişikliyi - ÖZƏL

"Qırğızıstan və Özbəkistan arasında sərhəd dəyişikliyi ilə bağlı birgə protokol imzalandı. Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri və Nazirlər Kabinetinin vitse-prezidenti Kamçıbek Tasiyev və Özbəkistanın Baş naziri Abdullo Aripov sərhədin müəyyənləşdirilməsi ilə bağlı birgə protokolu imzalayıblar. Protokolda Qırğızıstan-Özbəkistan dövlət sərhədinin bəlli hissələri ilə bağlı yeni prosedurun başlanması qeyd edilib". Bunu "Olaylar"a deyən politoloq Turan Rzayevin sözlərinə görə, Qırğızıstan və Özbəkistan arasında 1379 kilometrlik bölgə ilə əlaqədar 2021-ci ilin 23-25 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə aparılan sərhəd müzakirələrində problemin qarşılıqlı ərazi dəyişməsi yolu ilə həll olunması qərara gəlinmişdi. Bu gün isə bu proses real əməli müstəviyə keçib: "Tərəflər arasında bu prosesin uğurlu getməsində Ankara və Bakının səyləri, diplomatik təmasları xüsusi vurğulanmalıdır. Çünki istər Türkiyə, istərsə də Azərbaycan Prezidentlərinin həm Qırğızıstana, həm də Özbəkistana yaxın tarixlərdə səfər etməsi diqqət çəkir.Yeri gəlmişkən, Prezidentin Qırğızıstan səfəri də məhz Qırğızıstan-Özbəkistan dövlət sərhədinin bəlli hissələri ilə bağlı yeni prosedurun başlandığı dövrə təsadüf etdi. Bu mənada həm Türkiyə, həm də Azərbaycan Prezidentlərinin Özbəkistan və Qırğızıstan səfərində bu məsələnin ayrı-ayrılıqda tərəflər ilə danışıldığını demək olar.  Amma hər şey istənilən səviyyədə getmir. Belə ki, TDT-nin aktiv fəaliyyəti Türkiyə və Azərbaycanın siyasəti ilə ərsəyə gəlir. Qazaxıstan, Özbəkistan da bu prosesə qoşulub. Qırğızıstan isə bir qədər passivdir. Türkmənistana gəlincə, o, neytrallıq prinsipi ilə müşahidəçilik statusuna üstünlük verməkdə davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31