Beynəlxalq Valyuta Fondu Ukraynaya aclıqdan əziyyət çəkən ölkə kimi kredit verəcək
12 Sentyabr 2022 11:17 DünyaOlaylar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) ərzaq qiymətlərinin artması ilə üzləşən ölkələrə kredit ayırmağı nəzərdən keçirəcək. Bu barədə "Reuters" xəbər verir. Bu cür tədbirlər BVF-yə Ukraynaya və bir sıra digər ölkələrə fövqəladə hallarda deyil, normal şəraitdə maliyyələşdirmə tələblərinə əməl etmədən yardım göstərməyə imkan verəcək. Afrikanın bir çox ölkələri, ərzaq çatışmazlığı və aclıqdan əziyyət çəkən digər ölkələr daha çox maliyyə yardımı tələb ediblər. Belə yardımın göstərilməsi ilə bağlı yekun qərar BVF və Dünya Bankının (DB) illik oktyabr sessiyasına qədər veriləcək. BVF Ukrayna ilə sıx təmasdadır və "indiki çətin vəziyyətdə Ukraynaya kömək etmək üçün bütün mümkün yolları araşdırır" -deyə agentlik bildirib.
Ukraynanın baş naziri Denis Şmıxal BVF-ni Kiyevə dəstək verməkdə "passiv" davrandığına görə tənqid edib və Fondun bu sahədə fəaliyyətini gücləndirməyə çağırıb. Hələlik Kiyev BVF ilə yeni maliyyələşdirmə proqramı ilə bağlı razılığa gələ bilməyib.