Yulia Timoşenko: “Prezident Poroşenko kütləvi saxtakarlığa hazırlaşır”

Ukraynanın keçmiş baş naziri, lideri olduğu "Batkivşina" partiyasından prezidentliyə namizəd Yuliya Timoşenko president Pyotr Poroşenkonu seçiciləri sistematik olaraq pulla ələ almaqda, habelə seçki komissiyalarının dövlət başçısının qalib gəlməsini təmin edəcək şəkildə formalaşdırmaqda ittiham edib

O, P.Poroşenkonun komandası tərəfindən bir neçə saxtakarlıq elementinin həyata keçirildiyini söyləyib.

Bunlardan birincisi vətəndaşların qara təbliğatçılar tərəfindən birbaşa pulla satın alınmasıdır. Yuliya Tomoeşnko iqtidar nümayəndələrinin bunun üçün prezidentə səs verməyə hazır olan seçicilərin elektron məlumat bazalarını və anketləri tərtib etdiyini söyləyib. Həmin şəxslərə öncə 500 qriven, yəni 18,5 dollar pul ödəniləcək. Bu isə ümumi məbləğin yarısını təşkil edir. Üstəlik potensial seçicilərin həmin pullarla fotoşəklini çəkirlər.

Saxtalaşdırmanın ikinci elementini bölgələrdə guya maddi kömək adı altında büdcə dotasiyalarının paylanması təşkil edir. Yardıma ehtiyacı olan şəxslər guya əvvəlcədən hazırlanan siyahı üzrə çağırılır və onlara 1000 qriven (37 dollar) pul verilir.

Timoşenkonun iddiasına görə, üçüncü növ saxtakarlıq əhalinin ən az müdafiə olunan təbəqələri üçün subsidiyaların monetizasiya prosesinin aparılması, habelə büdcədəki təxminən 2 milyard qrivenlik (74 milyon dollar) vəsaitin Pyotr Poroşenkonun və onun ailəsinin xüsusi fonduna axıdılmasından ibarətdir.

Timoşenko saxtakarlığa hazırlığa növbəti nümunə olaraq prezidentliyə rekord sayda, 44 şəxsin qeydə alınmasını göstərir. Onun sözlərinə görə, həmin adamlar Poroşenkonun komissiyalarda adamlarının sayını artırmaq və beləliklə onun xeyrinə saxtakarlıq etmək üçün namizəd olublar.

Ukraynanın "Yerli siyasi araşdırmalar mərkəzi"nin sədri Vladimir Fesenko ikinci tura keçmək uğrunda mübarizənin məhz Yuliya Timoşenko və Pyotr Proşenko arasında keçəcəyini söyləyib. Seçkinin əsas favoriti isə şoumen Vladimir Zelenskidir.

"Razumkov mərkəzi"nin fevral sorğusunda da birinci sırada Vladimir Zelenski görünür. Belə ki, ukraynalıların 17,5%-i ona dəstək verməyə hazır olduqlarını bildiriblər. İkinci sıraya 13,1%-lə Pyotr Poroşenko, üçüncü yerə isə 11,5%-lə Yuliya Timoşenko çıxıb.

"Sotsis" mərkəzinin sosial sorğusunda da təxminən eyni nəticə qeydə alınıb. Vladimir Zelenski respondentlərin 19%, Pyotr Poroşenko 17%, Yuliya Timoşenko isə 13,3% təqdirini qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31