Azərbaycan və Şri-Lanka turizm, təhsil və enerji sahələrində əməkdaşlığı genişləndirməyi müzakirə edib

Azərbaycan və Şri-Lanka arasında siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin təşviqi, turizm, təhsil, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Bu məsələlər oktyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüşündə nəzərdən keçirilib.

Vicita Herat Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdədir.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də əməkdaşlığın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər AQEM-in VII Sammitinin nəticələrinə toxunaraq, Azərbaycanın 2024-2026-cı illər üzrə təşkilata sədrliyinin Asiyada dialoqun, qarşılıqlı etimadın və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəni vurğulayıblar. Sammitin üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsi, regional və qlobal çağırışların müzakirəsi baxımından əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycan və Şri-Lankanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəm keçirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, bu mexanizm ikitərəfli münasibətlərin gündəliyinin zənginləşdirilməsinə, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin də əlaqələrin inkişafına töhfə verəcəyi qeyd edilib.

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub. Bu çərçivədə qarşılıqlı turist axınının artırılması, turizm potensialının təşviqi və müvafiq qurumlar arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Humanitar və təhsil sahələrində əməkdaşlığın inkişafı ilə bağlı tələbə mübadiləsinin genişləndirilməsi, təqaüd proqramları üzrə əməkdaşlıq və təhsil sahəsində təcrübə mübadiləsinin təşviqi məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı, diplomatların peşəkar hazırlığı və təlimi sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31