Badamdarda Hədəf Stars International kampusunun açılışı keçirilib
10:53 SosialOktyabrın 16-da Bakının Badamdar qəsəbəsində Hədəf Stars International məktəbinin və Hədəf İncəsənət Məktəbinin yerləşdiyi kampusun açılış mərasimi keçirilib. Tədbir 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunub.
Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatı, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar kampusun infrastrukturu, sinif otaqları, STEAM məkanları, fizika, kimya və biologiya laboratoriyaları, virtual reallıq otağı və interaktiv elm muzeyi ilə tanış olublar.
Açılışda rəmzi lent kəsilib, şəhidlərin əziz xatirəsi yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bildirilib ki, Hədəf Stars International məktəbində məktəbəqədər hazırlıqdan XI sinfə qədər təhsil nəzərdə tutulur. Tədris Kembric kurikulumları əsasında ingilis dilində aparılır, təhsil prosesində STEAM yanaşmasından istifadə olunur.
Tədbirdə Hədəf İncəsənət Məktəbinin tədris imkanları da təqdim edilib. Məktəbdə musiqi, rəssamlıq, heykəltaraşlıq, dram, aktyor sənəti, rejissorluq və yaradıcı yazarlıq istiqamətləri üzrə dərslər keçirilir. Tədris prosesində müasir texnologiyaların tətbiqinə və Azərbaycanın milli musiqi irsinin öyrənilməsinə diqqət yetirilir.
Çıxışlarda yeni kampusun fəaliyyəti, tədrisin təşkili və şagirdlərin yaradıcılıq bacarıqlarının inkişafı üçün yaradılan imkanlar barədə məlumat verilib.
Tədbirin bədii hissəsində Hədəf Liseyinin müəllim və şagirdlərinin iştirakı ilə rəqs nömrələri və səhnəciklər nümayiş olunub. Hədəf 11 İllik İncəsənət Məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.