Xəzər dənizində yeni yarımada yaranır
11:17 SosialXəzər dənizində yerləşən Nordovıy adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə birləşə bilər.
RBK Rusiya alimlərinə istinadən xəbər verir ki, son beş ildə Xəzər dənizinin səviyyəsi ildə orta hesabla 23 santimetr azalıb.
Dayazlıqların üstünlük təşkil etdiyi Xəzərin şimal hissəsində suyun dayazlaşması xüsusilə nəzərə çarpır. 2025-ci ildə dənizin səviyyəsi rekord həddə - 29,4 santimetr azalıb.
Alimlər hesab edirlər ki, hazırkı azalma tempi davam edərsə, təxminən 20 il ərzində Xəzər dənizinin səviyyəsi daha 4,5 metr aşağı düşə bilər. Bu halda Nordovıy adası quru ilə birləşərək yarımadaya çevriləcək.
Mütəxəssislər dayazlaşmanın əsas səbəbləri kimi Volqa çayından Xəzərə daxil olan suyun həcminin azalmasını və buxarlanmanın güclənməsini göstərirlər.
Xəzər dənizinin səviyyəsinin azalması artıq ekosistemə mənfi təsir göstərir, balıqların kürüləmə sahələrini daraldır, həmçinin gəmiçilik və limanların fəaliyyəti üçün risklər yaradır.
Qeyd edək ki, Nordovıy dəniz quşlarının məskən saldığı vəhşi adadır. Ada Xəzər dənizinin qərbində Kizlyar körfəzində yerləşir. İnzibati cəhətdən Rusiya federasiyası Dağıstan Respublikası ərazisinə daxildir. Adanın eni 0,4 km, uzunluğu 2,2 km təşkil edir.