Ərəb cəmiyyətləri və mediası ilə sıx işləməyə ciddi ehtiyac var-Özəl
10:38 SiyasətMilli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan - Misir parlamentlərarası işçi qrupunun sədri ilə görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə deputat özü məlumat verib: "Azərbaycan - Misir parlamentlərarası işçi qrupunun sədri kimi misirli yazıçı və tədqiqatçı, Azərbaycanla bağlı bir sıra sanballı tədqiqatların müəllifi Əhməd Abdo Tərabik ilə görüşdük. Görüş zamanı Azərbaycan ilə Misir arasında dostluq münasibətlərinin, mədəni və elmi əlaqələrin inkişafı, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq. Həmçinin qarşılıqlı maraq doğuran birgə layihələrin həyata keçirilməsi, tədqiqat və nəşr sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Son proseslər bir daha göstərdi ki, ərəb cəmiyyətləri və mediası ilə sıx işləməyə ciddi ehtiyac var.
Qeyd etdim ki, bu kimi təşəbbüslər Azərbaycanın haqq səsinin beynəlxalq miqyasda daha geniş tanıdılması, ölkəmizin tarixi həqiqətlərinin təbliği və Azərbaycan-Misir münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İnanıram ki, qarşılıqlı anlaşma və ortaq təşəbbüslər əsasında qurulan əməkdaşlıq gələcəkdə yeni layihələrin reallaşmasına və iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcək".