“Microsoft” Sietlda güzəştli mənzillərin tikintisinə 500 milyon dollar ayırıb
17 Yanvar 2019 17:58 Dünya"Microsoft" şirkəti ABŞ-ın Sietl şəhəri ətrafında yerləşən ərazilərdə güzəştli mənzillərin tikintisinə 500 milyon dollar ayırıb.
Bu barədə "The Seattle Times" qəzetinə müsahibəsində "Microsoft"un prezidenti Bred Smit deyib.
Onun sözlərinə görə, bu mənzillər xüsusilə orta və aşağı gəlirli insanlar üçün nəzərdə tutulub.
B.Smit mənzillərin sayını açıqlamayıb. Bildirib ki, söhbət on minlərlə mənzildən gedir. Bu, "Microsoft"un 44 illik fəaliyyəti dövründə belə məqsədlər üçün ayırdığı ən böyük investisiyadır.
Qeyd edək ki, 1975-ci ildə iş adamları Bill Qeyts və Poll Allen tərəfindən əsası qoyulan "Microsoft" şirkəti dünyanın ən nəhəng müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olur. Şirkətin baş ofisi Vaşinqtonda yerləşir.