ABŞ-da Putin və Ərdoğanın Suriya ilə bağlı görüşünü ümidverici adlandırıblar
18 Sentyabr 2018 11:38 DünyaRusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Suriyadakı vəziyyətlə bağlı keçirilən görüş ərəb respublikasındakı münaqişənin nizamlanması baxımından ümidvericidir.
Bunu ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Robert Eşli deyib.
"Prezident Ərdoğan və Putin arasında aparılan belə müzakirələr ümid verir", - deyə Amerika hərbi kəşfiyyatının rəhbəri Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı bildirib.
Suriyanın İdlib əyalətindəki vəziyyətdən danışan general, regionda "20-yə yaxın müxtəlif qrup və təşkilatlar" olduğundan onu "qaynayan qazan" adlandırıb.
Eyni zamanda Eşli ABŞ-ın mövqeyini təsdiq edərək bildirib ki, İdlibdə hərbi əməliyyatların aparılması uzunmüddətli perspektivdə yalnız dinc sakinlərin əziyyətlərini artıra bilərdi.
"Biz müxtəlif qruplar arasında sülh axtarışlarına dair dialoq, qarşılıqlı fəaliyyət görmək istərdik", - deyə o bildirib.
report