Tramp seçkilərə xarici müdaxilə ilə bağlı sanksiyalar haqqında fərman imzalayıb
13 Sentyabr 2018 16:31 DünyaAğ Evin yaydığı bəyanatda ABŞ Prezidenti Donald Trampın seçkilərə xarici dövlətlərin potensial müdaxiləsi ilə bağlı sanksiyalar haqqında fərman imzaladığı bildirilir.
Fərmanı şərh edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun sözlərinə görə, konkret sanksiyalar Dövlət Departamenti və Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdiriləcək. Sanksiya tədbirləri sırasında ABŞ-ın maliyyə təsisatlarından istifadə imkanlarının məhdudlaşdırılması, aktivlərin dondurulması, ölkədə seçki prosesinə müdaxilədə rolu olan şirkətlərə ABŞ vətəndaşlarının sərmayə yatırılmasının qadağan edilməsi yer alacaq.
Sanksiyalar seçkilərə müdaxilə etmiş və ya müdaxilə olunmasına şərait yaratmış xarici ölkələrin hökumətlərinə, hüquqi və fiziki şəxslərə avtomatik şamil ediləcək. Sənəddə o da nəzərdə tutulur ki, ABŞ-ın xüsusi xidmət orqanları güman edilən müdaxilə faktını araşdırmalıdır.
Tramp bu fərmanı ABŞ Konqresinə noyabrın 6-da keçiriləcək aralıq seçkilərlə bağlı kampaniyanın başlanğıcı ərəfəsində imzalayıb. Amerikalılar Nümayəndələr Palatasını tam, habelə 100 senatordan 35-ni seçəcəklər.