ABŞ-ın “Jewish Journal” qəzetində Paul Ryana Azərbaycanla bağlı ünvanlanmış məktub dərc edilib

ABŞ-ın ən nüfuzlu yəhudi qəzetlərindən olan, Los-Ancelesdə nəşr olunan "Jewish Journal" qəzetində ABŞ Nümayəndələr Palatasının spikeri Paul Ryana ünvanlanmış məktub dərc edilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dvlət Komitəsinə istinadən verdiyi xəbərə görə, məktub Los-Ancelesin "Pico Shul" sinaqoqunun rəhbəri ravvin Yonah Buksteynin adından yazılsa da, məktubu Los-Ancelesin digər nüfuzlu ravvinləri də imzalayıblar. Məktubda əsasən ötən ilin dekabr ayında ABŞ Konqresmeni Kris Smitin Azərbaycan əleyhinə irəli sürdüyü qərəzli qanun layihəsinə etiraz edilir. Eyni zamanda, ravvinlər Yaxın Şərqdə baş verən dini zorakılıq və ayrı-seçkilik fonunda terrorizmlə bağlı mübarizədə daim İsrail və ABŞ-ın yanında olan Azərbaycanı dəstəkləməyə çağırırlar. Məktubunda ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinə toxunan ravvin Azərbaycanda yəhudilərə göstərilən dövlət qayğısından söhbət açır.Qeyd olunur ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda müsəlman, yəhudi və xristianlar mehriban şəkildə yaşayırlar, dövlət tərəfindən yəhudilər üçün məktəb və sinaqoqlar tikilir. Ravvin Azərbaycanda səfərdə olarkən şahidi olduğu tolerant və multikultural mühitin məhz xalqımızın zəngin milli-mənəvi dəyərlərindən irəli gəldiyini xüsusilə diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00