Yaxın Şərqdə vəziyyət dəyişəcək
Rusiya qoşunlarının Suriyadan çıxması Ankara-Moskva münasibətlərinin normallaşmasına imkan yaradacaq
16 Mart 2016 12:37 DünyaRusiyanın Suriyadan öz qoşunlarının bir hissəsini çıxarmaq barədə qərarı heç şübhəsiz ki, Yaxın Şərqdə vəziyyəti müəyyən dərəcədə dəyişəcək. Kremlin bu addımının Əsəd hakimiyyəti üçün ciddi təhlükə yaradacağı da istisna edilmir. Rusiyanın Suriya məsələsində geri çəkilməsinin müəyyən mənada bizim yaşadığımız coğrafiya, regiona da müsbət mənada təsiri olacaq. Təsadüfi deyil ki, bir sıra ekspertlər də bu qənaətdədirlər.
Analitik Vahid Məhərrəmov deyir ki, Rusiya prezidentinin qoşunların əsas hissəsini Suriyadan çıxarmaq haqda qərarı Azərbaycan üçün sevindirici bir xəbər olmalıdır. Onun sözlərinə görə, Xəzər dənizindən Suriyaya atılan raketlər ilk növbədə Azərbaycanın müstəqilliyini təhdid edirdi: "Rusiyanın Suriyadan çəkilmək qərarı hələ xeyli müddət də müzakirə və təhlil olunacaq. O da məlumdur ki, bu, son qərar deyil və Rusiya Suriyadakı hərbi bazalarını saxlayır və yenidən hərbi əməliyyatlara qoşulacağı istisna olunmur. Amma daha ağlabatan budur ki, Rusiya həqiqətən də Suriyadan çəkilir. Putin elan edib ki, Suriya əməliyyatı nəticəsində qarşıya qoyulmuş vəzifələr əsasən yerinə yetirilib. Maraqlıdır, nə imiş o məqsəd? Putin demişdi ki, terroru məğlub etmək üçün Suriyaya giriblər. Nə oldu, terroru məğlub ediblər? Qətiyyən! İŞİD-lə savaş hələ qabaqdadır. Suriyaya müdaxilə Rusiyanın daxili auditoriyasına belə təqdim olunurdu ki, oradakı əməliyyatların əsas məqsədi Əsədi qorumaqdır. Əsədin hakimiyyətinə daha təhlükə yoxdur? Tam əksinə, Əsəd əleyhdarlarından heç kimin ona münasibəti dəyişməyib. Əsədin Suriyada nəzarət etdiyi əraziləri Rusiyanın köməkliyilə 15 faizdən 20 faizə qaldırması vəziyyəti ciddi şəkildə dəyişmir. Birmənalıdır ki, Suriyadakı əsas söz sahiblərinin hamısı Əsədsiz keçid hakimiyyəti modeli üzərində işləyirlər. Və ona nail olacaqlar". Bəs o zaman Rusiyanın Suriya əməliyyatında qarşıya qoyduğu nəticə nə imiş ki, Rusiya ona nail olub? Vahid Məhərrəmov hesab edir ki, Rusiya Suriyaya müdaxilə edərkən siyasi təcriddən çıxıb Qərblə danışıqlar masası arxasında oturmağı hədəfləmişdi: "Belə də oldu. 5-6 ay olsa da, Rusiya özünü saydırdı və vaxtında Suriyadan çıxdı ki, Əsədin məğlub edilib, hakimiyyətdən salınması Rusiyanın özünün birbaşa məğlubiyyətinə çevrilməsin. Kreml bu qərarı ilə etiraf etmiş oldu ki, müasir qlobal tendensiyalara müqavimət göstərməyə çalışsa da, bu tendensiyalar qarşısında gücsüzdür. O istəsə də artıq tiranları qoruya bilmir.
Yalnız müəyyən müddətdən sonra bilinəcək ki, Putinin zahirən hamı üçün gözlənilməz olan Suriyadan çəkilmək qərarı nəinki Birləşmiş Ştatlarla, hətta Səudiyyə Ərəbistanı ilə də müzakirə olunub. Və aydındır ki, Rusiya ondan bütün mənalarda 10 dəfələrlə güclü olan anti-Əsəd koalisiyasının təzyiqilə Suriyadan çəkilir. Amma bunu etiraf etmək lazımdır ki, Rusiya bu geri çəkilməni mümkün olan ən hörmətli formada həyata keçirir". Ekspertin sözlərinə görə, Rusiyanın Suriyadan geri çəkilməsi Türkiyə üçün də olduqca faydalıdır: "Belə ki, Türkiyənin Suriyadakı təsiri bundan sonra yalnız arta bilər, daha azalmayacaq. Suriya türkmənlərinin genosidi, öz ata-baba torpaqlarından köçürülməsi daha mümkün olmayacaq. Əksinə, Türkiyədən onlara dəstək artacaq". Vahid Məhərrəmov onu da bildirib ki, Rusiya və İran arasında neft istehsalını artırmamaq məsələsində qabarıq şəkildə üzə çıxmış fikir ayrılığı Rusiyanın Suriya qərarından sonra daha da güclənəcək: "Dünyadakı bütün avtoritar liderlər başa düşəcək ki, Rusiyanın onlara verdiyi dəstək bir yerə qədərdir. Şərtlər tələb edəndə onların da arxasından qaçacaqlar".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə isə hesab edir ki, Rusiyanın beynəlxalq izolyasiyası, dərinləşən iqtisadi böhran, Putini Suriyada davam edəcək aktiv hərbi əməliyyatlardan çəkindirdi. Onun sözlərinə görə, Suriyada sonu görünməyən müharibə və getikcə siyasi bataqlığa doğru gedən yol, həyata keçirilən hərbi əməliyyatlar Rusiyanın maliyyə sistemini getdikcə çökdürür: "Suriyaya müdaxilə Rusiya daxilində iqtisadi böhranla bərabər siyasi böhrana da zəmin yaradırdı. Görünən odur ki, Putin məqsədinə nail olmadan, Suriyanı tərk edir. Halbuki onun məqsədi, Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlar və Bəşər Əsədi qorumaq olub. Rusiyanın bombardmanına baxmayaraq, İŞİD öz mövcudluğunu saxlayır və paytaxt elan etdiyi Rakkada fəaliyyətini davam etdirir. Suriya diktatoru Əsədin isə taleyi qaranlıq olaraq qalmaqdadır. Bundan sonra, Əsəd ordusunun əldə etdikləri mövqelərdən Rusiyanın çəkilməsi atəşkəsin yenidən pozulması ilə nəticələ bilər. Rusiyanın Tatrus və Latakiyada hərbi bazalarının mövcudluğu isə ciddi uğura imza atmayacaq, Sadəcə, Rusiyanın Suriyanın gələcək taleyinin həlli prosesində mövcudluğunu saxlayır". İnstitut rəhbəri hesab edir ki, Suriyadan çıxmaqla Putin, bundan sonra Mərkəzi Asiya və Cənubi Qafqaza və Şərqi Avropaya doğru siyasətini genişləndirəcək: "Ehtimal etmək olar ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin qəfil Suriyadan döyüş təyyarələrini və müəyyən hərbi birləşmələri çıxartması Birləşmiş Ştatlarla da mümkün razılaşma əsasında baş tutub. Suriyanın indiki və gələcək taleyi ilə məsuliyyət daşıyan iki ölkənin planlarının əsasını nələrin təşkil etməsi təbii ki, Vaşinqton və Moskva arasında müəyyən olunub. Düşünürəm ki, Rusiyanın Suriyadan çıxmasının detalları müəyyən müddətdən sonra ortaya çıxacaq". Məhəmməd Əsədullazadə deyib ki,
məlum təyyarə böhranından sonra Rusiya ilə Türkiyə əlaqələrində sərt ritorikaya yer verilsə, iqtisadi sanksiya ilə soyuqluq davam etsə də, Rusiyanın Suriya ilə bağlı son qərarı Moskva-Ankara münasibətlərin normallaşmasına imkan yaradacaq: "Hər halda cərəyan edən proseslər onu deməyə əsas verir. Elə bir neçə gün əvvəl qondarma "erməni soyqırımı" barədə qanun layihəsinin geri qaytarılması buna sübutdur. Onu da qeyd edim ki, Rusiyanın "Cənub axını" qaz kəmərinin yenidən gündəmə gəlməsi də Rusiyanın planındadı və bu plan Türkiyəsiz mümkün deyil".
Füzuli