Sergey İvanov: "Rusiya S-400-ləri Suriyadan çıxarmayacaq"

"Rusiya hərbçilərinin Suriyadan çıxarılması haqda qərar Kremlin Bəşər Əsədin mövqeyindən narazı olması demək deyil".

"Report" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin "Rusiyanın öz qərarından dönməsinin Suriyadakı münaqişənin həlli ilə bağlı Bəşər Əsədin tutduğu sərt mövqe ilə əlaqəsi varmı" sualına cavabında bildirib.

O, Rusiyanın Suriyadakı münaqişənin dinc yolla tənzimlənməsi mövqeyindən çıxışı etdiyini də vurğulayıb.

"Rusiyanın Suriyada hərbi əməliyyatları bərpa etməsi mümkündürmü" sualına cavabında mətbuat katibi belə cavab verib: "Bu, nəzəri mühakimədir. Biz nəzəri mühakimələri proqnozlaşdırmırıq".

O, Suriya ərazisində - Xmeymim və Tartusda ölkəsinin iki hərbi bazasının qalacağını və orada hərbi heyətin xidmət edəcəyini də deyib.

Virtualaz.org-un məlumatına görə, bu arada Putin administrasiyasının başçısı Sergey İvanov deyib ki, "Rusiya S-400 zenit-raket komplekslərini Suriyada çıxarmayacaq".

Onun sözlərinə görə, zenit kompleksləri Suriyada qalan təyyarələri effektli qorumaq üçün lazım olacaq. Zenit komplekslərindən əlavə bazada dəniz və qurudan gələcək təhlükələrə qarşı müdafiə vasitələri də qalacaq.

Qeyd edək ki, S-400 kompleksləri dünyanın ən müasir HHM sitemlərindən biri sayılır.

Onu da xatırladaq ki, zenit-raket kompleksləri türk F-16-nın rus Su-24 bombardmançısını vurmasından sonra Suriyaya yerləşdirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00