Mustafa Cəmilov: “Türkiyə artıq Krımın blokadasına qoşulub”
15 Mart 2016 16:18 DünyaKrım tatarlarının lideri Türkiyənin hazırda Rusiyanın ilhaq etdiyi Krımın blokadasına qoşulduğunu deyib. Gün.Az lenta.ru-ya istinadən xəbər verir ki, Krım-Tatar Məclisinin sədri və Ukrayna parlamentinin deputatı Mustafa Cəmilov "Svoboda" radiosuna müsahibəsində Türkiyənin Krımın təcridinə tam olaraq qoşulmasından sonra yarımadanın blokadası daha effektli olacaq: "Krımın əvvəl ərzaq, daha sonra isə enerji blokadasına yönəlik təşəbbüslər istənilən qədər effektli deyildi. Çünki bir sıra ölkələrdən, o cümlədən də Türkiyədən Krıma ərzaq yüklü gəmilər Krıma keçə bilirdi. Türkiyə həmin gəmilərdə qaçaqmal olduğunu deyərək, onların keçidinə icazə verməsə də, onlar müxtəlif ölkələrin - İtaliya, Yunanıstan, Rumıniya - bayraqları altında üzürdülər. Artıq buna imkan verilmir. Praktik olaraq, Türkiyə Krımın blokadasına qoşulub. Türkiyənin Krımın blokadasına münasibəti Rusiya hərbi təyyarəsinin uğurla vurulmasından sonra dəyişib".