Rusiyanın Suriyadakı hərbi qruplaşması geri dönmək üçün hazırlıqlara başlayıb

Rusiyanın Suriyadakı hərbi qruplaşmasının şəxsi heyəti prezident Vladimir Putinin qərarından sonra vətənə dönmək üçün hazırlıqlara başlayıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Suriyanın Latakiya vilayəti ərazisində yerləşən, Rusiyaya məxsus Hmeymim aviabazasının personalı avadanlıqları, maddi-texniki vasitələri, əmlakı hərbi nəqliyyat təyyarələrinə yükləyir. "Aviabazanın texniki personalı təyyarələrin Rusiya Federasiyası aerodromlarına göndərilməsi üçün hazırlıqlar görür. Şəxsi heyət avadanlıqları, əmlakı və maddi-texniki vasitələri hərbi nəqliyyat aviasiyasına yükləməyə başlayıb", - deyə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Xatırladaq ki, V. Putin martın 14-də axşam müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşündə martın 15-dən etibarən Rusiyanın əsas hərbi qüvvələrinin Suriyadan çıxarılması barədə əmr verib. Bu hadisədən bir qədər sonra V. Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00