150 min dollara rayonu satdılar

Ermənistanda bütün vəzifələr alınır və satılır. Bunu Yerevan meri Taron Marqaryanın imzaladığı yeni sərəncam da təsdiqləyir. Sərəncama əasən, şəhərin Arabkir inzibati dairəsinin yeni rəhbəri Hovanes Vardanyan oldu. "Lider" ləqəbi ilə tanınan Hovanes Vardanyan Ermənistanda tamahkarlığı ilə yanaşı, tərbiyəsizliyi və kobudluğu ilə ad çıxarmış adamlardan biridir. "Lider"ə vəzifə verilməsi Taron Marqaryanın fərdi qərarı olmayıb, çünki Yerevan meri müstəqil olaraq nəyisə həll edə biləcək adam deyil. Vardanyanı Ermənistan prezidenti Serj Sarqsyanın administrasiyasının göstərişi ilə vəzifəyə təyin ediblər. Təyinat Sarqsyanla Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyun (EİFD) arasında yeni hakimiyyət koalisiyası ilə bağlı əldə olunmuş razılaşma çərçivəsindədir. Həmin razılaşmaya görə, Yerevanın Arabkir inzibati dairəsi daşnaklara "çatıb". Hovanes Vardanyan daşnak da deyil və bunu açıq bəyan edib. Buna rəğmən, daşnakların rəhbərliyi məhz onu "layiqli namizəd" bilib: halbuki hakimiyyət kökəsindən yağlı tikən qoparmaq üçün Sarqsyan iqtidarı ilə EİFD arasındakı anlaşmanı həsrətlə gözləyən xeyli ac, tamahkar və vəzifə hərisi olan daşnaklar vardı. Amma daşnakların lideri Qrant Marqaryan məhz H.Vardanyana üstünlük verib.

Səbəb sadədir: Arabkir rayonuna rəhbərlik etmək üçün Vardanyan Marqaryana 150 min dollar ödəyib. Əgər bəhs etdiyimiz vəzifə üçün 151 min dollar təklif edəcək erməni tapılsaydı, Marqaryan çox böyük həvəslə elə həmin adama satardı. Daşnaksutyunun lideri üçün vəzifələri satmaq adi biznesdir. Siyasi baxışları, partiya mənsubiyyəti isə ona biznes məşğuliyyəti baxımından maneələr yaratmır.
H.Vardanyan isə istənilən mal və ya məhsulun alıcısı təki pul ödədiyini gizlətmir. Daha doğrusu, işarə vurur ki, daşnaklar qarşısında heç bir öhdəliyi yoxdur: onlar satıblar, Vardanyan da alıb.

Yeni hakimiyyət koalisiyası yaranmazdan əvvəl Ermənistan prezidenti Serj Sarqsyan deyirdi ki, sədri olduğu Ermənistan Respublika Partiyası yeni əməkdaşlığa yalnız "EİFD-in kadr potensialından istifadə etmək və ölkəni mövcud situasiyadan çıxarmaq" üçün gedir.
Halbuki Sarqsyan əla bilirdi ki daşnakların heç bir kadr potensialı yoxdur. Olan "kadrlar" iqtidar partiyasının mənsublarından da tamahkar, acgöz və mənəviyyatsızdırlar.
Daşnakların başqa bir xüsusiyyəti onların daim "ac" olmalarıdır. Pulları çox olsa da, həmin vəsaitin bir hissəsini partiyanın sədrinə vermək, vəzifə almaq, sonra da sərf etdikləri pulları o vəzifənin vasitəsilə "geri qaytarmaq" istəmirlər.
Məhz bu səbəbdən Qrant Marqaryan Arabkir inzibati dairəsinin administrasiya rəhbəri vəzifəsini partiyasının üzvlərindən birinə yox, kənar adama satdı və bununla da daşnakların nəzərinə çatdırdı ki, onlar imkandan yararlanmağı və pullarını vəzifə üçün verməyi bacarmırlar.
Qrant Marqaryan koalisiya anlaşması çərçivəsində daşnakların payına düşən nazir postlarını da satır. Məsələn, Levon Mkrtıçyan və David Lokyan hər biri nazir olmaq üçün 300 min dollar ödəyiblər.
Ermənistan prezidenti Serj Sarqsyan bunu bilir və daşnakların liderinin vəzifə alverindən öz maraqları üçün yararlanır.  Axı sabah koalisiya dağılarsa, bu kompromatdan daşnakların əleyhinə çox asanlıqla istifadə etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00