Sarkisyanın yeni varisi bilindi

Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci ildə keçiriləcək parlament seçkilərində "qələbə"sini təmin etmək və ölkənin prezident üsul-idarəli sistemdən parlament dövlətinə keçidini sürətləndirmək üçün ötən ilin ortalarında hazırladığı planı reallaşdırmaqla məşğuldur. O,  sədri olduğu Ermənistan Respublikaçılar Partiyasının parlament seçkilərində "uğur"una və ölkənin ali qanunverici məclisində mandatların çoxuna yiyələnməsinə nail olandan sonra baş nazir seçilmək niyyətindədir. Beləcə, S.Sarkisyan ölkənin real idarəetmə mexanizmlərinə sahib çıxacaq, sırf dekorativ funksiyalara malik prezidenti də idarə edəcək. O, özündən sonra prezident qismində kimi gördüyünü hələlik dəqiq müəyyənləşdirməyib. Amma artıq daha bir potensial namizəd var. O, Ermənistan parlamentinin və "Orinas Yerkir" Partiyasının sabiq sədri, indi yeni yaratdığı "Erməni İntibahı" Partiyasına rəhbərlik edən Artur Baqdasaryandır. 2018-ci ildə Ermənistanda keçiriləcək prezident seçkilərinə qatılacağını Artur Baqdasaryan da istisna etməyib. Seçkilərdə Ermənistan Konstitusiya Məhkəməsinin sədri, 2018-ci ildə təqaüdə çıxması ilə bağlı olaraq vəzifəsini tərk edəcək Qagik Harutyunyan da iştirak etmək niyyətindədir. Fəqət, A.Baqdasaryan namizədlər arasında nisbətən gənc olduğu üçün daha şanslı təsir bağışladığını da vurğulayıb. S.Sarkisyanın da potensial varisi qismində gənc siyasətçini görmək istədiyi barədə Yerevan mediasında hakimiyyətin sızdırdığı "etibarlı məlumatlar" dolaşır. O da vurğulanır ki, Artur Baqdasaryan rəhbərlik etdiyi partiyanın 2017-ci ilədək və parlament seçkilərindən sonra S.Sarkisyan üçün hər hansı formada problemlər yaratmayacağını da vəd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00