Terrorizmi artıq Türkiyənin baş bəlasına çevirməkdədir
14 Mart 2016 13:08 DünyaTürkiyədə Ankaranın mərkəzində növbəti dəfə terror törədilməsi və nəticədə onlarla insanın ölməsi və yaralanması təəssüf doğurur. Ən güclü silahların belə qarşısında aciz qaldığı terrorizmi artıq Türkiyənin baş bəlasına çevirməkdədirlər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli səsləndirib. Bildirib ki, bu qanlı hadisələrin davamlı olaraq paytaxtda və mərkəzi şəhərlərdə planlaşdırılması onun çoxsaylı məqsədlərə hesablandığını istisana etmir: "İlkin olaraq bu Türkiyədə turizmə böyük zərbə vuracaq və ölkə iqtisadiyyatında mənfi izi görünəcək. Ehtimal ki, bu hadisələr həm də Türkiyəni Avropa Birliyindən uzaqlaşdırmağa hesablana bilər. Çünki Avropa Birliyi hər fürsətdə çalışır ki, Türkiyəni özündən kənarda saxlasın. İndiki "daxili destabillik" isə onun əlində yaxşı arqumentə çevrilə bilər. Düşünürəm ki, Türkiyənin terrorizmin qarşısını təkcə təhlükəsizlik tədbirlərini gücləndirməklə almağı da çətin olacaq. Çünki bu hadisələri PKK törətsə də, onun arxasında daha iri güclər dayanır və PKK yalnız vasitəçidir. Ona görə də problemin ilk növbədə siyasi həlli tapılmalıdır. PKK-nın arxasında duran qüvvələrin niyyətləri tamamilə öyrənilərək ifşa edilməklə, ölkədaxili dayaqları sıradan çıxarılmalıdır".