Dünyada “4G” şəbəkəsi abunəçilərinin sayı 1 milyardı ötüb
11 Mart 2016 19:50 DünyaQlobal Mobil Avadanlıq Tədarükçüləri Assosiasiyasının ("GSA") məlumatına əsasən, 2015-ci ilin son rübündə dünyada "LTE" dördüncü nəsil (4G) rabitə abunəçilərinin sayı 1 milyardı ötüb. "ICTnews" Elektron Xəbər Xidməti "itc.ua" saytına istinadən yazır ki, "2015-ci il ərzində dünyada 552.2 milyon "LTE" abunəçisi qeydə alınıb" - "GSA" rəsmisi bildirib. "Bütün dünyada "LTE" rabitə texnologiyası digər mobil rabitə sistemləri ilə müqayisədə daha sürətli inkişaf edir. 2015-ci ilin 4-cü rübündə "LTE" şəbəkəsində təxminən 156 milyon qoşulma qeydə alınıb. Bu, "3G/HSPA" sistemləri ilə müqayisədə 75% çoxdur" - assosiasiya rəsmisi qeyd edib. 2020-ci ildə "LTE" və "LTE-Advanced" şəbəkəsi abunəçilərinin sayının "3G/WCDMA-HSPA" sistemlərinin ümumi qlobal göstəricisini ötəcəyi gözlənilir. 386 milyon abunəçiyə malik Çin ən böyük "LTE" rabitə bazarıdır. Müvafiq göstərici üzrə Şimali Amerika bazarı (237 milyon abunəçi) ikinci, Avropa bazarı isə üçüncü pillədə qərarlaşıb.