Müharibələrə xərclənən vəsait barədə dəhşətli statistika

Savaşa humanitar yardımlara xərclənən məbləğdən 130 dəfə çox pul sərf olunur

Dünyadakı insanların çoxunun qarşılaşdığı ən böyük təhlükələrdən biri də yoxsulluğun, aclığın səbəb olduğu ölümlərdir. Başda Afrika olmaqla, dünyanın fərqli ölkələrində yoxsulluq getdikcə artır. Dünyada 840 milyon insan heç bir gəliri olmadığı üçün aclıqdan əziyyət çəkir, 3 milyarda yaxın insan günlük 2 dollar qazanc ilə yaşamağa çalışır. Hər il 10 milyon uşaq aclıqdan yaranan, lakin asanlıqla müalicə edilə biləcək xəstəliklər səbəbindən vəfat edir. Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Aysel Vəlizadə bildirib ki, BMT-nin hazırladığı son hesabatda da 805 milyon insanın aclıqdan əziyyət çəkdiyi, hər 5 yaşdan kiçik təxminən 6 milyon uşağın acından öldüyü göstərilir: "Afrikada hər 4 nəfərdən birinin xroniki aclıq yaşadığı, Asiyada isə 526 milyon insanın aclıqdan əziyyət çəkdiyi qeyd olunur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jak Diuf, xüsusilə, Afrikada vəziyyətin getdikcə pisləşdiyini, müharibələrin təsiri ilə kənd təsərrüfatı məhsullarında 52 milyard dollarlıq zərər yarandığını qeyd etmiş və "Bu məbləğ son 30 ildə xaricdən edilən yardımın 75 faizini təşkil edir. Bu bölgələrdə qarışıq və müharibələr olmasaydı, 330 milyon insan daha yaxşı qidalanma imkanına sahib olacaqdı" - deyə bildirmişdir. Jak Diuf aclığa səbəb olaraq müharibələri və var-dövlətin ədalətsiz şəkildə paylandığını göstərir. Həqiqətən də müharibələrə xərclənən pullara baxdıqda bunun doğruluğunun özümüz də şahidi oluruq. Müharibələr üçün insani yardımlara xərclənən məbləğdən 130 dəfə çox pul xərclənir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) və BMT-nin hesabatına görə keçən il dünyada hərbi xərclər 1,75 trilyon dollar təşkil etdiyi halda, BMT insani yardım üçün 13 milyard dollar istəmişdir. Birləşmiş Ştatlar, Çin, Rusiya, hətta Afrika ölkələrinin bəziləri silahlanmaya milyardlarla dollar vəsait ayırırlar. BMT-nin 5 əsas üzvü təşkilatın qurulma səbəbinə zidd olaraq 2013-cü ildə ən çox silah ixrac edən ölkələr sırasında sözügedən dövlətlər ilk altılıqda yer aldı". Aysel Vəlizadə deyir ki, silaha, müharibələrə milyardlar xərclənərkən bir tərəfdə də səfalətdən, aclıqdan minlərlə insan ölür: "Hər dəqiqə 18 nəfər aclıqdan həyatını itirir. Həmin müddət ərzində dünyaya gələn 250 körpədən 11-i ac olaraq aramıza qoşulur. Jak Diufun qeyd etdiyi digər mühüm məqam var-dövlətin ədalətsiz şəkildə paylandığı, insani yardımlara yetəri qədər pul verilmədiyi idi. O, əgər hər il insani yardımlara 24 milyard avro əlavə olunmazsa, dünyadakı ac insanların sayını azalda bilməyəcəklərini bildirir. "Forbes" jurnalının bu ilki zənginlər siyahısına baxdığımızda isə 1645 nəfər milyarderin milyardlarla dollar maddi sərvətin sahibi olduğunu görürük. Dünyadakı aclığın səbəbi nə əhalinin çoxluğu, nə də bunları təmin edəcək resursların azlığıdır. Məsələn, Afrika qitəsi aclığın ən çox yaşandığı yer olsa da, Afrika ölkələri neft və təbii qaz ehtiyatları, filiz faydalı qazıntılar, qızıl, almaz, daş-kömür ehtiyatları ilə zəngindir. Afrika qitəsi dünyanın qızıl ehtiyatının 90 faizinə sahibdir. Qitədən hər il 8,5 milyard dollar dəyərində almaz çıxarılır. Yəni qitədə aclığa son qoyacaq qədər". İctimai Birlik rəsmisi deyir ki, 2010-cu ildə aparılan bir arasdırmada piylənmədən ölənlərin sayının aclıqdan ölənlərin sayından 3 dəfə çox olması göstərilir: "Dünyanın bir üzündə insanlar acından ölərkən, digər üzündə isə haqqı olandan çoxunu yeməkdən ölürlər. Bəs səbəb nədir aclığa? BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jak Diufun da qeyd etdiyi kimi, maddi sərvətlərin doğru paylanmamasıdır".

Göründüyü kimi dünyada bir ədalətsizlik, regional və maddi maraqlar səbəbindən insanların həyatına bais olmaq kimi mənfi bir tendensiya mövcuddur. Çox təssüflər olsun ki, dünyada sülh və təhlükəsizlik üçün çlışdıqlarını bəyan edən beynəlxalq təşkilatlar da bu tendensiyaya son qoymaq marağında deyillər. Bu biganəlik isə hər ötən gün onlarla insan həyatına son qoyur.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00