Milyarder edamdan xilas ola bilər: nazirdən TƏKLİF
9 Mart 2016 12:09 DünyaTürkiyə vətəndaşı olan Azərbaycan əsilli iş adamı Rza Zərrabın şəriki, iranlı biznesmen Babək Zəncani haqqında İran dövləti tərəfindən çıxarılan edam qərarı ləğv oluna bilər. Publika.az bildirir ki, bu barədə İranın ədliyyə naziri Mustafa Pur Muhammedi deyib. Nazir deyib ki, əgər Babək Zəncani dövlətə olan 2,8 milyard dollar borcunu ödəyərsə, o zaman məhkəmənin çıxartdığı edam qərarı dəyişdirilə bilər: "Bunun üçün Babək Zəncani ilk növbədə pulları geri qaytarmalıdır. Biz yalnız həmin pulların dövlətin bank hesabına qaytarıldığını gördükdə Babək Zəncaninin bizimlə əməkdaşlıq etdiyini anlayacağıq. Ancaq hələlik onun İran dövləti ilə heç əməkdaşlığını görmədik. O, pulları bizə qaytarmalıdır". Xatırladaq ki, İran məhkəməsi Babək Zəncani haqqında edam qərarı çıxarıb. O, İran dövlətinin 2 milyard 800 milyon dollar pulunu mənimsəməkdə ittiham olunur.