Miqrantlar ağızlarını tikdilər
3 Mart 2016 11:54 DünyaFransanın Kale şəhərinin yaxınlığındakı miqrant düşərgəsində toqquşmalar davam edir. İrandan olan 5 miqrant çadırlarını polis dağıdandan sonra ağızlarını sapla tikib. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, miqrantlar bu minvalla Fransanın hakimiyyət dairələrinin onları eşitmək istəmədiklərini göstərmək istəyirlər. Polis Kaledəki miqrant düşərgəsini dağıdır. Miqrantlar əllərində plakatlar tutaraq etiraz edirlər. Plakatlarda "Haradadır demokratiyanız? Haradadır azadlığımız?", "Ölkəmi tərk etdim, insan haqlarını arayaraq buraya gəldim, amma burada da tapmadım" yazılıb. Fransa polisi Kale yaxınlığında yerləşən və "Jungle" ("Cəngəllik") adlanan düşərgəni martın 1-də dağıtmağa başlayıb. Miqrantlar etiraz edəndə isə polis gözyaşardıcı qaza əl atıb. Düşərgədə minimum 2 min miqrantın yaşadığı bildirilir. Buradakı miqrantların Fransada qalmaq niyyətləri yoxdur. Onlar Britaniyaya keçməyə can atırlar.