Ermənistanın silahlanması bölgə və beynəlxalq təhlükəsizlik üçün təhdiddir

Hatəm Cabbarlı: “Bu ölkə bütün parametrlər üzrə hərbiləşdirilmiş dövlətdir”

Son günlər cəbhə xəttində atəşkəsin pozulması halları və erməni təxribatı artmağa başlayıb. Əvvəlki aylara nisbətən atəşkəs rejimini daha intensiv şəkildə pozan Ermənistanın cəbhədə yeni-yeni təxribatlara əl atması təsadüfi sayılmır. Belə ki, bir neçə gün əvvəl yayılan məlumatlarda qeyd olunur ki, Rusiya Federasiyası Ermənistana hərbi texnika, silah-sursat almaq üçün 200 milyon dollar kredit ayırıb. Məhz bu səbəbdən ermənilərin cəbhə xəttində yeni-yeni təxribatlara əl atdığı bildirilir. Bəs görəsən Ermənistanın silahlanması region üçün hansı təhlükələr vəd edir? Eləcə də Rusiyanın işğalçı ölkəyə silah almaq üçün kredit ayırması həmsədrlik prinsipinə nə dərəcədə uyğundur. Bu və ya digər suallarla bağlı Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlıya müraciət etdik.

-Hatəm müəllim, Rusiyanın Ermənistana silah almaq üçün kredit ayırması regionda gərginliyin artmasına nə dərəcədə təsir göstərə bilər?

-Ermənistan müstəqilliyinin ilk illərində bölgə və beynəlxalq aləmdə cərəyan edən təhdidləri fürsət kimi dəyərləndirərək, qarşılaşdığı sosial, iqtisadi və təhlükəsizlik problemlərini həll etmək əvəzinə, militarist siyasət həyata keçirərək dövlətin möhkəmləndirilməsi, demokratiya, insan haqlarının qorunması və inkişaf etdirilməsi, vətəndaşlarının sosial rifah halını yüksəldilməsi fürsətini əldən vermişdir. Bu gün Ermənistan bütün parametrlər üzrə hərbiləşdirilmiş dövlətdir, bölgə və beynəlxalq təhlükəsizlik üçün təhdiddir. Ermənistan mütəmadi olaraq hərbi büdcəsinin artırır. Bu ölkənin hərbi büdcəsi 2001-ci ildə 65, 2002-ci ildə 75, 2003-cü ildə 82, 2004-cü ildə 60, 2005-ci ildə 100, 2006-cı ildə 150, 2007-ci ildə 263, 2008-ci ildə 382.3, 2009-cu ildə 495.3, 2010-cu ildə 402.8, 2011-ci ildə 387, 2012-ci ildə 400, 2013-cü ildə 450, 2014-cü ildə 472, 2015-ci ildə 450, 2016-cı ildə 430 milyon dollar olmuşdur. Bundan başqa Ermənistan müttəfiqlərindən dünya silah bazarındakı qiymətlərdən daha ucuz qiymətə müasir silahlar alır ki, bu da onun hərbi büdcəsinin yuxarıda qeyd edilən məbləğlərdən daha yüksək olmasına dəlalət edir. Bir neçə gün bundan əvvəl Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan ATƏT-in Vyanada hər beş ildən bir keçirilən "Müdafiə doktrinası yanaşması" seminarında ölkəsinin müdafiə doktrinasında bəzi dəyişikliklər edilə biləcəyini bildirib. David Tonoyan əvvəlki doktrinada qəbul edilən "passiv müdafiə" sistemi yerinə "qarşısını alma, önləmə" (Deterrence system) sisteminə keçə biləcəklərini, bu sistemin mahiyyətində refleks və önləyici prinsiplərin olduğunu vurğulamışdır. Refleks və önləyici prinsiplərin qeyd edildiyi müdafiə doktrinasna sahib dövlətlər ənənəvi olaraq militarist dövlətlərdir. Bunu beynəlxalq münasibətlər sisteminin son 30 illik tarixinə diqqət yetirdikdə görmək mümkündür. Tonoyan təxminən 25 ildir ölkəsinin "passiv müdafiə doktrina" həyata keçirdiyini, bunu zəiflik kimi dəyərləndirən Azərbaycanın "aqressiv siyasət" həyata keçirməyə çalışdığını, ölkəsinin yeni "qarşısını alma, önləmə" müdafiə sisteminə keçmələri ilə Azərbaycandan hiss etdikləri təhdidin qarşısını almağa çalışdıqlarını bildirmişdir. Tonoyan Vyanada keçirilən seminarda Birləşmiş Ştatlar Dövlət Katibinin Silahlar və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Rouz Qottenmüller ilə də görüşüb və dövlətinin silahlanmayı artırmayacağı barədə öhdəliyini yerinə yetirəcəyini bildirib.

-Ermənistanın Rusiyanın dəstəyi ilə hərbi texnika alması ilə bu ölkənin hərbi sistemində hansı üstünlüklər müşahidə ediləcək?

-Məlum olduğu kimi bu günlərdə Ermənistan Rusiyadan aldığı 2018-ci ildən başlayaraq on il müddətinə ödəyəcəyi 200 milyon dollarlıq idxal krediti ilə bu ölkədən hücüm xarakterli yaylım atəşi açan "Smerç", "İqla-S" zenit raket kompleksi, yerüstü radiotexniki kəşfiyyat apara bilən "Avtobaza-M" maşını, od püskürən "TOS-1A" sistemləri, tank əleyhinə idarə edilən "Konkurs-M" raketi, "RPQ-26" qranamyotları, "Draqunov" snayper vintovkası, "Tiqr" zirehli maşını, mühəndislik və rabitə texnikası alır.

-Bəs Ermənistanın silahlanmasını beynəlxalq birlik nə üçün səssiz qarşlayır?

-Təssüflər olsun ki, Birləşmiş Ştatlar və Qərb dünyası Ermənistanın silahlanmasını sükutla qarşılayırlar. Ermənistanın hücum xarakterli silahlara sahib olması Dağlıq Qarabağ problemidə status-kvonun və bölgə təhlükəsizliyinin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər.

-Bəs belə bir situasiyada Azərbaycan hansı addımı atmalıdır? Ümumiyyətlə, Azərbaycanın mövqeyi necə ola bilər?

-Azərbaycan müstəqilliyini elan etdikdən bu günə qədər heç bir dövlətin ərazi bütünlüyünə qarşı nə siyasi, nə də hərbi ritorika ilə çıxış etməyib. Hər zaman beynəlxalq tribunalardan bölgənin təhlükəsizlik problemlərini dilə gətirərək, bu problemlərin beynəlxalq hüququ prinsip və normaları çərçivəsində sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. Bu gün də Azərbaycan problemin danışıqlar yolu ilə sülh şəraitində həllində maraqlıdır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00