Qatil, bu insanlara cavab ver
1 Mart 2016 14:17 Dünya"Qatil, bu insanlara cavab ver! Hakimiyyətdə oturubsansa, axan qanları, güllələnən insanların nalələrini unutduğumuzu düşünürsən?!"
Bunu qışqıran 65 yaşlı erməni qadını polis sürüyərək aparıb və maşına mindirib. Qadın polis idarəsində dindiriləcək, sonra da çox yəqin, onu hansısa cinayətdə suçlayacaqlar.
Həmin erməni qadının yeganə "cinayət"i isə oğlu Zakar Hovanisyanı qətlə yetirənlərin cəzalandırılmasını tələb etməsi idi.
Bu gün Yerevanda, Prezident Administrasiyasının binasının qarşısında etiraz aksiyasını keçirmək istəyənləri polis qovub, döyüb, pərən-pərən salıb.
Myasnikyanın abidəsinin qarşısında aksiya keçirmək istəyənlərə də polis zor tətbiq edib.
Həmin adamlar 2008-ci ilin martın 1-də, Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra saxtakarlığa etiraz edərək küçələrə çıxan on minlərlə erməninin gülləbaran edilməsi nəticəsində həlak olanların qatillərinin cəzalandırılmasını tələb edirdilər.
8 il əvvəl, martın 1-də Yerevandakı aksiyalarda David Petrosyan, Tiqran Xaçatryan, Tiqran Abqaryan, Lüsine Farmanyan, Ohanes Ohanesyan, Hamlet Tadevosyan, Qriqor Gevorkyan, Samvel Harutyunyan və Zakar Hovvanisyan qətlə yetirilmişdilər.
Martın 1-dəki cinayətlərə görə kimsə cinayət məsuliyyətinə cəlb olunmayıb, həbs olunmayıb, cəzalanmayıb.
2008-ci ildə keçirilmiş prezident seçkilərinin ucdantutma, total saxtalaşdırılması nəticəsində Serj Sarkisyan dövlət başçısı seçilmişdi. Saxtakarlığa etiraz edən ermənilərin Yerevan küçələrindəki yürüşü isə qan gölündə boğulmuşdu.