"Avropa Ərdoğana yalvarır"
25 Fevral 2016 16:05 DünyaMacarıstanın baş naziri Türkiyədən asılı hala düşdüklərini deyib. "Avropa İttifaqı Ərdoğana yalvarır". Anspress-in məlumatına görə, bu sözləri Macarıstan respublikasının baş naziri Viktor Orban Almaniyanın "Bild" qəzetinə müsahibəsində deyib.
Baş nazirin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla uzun müddətdir ki, yaxın dostluq münasibəti var. "Bizim Türkiyə ilə münasibətlərimiz möhkəm və qarşılıqlı güvən prinsiplərinə əsaslanır. Lakin bundan asılı olmayaraq mən Avropa İttifaqının türklərin yanında dilənçi formasına düşdüyü fikrindəyəm. Pul və verilən vədlər qarşılığında özümüzün qoruya bilmədiyimiz sərhədlərimiz üçün boyun əyib Ərdoğana yalvarırıq. Lakin bu, çox düzgün siyasət ola bilməz. Bu siyasət Avropanın gələcəyini və təhlükəsizliyini Türkiyənin istəyindən asılı bir hala gətirir", - deyə nazir bildirib.
Həmçinin Orban onu da əlvə edib ki, Brüssel Türkiyəyə yerinə yetirə bilməyəcəyi, ya da yetirmək istəmədiyi sözlər verir. Türkiyədən 100 minlərlə miqrantı alaraq Avropa Birliyi ölkələri arasında paylamaq planının boş bir xəyaldan ibarət olduğunu söyləyən nazir "mən bu plana səs versəm, məni Budapeştdə işıq dirəyindən assınlar", - deyə vurğulayıb. "Heç bir AB ölkəsi bunu etməyəcək".
Almaniya kansleri Angela Merkel miqrant böhranının həlli üçün miqrantların Avropa Birliyi ölkələrinə paylaşdırılması üçün kontingent yaradılması təklifini irəli sürüb. Lakin başda Fransa olmaqla bir çox Aİ ölkələri bu təklifə qarşı çıxıb.
2015-ci ilin noyabrında Avropa Komissiyasının Türkiyə üzərindən əldə olunmuş razılıq planına görə, Avropa rəsmi Ankara qarşısında 3 öhdəlik götürüb. Bunlar 3 milyard dollar maliyə dəstəyi, Aİ-yə üzvlük müddətinin sürətləndirilməsi, türk vətəndaşlarına Şengen bölgəsində sərbəst hərəkət haqqının verilməsidir.
Bütün bu şərtlərin yerinə yetiriləcəyi halda Türkiyə Egey dənizi sahillərində təhlükəsizlik tədbirlərini gücləndirəcək və miqrantların Türkiyədə işləməsinə və həyat şəraitinin yüngülləşdirilməsinə dair söz verib.