“Samsung” malları satış üçün olmayan mağaza açdı
23 Fevral 2016 18:58 DünyaNyu-Yorkda "Samsung" şirkətinin yeni mağazası açılıb. İKT.lent.az-ın "Fortune" nəşrinə istinadən verdiyi məlumata görə, bu mağazadakı məhsullar satış üçün nəzərdə tutulmayıb. "Samsing 837" adlanan mağazanın ərazisi 5 min kv. metrdir və şəhərin tarixi Aşağı Manhetten ərazisində yerləşir. Şirkətdən bildirirlər ki, belə bir fikrə səbəb digital marketinq platformasını yaratmaq və Cənubi Koreya texnologiya şirkətinin üstünlüklərini nümayiş etdirməkdir. "Biz müştərilərimizə öz məhsullarımızı sırımaq istəmirik", - deyə "Samsung 837" mağazasının baş meneceri Zak Overton nəşrə müsahibəsində bildirib. Mağazanın 3 mərtəbəsini 96 ədəd 55 düym diaqonal ekranlı "Samsung" televizorlarından ibarət displey təşkil edir. Həmçinin mağazada 90 nəfərlik tamaşaçı zalına malik teatr da mövcuddur. Bundan başqa, burada "Samsung" şirkətinin texniki avadanlığı ilə təchiz olunmuş bədii qalereya, kafe, audiovizual studiya və nümayiş mətbəxi var.
Qeyd edək ki, bu günə qədər eyni formata bənzər mağazaya ancaq "Apple" şirkəti sahib idi.