Smart-saatların satışı İsveçrə saatlarını geridə qoydu

2015-ci ilin dördüncü rübündə "ağıllı" saatlar satışına görə ilk dəfə olaraq İsveçrənin mexaniki və kvars saatlarını geridə qoyub.

İKT.lent.az-ın "MarketWatch" nəşrinə istinadən məlumatına görə, bu barədə "Strategy Analytics" analitik şirkətinin hesabatında məlumat verib.

Hesabata əsasən, 2015-ci ilin son 3 ayında dünyada 8,1 milyon ədəd smart saat satılıb. Həyata keçirilən satışın əsas hissəsi - 83 faizi "Apple Watch", 16 faizi isə "Samsung" smart-saatlarının müxtəlif modellərinin payına düşüb. Bu müddət ərzində İsveçrə istehsalı olan mexaniki və kvars saatlarının istehsalı isə 7,9 milyon ədəd təşkil edib.

"9to5mac" portalı qeyd edir ki, 2014-cü ilin dördüncü rübü ilə müqayisədə smart-saatlarının satışı 316 faiz artıb. Bazarın sürətli artımının əsas faktoru ötən ilin yaz aylarında "Apple Watch" smart-saatlarının bazara çıxarılmasıdır.

Eyni zamanda 2014-cü ilin sonlarında İsveçrə saatlarının satışı 8,3 milyon ədəd olub ki, bu da ötən ilki dövrlə müqayisədə 5 faiz çoxdur.

"MarketWatch" nəşri qeyd edir ki, klassik modellərə tələbatın belə düşəcəyi öncədən proqnozlaşdırılan idi. Buna əsas səbəb kimi Çində, Honkonqda bu saatlara tələbatın azalması və İsveçrə frankının güclənməsi göstərilir.

Rüblük göstəriciləri şərh edərkən "Strategy Analytics" şirkətinin icraçı direktoru Nil Mauston qeyd edib ki, İsveçrə istehsalçıları "ağıllı" saatlar bazarının inkişafına olduqca zəif reaksiya verirlər.

Ancaq qeyd etmək lazımdır ki, bəzi İsveçrə saat şirkətləri smart-saatlar bazarına çıxmağa cəhd edirlər. Misal üçün, "Tag Heuer" şirkəti ötən ilin noyabr ayında "Intel" və "Google" şirkətləri ilə birgə istehsal edilmiş bazara "Connected" smart-saatlarını çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00