Ermənistanda mühacirət artıq bütün ağlagələn miqyasları keçərək ümummilli fəlakətə çevrilib. İmkanı olan qaçır.
Ermənistan Mərkəzi Bankının sabiq sədri Baqrat Asatryan Yerevanda keçirdiyi mətbuat konfransında belə deyib.
Milli.Az "Haykakan Jamanak"a istinadən bildirir ki, onun sözlərinə görə, Avropa Birliyinin Ermənistanda reallaşdırdığı "Dairəvi miqrasiya və reinteqrasiya" proqramının həyata keçirilməsinə ayırdığı 1 milyon avro çoxdan başa çatıb.
İki il əvvəl başlanan proqramın məqsədi Ermənistanı tərk edənlərin sayının azaldılması idi. Fəqət, proqram effekiv olmayıb.
Əksinə, Ermənistandan gedənlərin sayı daha da artıb.
Ekspertlərin hesablamalarına görə, kütləvi mühacirət və vətəndaşların ölkəni tərk etməsinin ümummilli "idman növü"nə çevrilməsi nəticəsində yaxın 5-7 ildə Ermənistanın əhalisi yarıbayarı azala bilər.

"Həqiqəti demək gərəkdir: ermənilər ağlaşırlar, hakimiyyət isə susur və sanki, heç nəyi görməyən kor kimi davranır. Demoqrafik fəlakətdəyik, əhalinin sayı sürətlə azalır. Belə davam edərsə, müstəqil dövlət tarixində ilk dəfə olaraq Ermənistanda ölənlərin sayı doğulanların sayını üstələyəcək. Ölkədə reproduktiv yaşda olan qadınların sayı da sürətlə azalır. Yəni sadə dildə desəm, ölkədə nə kişi qalır, nə də doğa biləcək qadın", - Baqrat Asatryan söyləyib.
Yerevanda çıxan "Hraparak" qəzeti isə bugünkü sayında yazıb ki, beynəlxalq təşkilatların ölkədə keçirdikləri son sorğuların nəticələrinə görə, təqribən 1 milyon erməni gələcəyini ölkədən kənarda görür. Onların tam əksəriyyəti Avropa Birliyi ölkələrində yaşamaq istəyirlər.
Bütün bunlar azmış kimi, Rusiya Ermənistanda "Sooteçestvenniki" ("Həmvətənlər") proqramını həyata keçirməyə davam edir. Rəsmi Yerevan bu proqrama etiraz etsə də, Rusiya ucuz işçi qüvvəsinə ehtiyac duyduğundan Ermənistan vətəndaşlarını miqrant qismində cəlb edir, onları şirnikləndirir.
"Çox ağır vəziyyətdəyik. Miqrasiyanın hədsiz sürətlənməsi Ermənistanı gələcəksiz qoya bilər", - "Hraparak" yazıb.
Tanınmış erməni iqtisadçı-ekspert Vardan Bostancanyan "Ynker"ə verdiyi müsahibəsində deyib: "Ermənistanda miqrasiyanın miqyası artıq milli təhlükəsizliyi təhdid edən məsələyə çevrilib. Əgər boşalmış, viran ölkəyə çevrilmək istəmiriksə, bu problemi həll etməliyik".
Rəsmi statistika da ölkədə demoqrafik vəziyyətin çox pis olduğunu təsdiqləyir.
Belə ki, ötən il Ermənistanda 41815 nəfər doğulub, 27835 nəfər ölüb. Doğuşlarla ölümlər arasındakı fərq cəmi 13980 nəfərdir və bu rəqəm də ölkə əhalisinin ötən il cəmi 14 min nəfər artdığını göstərir.
Ermənistanın Milli Statistika Xidmətinin hesabatında bildirlir ki, bu, 2008-ci ildən bəri ən aşağı göstəricidir.
Ermənistanı tərk edənlərin sayı artır, doğuşların sayı azalır, ölümlər çoxalır və bu minvalla demoqrafik situasiya ağırlaşır. Bütün bunlarla yanaşı, Ermənistanda əhalinin orta yaş həddi də artır.

İş o yerə çatıb ki, Ermənistanın Tavuş, Sünik, Vayoszor və Lori vilayətlərində ötən il, ümumiyyətlə, əhali artımı olmayıb.
Ermənistanı son illərdə tərk edənlərin rəsmi sayı(statistika real vəziyyətin, sadəcə, çox az qismini səciyyələndirir:
2015 - 13 980 nəfər
2014 - 15 371
2013 - 14 594
2012 - 14 881
2011 - 15 417
2010 - 16 904
2009 - 16 938
2008 - 13 773
Toplam: 121 858 nəfər.