ABŞ iki ayağını bir başmağa dirədi: Türkiyədən növbəti tələb
23 Fevral 2016 15:40 DünyaABŞ növbəti dəfə Türkiyədən terror təşkilatı PKK-nın Suriya qolu PYD-yə qarşı bobardmanı dayandırmağı tələb edib. Avropa.info bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bu tələbi keçirdiyi mətbuat konfransında səsləndirib. Terror təşkilatı YPG-nin PKK ilə əlaqəsi olmadığını iddia edən Toner Türkiyənin narahatlığını anladıqlarını, bununla yanaşı, YPG-nin Hələb ətrafındakı mövqelərinin vurulmasından da narahat olduqlarını deyib. Bir jurnalistin "PYD/YPG-nin Əsədlə əməkdaşlıq etdiyinə inanırsınızmı?" sualına Toner belə cavab verib. "Açıqcası mən bu haqda bir şey deyə bilmərəm. YPG-nin Hələb ətrafında torpaq ələ keçirməyə istiqamətli hərəkətlərini görürük. Lakin YPG İŞİD-lə mübarizədə çox təsirli bir vasitədir".
Qeyd edək ki, bir neçə gün bundan öncə ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin (NCTC) 2014-cü ildə PYD/YPG-ni terror siyahısına saldığı, 2015-ci ildə isə bu terrorçu təşkilatı terror siyahısından çıxartdığı bəlli olub.