PKK-nın Türkiyə ilə bağlı yeni planları
Terror təşkilatı Novruz bayramı ərəfəsində Türkiyəni yenidən hədəfə almağı planlaşdırır
23 Fevral 2016 13:33 DünyaAnkara terroru bir daha təsdiq etdi ki, Türkiyənin əzəli düşməni olan PKK terror təşkilatı hələ də qardaş ölkəyə qarşı amansızdır və fürsət düşdükcə ona zərbə vurmağa çalışır. Baxmayaraq ki, Türkiyə hökumətinin kürd açılımından sonra PKK-nın silahı yerə qoyacağı və artıq terror aksiyaları həyata keçirməyəcəyi ehtimal olunurdu. Ancaq o ərəfədə birmənalı olaraq o da qeyd edilirdi ki, Qərb, Avropadakı müəyyən dairələr, xüsusilə də Türkiyənin inkişafını istəməyən dövlətlər üçün PKK-nın silahı yerə qoyması qəbul edilən deyil. Həmin dairələr maksimum dərəcədə çalışacaqlar ki, barış sürəci və kürd açılımına zərbə dəysin. Gözlənildiyi kimi buna da nail olundu. Artıq PKK və Türkiyə arasında savaşın yeni bir mərhələsi başlayıb. Hər halda son Ankara terroru belə deməyə əsas verir. Bu arada yayılan digər xəbərlərdə terror təşkilatının Türkiyəyə qarşı daha genişmiqyaslı əməliyyatlara hazırlaşdığı bildirilir. Artıq bu barədə məlumatlar Türkiyənin kütləvi informasiya vasitələrində də özünə yer tapıb.
Türkiyənin Doğan Yayın Qrupunun ən mühüm mətbu orqanlarından biri kimi tanınan "Azadlıq" qəzetinin xəbərinə görə, PKK Şərqi Anadolu bölgəsində genişmiqyaslı əməliyyatlara hazırlaşır. İddia edilir ki, terror təşkilatı həyata keçirdiyi əməliyyatlar zamanı istifadə edəcəyi texnika, silah-sursatı İqdırdan keçməklə Türkiyənin mərkəzi şəhər və vilayətlərinə daşıyacaq.
Digər bir mətbu orqan "Hürriyət" qəzeti də PKK-nın Novruz bayramı ərəfəsində aktivləşəcəyi və Türkiyənin müxtəlif bölgələrində terror aksiyaları həyata keçirəcəyi barədə məlumatlar yayıb. Bildirilir ki, PKK-nın Novruz bayramı ərəfəsində həyata keçirməyi nəzərdə tutduğu terror aktlarının əsas hərəkətverici qüvvəsi Dəməşqdə təlim keçmiş terrorçular olacaq. Artıq Türkiyənin güc strukturlarında da bu barədə məlumatın olduğu və PKK-nın yeni fəaliyyət planını ehtiva edən məlumatların olduğu materialların 81 vilayətin təhlükəsizlik qurumlarına göndərildiyi qeyd edilir. Terrorçuların bir qisminin isə Şimali İraqdakı düşərgələrdə kəşfiyyat, bomba təhsili, silahlı hərəkət, pusqu qurnaq, xəndək qazmaq kimi təlimlər keçdiyi məlum olub. PKK terror aksiyaları keçirməklə yanaşı ilkin mərhələdə xalq qiyamına hazırlıq işləri də həyata keçirəcək.
Hətta separatçı terror təşkilatının bir çox vilayətdə eyni anda qiyam etməyə cəhd göstərməsi məqbul sayılıb.
PKK-nın ən təhlükəli hücumlarının isə 9 ölüm fədaisi tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Separatçı terror təşkilatının qarşıdurmaları böyük şəhərlərə daşıyacağı istisna edilmir. Hətta PKK / KCK terror təşkilatlarının canlı bombaların Türkiyəyə göndərildiyi də xəbər verilir. Əldə olunan araşdırma materiallarına əsasən PKK-nın canlı bombalarından 9 nəfəri cari ilin yanvar ayında qeyri-qanuni yollardan istifadə etməklə Türkiyəyə daxil olub. Hazırda onlar terror aksiyaları həyata keçirmək üçün təşkilatın rəhbərliyindən təlimat gözləyirlər. PKK-nın şəhərlərdəki gənclik qruplaşması sayılan YDG-nın də Novruz inqilabında fəal olacağı istisna edilmir. Son dövrlərdəki əməliyyatlardan sonra böyük itkilər verməsinə baxmayaraq Türkiyəyə qarşı hələ də düşmənçiliyini davam etdirən terror təşkilatına bu işdə yaxından dəstək verən ölkələrdən biri kimi Rusiyanin adı çəkilir. Məlumata görə, Türkiyəyə Rusiya ərazisindən keçməklə daxil olan terrorçular Rusiya silahları ilə də təchiz edilib. Terrorçuların bu dəfə Mülki Müdafiə Birlikləri adlı təşkilatda birləşəcəyi bildirilir. Təşkilatın rəhbər strukturunu PKK-nın şəhər qolu tutduğu halda, əsas hərəkətverici, təxribatçı dəstələrini isə dağdan şəhərə gələn terrorçular təşkil edəcək.
Təşkilatın Rusiyadan əldə etdikləri silahların İqdırdan Türkiyəyə keçirilərək xalqa paylanacağı planlaşdırılır. Xalqa paylanacaq silahlarla isə Novruz bayramı ərəfəsində Türkiyədə qarşıdurma yaradılacaq. Hər halda son proseslər, xüsusilə Ankara terroru terror təşkilatının belə bir planının olduğunu deməyə əsas verir.
Füzuli