Saakaşvilinin böyük iddiası
23 Fevral 2016 07:25 DünyaGürcüstanın keçmiş prezidenti, hazırda Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili deyib ki, onun Ukraynada iddiaları baş nazir postundan daha böyükdür.
Tbilisinin "Rustavi 2" telekanalına müsahibəsində Saakaşvili belə deyib:
"Mənim iddiam yeni oyun qaydalarının möhkəmlənməsidir, Ukrayna hökumətinin başçılığı ilə yeni siyasi elitanın yaradılmasıdır".
O qeyd edib ki, ətrafına "çoxlu gənc, perspektivli parlament üzvünü, QHT nümayəndəsini, jurnalisti, müxtəlif regionların liderlərini, nazir müavinlərini və bir-iki nazir" toplayıb.
"Bu insanlar bir niyyətlə birləşiblər - ölkədə hər şeyi dəyişdirmək", - deyə Saakaşvili əlavə edib.
Jurnalistin "bəs bu birlik parlament seçkilərində iştirak edəcək yeni partiyaya çevrilə bilərmi" sualına cavab olaraq Saakaşvili deyib ki, bu, partiya deyil, "təxminən vaxtilə Polşadakı "Solidarnost" və Gürcüstandakı "Vahid Milli Hərəkat" kimi bir hərəkatdır. İndi bizim əsas vəzifəmiz elə etməkdir ki, hakim elita çəkilib yerini yeni adamlara versin".
Saakaşvili ətrafındakı insanlardan bir çoxunun parlament seçkilərində iştirak edəcəyini də istisna etməyib.
"Ukraynanın indiki hökuməti ona görə getməli deyil ki, mən onun yerinə gəlim. Ona görə getməlidir ki, Ukraynada bütün postsovet, oliqarxiya və korrupsiya dəyərlərini ehtiva edən bir hökumət ola bilməz", - deyə o vurğulayıb.
Ukrayna prezidenti Pyotr Poroşenkoya gəlincə isə, Saakaşvili onu "çox yüksək səviyyəli siyasətçi" adlandırıb. ("Azadlıq Radiosu")