Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında daha bir təşəbbüs
Toğrul Allahverdili: “Rus və türk gənclərini bir araya gətirəcəyik”
22 Fevral 2016 13:51 Dünya"Hər iki dövlət arasında olan gərginliyin aradan qaldırılmasında vasitəçilik etmək üçün kifayət qədər imkanlarımız var"
Keçən ilin noyabr ayında Türkiyə hava məkanını pozan Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq Ankara və Moskva arasında gərginlik hələ də səngimir. Əksinə qarşılıqlı təhdidlər, hədə dolu bəyanatlar daha da artır. Gərgin geosiyasi vəziyyət Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporasının da əsas müzakirə mövzusudur. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili məsələ ilə bağlı fikirlərini bildirərkən qeyd edib ki, uzun illərdir siyasi, hərbi və iqtisadi sferalar olmaqla, bir çox sahədə əməkdaşlıq edən Türkiyə və Rusiya arasında son zamanlar yaranmış gərginlik Azərbaycan diasporunun da əsas müzakirə mövzusuna çevrilib. Toğrul Allahverdili Azərbaycanın hər iki ölkə ilə tarixi əlaqələrə və dostluq münasibətlərinə malik olduğunu deyib: "Yadınızdadırsa Rusiya təyyarəsinin vurulmasından bir necə gün sonra, hələ hadisənin təfərrüatları tam müəyyənləşməmiş, Türkiyənin bəzi kütləvi informasiya vasitələrində Azərbaycanın mövqeyi ilə bağlı qərəzli iddiaların səslənməsi diqqətdən yayınmadı. Aydındır ki, Türkiyə ilə Rusiya arasında yaşanan böhranın dərinləşməsini və qonşu dövlətləri də əhatə etməsini istəyən müəyyən qüvvələr ölkəmizi münaqişə tərəflərindən biri kimi görmək istəyirlər. Hər iki ölkə ilə yüksək siyasi və iqtisadi əlaqələrə sahib olan Azərbaycanın Rusiya-Türkiyə gərginliyində tərəfə çevrilməsi isə bu ölkələrin hər hansı biri ilə münasibətlərimizdə arzuolunmaz situasiyaların yaranmasına gətirib çixara bilərdi. Baxmayaraq ki, söz və ifadə azadlığının mövcud olduğu digər dövlətlər kimi, Azərbaycanda da Türkiyə ilə Rusiya arasında yaşanan insidentlə bağlı fikirlər birmənalı deyil. Türkiyənin və yaxud Rusiyanın haqlı olması, beynəlxalq hüquq normalarının hansı dövlət tərəfindən pozulması Azərbaycan cəmiyyətində geniş şəkildə müzakirə olunur." Prezident İlham Əliyevin bu məsələdə düzgün mövqe sərgilədiyini deyən ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri məsələnin yalnız danışıqlar yolu ilə həll olunmasının vacibliyindən danışıb: "Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən, sözügedən məsələ ilə bağlı dövlətimizin mövqeyini qəti şəkildə ortaya qoydu. Hər iki ölkənin Azərbaycan üçün əhəmiyyətini vurğulayan İlham Əliyev Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün əməli fəaliyyətə hazır olduğunu da qeyd edib. Beləliklə Azərbaycan Respublikasının Prezidenti özünün tərəfsizliyi və sülhpərvər mövqeyi ilə Türkiyə və Rusiya arasındakı mövcud gərginliyi körükləyən müəyyən qüvvələrdən fərqli olaraq, regionun bu iki böyük aktoru arasında qarşılıqlı əlaqələrin və mehriban dostluq münasibətlərinin yenidən bərpa olunması prosesinə önəmli töhfə verdi. Türkiyədən Qazaxıstan, Qırğızıstan və Tacikistana yük daşıyan, ancaq son hadisələrlə bağlı Rusiya-Gürcüstan sərhəddində saxlanılan türk maşınlarının Azərbaycan ərazisindən tranzit yol kimi istifadə etmələrinə icazə verilməsi də məhz Türkiyə-Rusiya münasibətlərinin normallaşması, daha da gərginləşməməsi üçün atılan addımlardandır". Toğrul Allahverdili deyir ki, hər iki dövlət arasında olan gərginliyin aradan qaldırılmasında vasitəçilik etmək üçün kifayət qədər imkanlarımız var: "Hesab edirəm ki, biz ilk növbətə rus və türk gənclərini bir araya gətirməli, dialoq yaratmalı və beynəlxalq aləmə müraciət ünvanlamalıyıq. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi olaraq biz bu missiyanı öz üzərimizə götürməyə hazırıq. Bu istiqamətdə artıq bir çox işlər görmüşük .İlk növbətə gənclər səviyyəsində və ya qeyri-hökumət təşkilatları, ya da media nümayəndələrini bir araya gətirməliyik. Bu daha yaxşı nəticəni stimullaşdıracaq. Artıq Rusiyanın aparıcı gənclər təşkilatları ilə danışıqlar aparılır, bu məsələ ilə ASGA Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayevin rəhbərliyi ilə işçi qurupu yaradılıb və fəaliyyət planı təstiq olunub. Türkiyə tərəfi ilə isə şifahi olaraq razılıq əldə etmişik. Məsələni rəsmiləşdirmək üçün mart ayının birinci həftəsi Türkiyəyə səfərim olacaq . Bu çətin missiyanın məsuliyyətini anladığımız üçün görüşün bütün detalları hər iki tərəflə razılıq əldə etdikdən sonra görüşün vaxtı və keçriləcəyi məkan açıqlanacaq. Çox guman ki, görüş Bakıda olacaq".
Kamal