Nökər pul istəyir: aşkar Moskvapərəst partiya yaradıldı

"Birləşmiş Erməni İntibahı" (BEİ)... Yerevanda keçirilmiş təsis qurultayında yaradılması barədə bəyanat verilmiş yeni siyasi partiya belə adlanır. BEİP-in təşəbbüskarı 2003-2006-cı illərdə Ermənistan parlamentinin spikeri, 2008-2014-cü illərdə ölkənin Milli Təhlükəsizlki Şurasının katibi olmuş Artur Baqdasaryandır.BEİP-in özəyini Baqdasaryanın 1997-ci ildə yaratdığı və indiyədək fasiləsiz sədrlik etdiyi "Orinas Yerkir" ("Qanun ölkəsi") Partiyası təşkil edir."Bu illər ərzində siyasi fəaliyyətimiz ermənistanda xalqın hakimiyyətinin qurulmasına və hüquq dövlətinin formalaşmasına yönəlmişdi. 20 illik siyasi mübarizəmiz göstərdi ki, Ermənistanda köklü, sistem islahatları aparmaq üçün siyasi qüvvələrin geniş konsolidasiyasına ehtiyac duyulur", - A.Baqdasaryan söyləyib.Ermənistan parlamentindəki 131 mandatdan 5-nə malik olan "Orinas Yerkir"in ətrafında 10 xırda partiya və təxminən 150 ən müxtəlif ictimai təşkilatlar birləşiblər. Hər halda həmin qurumların rəsmi açıqlamaları belədir. Onların hamısı BEİP-ə daxil olublar.Siyasi arenada heç bir perspektivləri olmayan, yalnız kağız üzərində fəaliyyət göstərən "cırtdan" partiyalar "bir sədr, bir telefon, bir masa" kateqoriyasına aiddir və onların varlığı yalnız həmin "partiya"ların sədrlərinin hansısa saytda, yaxud qəzet və telekanalda müsahibəsi görünəndə yada düşür.BEİP-ə qatılan ictimai təşkilatlara gəldikdə isə, onların tam əksəriyyəti qeyri-hökumət qurumlarıdır və fəaliyyətlərinin hədsiz dərəcədə məhdudlaşması, prezident Serj Sarkisyanın QHT-lərə "səlib yürüşü"nə başlanmasına göstəriş verməsindən sonra maliyyə resurslarının və xərclərinin ciddi şəkildə yoxlanması nəticəsində, ümumiyyətlə, bağlanmaq təhlükəsi ilə üzləşmələri bu strukturları yeni siyasi axına qatılaraq məhv olmaqdan qaçmağa vadar edib.BEİP-in təsis qurultayı başlamazdan əvvəl Rusiya mediası, xüsusilə də federal telekanallarda A.Baqdasaryanın müsahibələrinin nümayişi başlanmışdı.Rusiyanın forporst hesab etdiyi və quberniya kimi davrandığı Ermənistanda siyasi partiyanın yaranmasına belə diqqət təsadüfi deyil.A.Baqdasaryan hakimiyyətdə olduğu illərdə "Rusiyanın fiquru" kimi tanınıb, başçılıq etdiyi "Orinas Yerkir" Moskvanın Yerevandakı maraqlarını birmənalı şəkildə müdafiə edib və o, Ermənistan-Rusiya əlaqələrinin mümkün qədər aktivləşdirilməsinin tərəfdarı kimi ad çıxarıb. Daha doğrusu, A.Baqdasaryan Ermənistanın Rusiyadan asılılığına haqq qazandırmaqla məşğul olub.Onun yaratdığı "Birləşmiş Erməni İntibahı" Partiyası da Rusiya-Ermənistan əməkdaşlığını prioriteti elan edib."Xarici siyasətdə biz Rusiya ilə münasibətlərin ardıcıl tərəfdarı kimi çıxış edirik. Mövcud çətin, qarışıq geosiyasi şəraitdə Ermənistanın və erməni xalqının təhlükəsizliyinin təminatı məsələsində Rusiya həmişə ən önəmli müttəfiqimizdir. Belə olub və olacaq. Təhlükəsizlik infrastrukturumuzu birlikdə, məntiqlə, birgə səylərlə inkişaf etdirməliyik", - A.Baqdasaryan deyib.Daha sonra isə o, gözlənilən açıqlamasını verib. A.Baqdasaryanın sözlərinə görə, Ermənistanla Rusiya arasındakı siyasi gündəmin ən mühüm məsələlərindən biri Rusiyanın Ermənistandakı hərbi bazasının intensiv, genişmiqyaslı şəkildə gücləndirlməsi və modernləşdirilməsi olmalıdır: "Bu hərbi bazanın ən müasir və yeni silahlarla, hərbi texnika ilə təchizatı Ermənistanın milli təhlükəsizliyinin olduqca vacib tərkib hissələrindən biridir".Bununla belə o, Rusiyaya yalnız mənəvi baxımdan bağlı olmadığını vurğulayıb və Ermənistanın Moskvadan asılılığının da qiymətinin olduğuna işarə vurub. Baqdasaryan bildirib ki, Ermənistan iqtisadiyyatı, əsasən, Rusiya bazarına, Avrasiya İqtisadi Birliyinin məkanına istiqamətlənib: "Amma Emənistanda nə Qazaxıstanın, nə Belarusun investisiyaları yoxdur. Rusiya investisiyalarının həcmi isə sürətlə azalır. Belədirsə, iqtisadi siyasətimizi dəyişməli, onu çoxistiqamətli etməliyik".A.Baqdasaryan, beləcə, onun partiyasının gerçək müəllifinin və sahibinin - Ermənistan prezidenti Serj Sarkisyanın Moskva qarşısında qoyduğu yeni şərtləri gündəmə gətirib.

Yəni Yerevan Moskvanın nəzərinə çatdırır ki, kölə və statist rolunu bundan sonra da yerinə yetirə bilər, amma bir şərtlə: itaətin müqabilində pul verilməli, eyni zamanda kölə qorunmalı və təhlükəsizliyi təmin olunmalıdır.
Artur Baqdasaryan İranla əlaqələrin daha da fəallaşdırılmasına ehtiyac duyulduğunu vurğulayıb: "Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvindən sonra Yerevanla Tehranın münasibətlərinin böyük inkişaf perspektivləri var. Amma biz hələ də gözləyirik, ölkəmiz regional inkişaf proqramlarından kənar qalır".
... "Birləşmiş Erməni İntibahı" Partiyası aşkar Rusiyaya meylli, Moskvanın maraqlarının qorunması ilə məşğul olacağını bəyan etmiş qurumdur. Ermənistan prezidenti Serj Sarkisyan son illərdə ölkədə anti-Rusiya meyllərinin güclənməsinin qarşısını ala bilmədiyi üçün belə strukturun yaradılmasını məqbul sayıb. Eyni zamanda o, BEİP-dən faydalanmaq, nökərin xidmətlərinin haqqının vaxtında və səxavətlə ödənilməsinin "gərəkdiyi"ni də Moskvaya nümayiş etdirmək istəyir.

Orxan Hun
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00