Avropa mətbuatı islamofobiyanı körükləyir
22 Fevral 2016 09:16 DünyaAvropada, xüsusilə miqrantların bu qitəyə axınının çoxalmasından sonra islamafobiya hərəkatı sürətlənərək davam edir. ANS PRESS-in məlumatına görə, bu istiqamətdə növbəti addımı Polşada nəşr olunan "wSIECI" dərgisi atıb. Həmin dərginin cildində Avropa İttifaqının bayrağından paltar geyinmiş və zorlanmaya məruz qalan qadın şəkli yerləşdirilib. Şəklin üzərində isə, "İslamçıların Avropaya təcavüzü" yazılıb.
Dərginin bu cür yanaşması sosial şəbəkələrdə müzakirə olunub və bəziləri bunu II Dünya müharibəsi dövründəki nasizm təbliğatı ilə müqayisə edib.
Almaniyanın Köln şəhərində yeni il gecəsi baş vermiş hadisələrindən sonra bu ölkədəki bir çox mətbuorqan miqrantlara qarşı ittihamlarla çıxış etmişdi. "Focus" dərgisi isə üz qapağında yazdığı "Qadınlar şikayət edir, miqrantların təcavüzündən sonra: Çox anlayışlıyıq, yoxsa biz koruq?" başlığı ilə müsəlmanları ittiham etmişdi.
Fransada nəşr olunan satirik "Şarl Hebdo" dərgisi də bu ilin yanvar ayında islamafobiyanın qızışdırılması istiqamətində addım atmışdı. Nəşr Türkiyədə Bodrum sahillərində cəsədi aşkarlanan 3 yaşlı suriyalı mühacir Aylan Kurdini Avropadakı təcavüz hadisələri ilə əlaqələndirmişdi. "Riss" - Loren Sourissey (Laurent Sourisseau) imzalı karikaturada Aylan Kurdinin böyüyəndə Almaniaydakı təcavüzçülərdən biri ola biləcəyinə eyham vurulmuşdu. "Qaçqınlar" başlıqlı karikaturada dairənin içində Aylan Kurdinin sahildə qalan cəsədi çəkilmiş və yanında, "Kiçik Aylan böyüyəndə nə oalcaqdı?" yazılmışdı.