Roma papası Donald Trampı tənqid etdi

“Harda olursa-olsun körpülər əvəzinə sadəcə divarlar tikməyi fikirləşən insan xristian deyildir."

Katoliklərin ruhani lideri II Fransisk Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçiriləcək prezident seçkisində namizəd olan Donald Trampı tənqid edib. ANS PRESS-in məlumatına görə, Roma papası ad çəkmədən respublikaçı namizədin xristian olmadığını bildirib. Ruhani lider bu açıqlamanı, Meksika Texas əyalətinin Südad Xuares şəhərindəki dua ayinindən sonra Romaya qayıdarkən verib.   

"Harda olursa-olsun körpülər əvəzinə sadəcə divarlar tikməyi fikirləşən insan xristian deyildir. İncildə belə bir şey yoxdur. Sadəcə bu insan xristian deyildir."

Seçkidə bu düşüncəyə sahib bir insana katoliklərin səs verib-verməməsi barədə suala da cavab verən II Fransisk bu mövzulara girməyəcəyəm desə də açılaması ilə seçicilərə istiqamət verib.

"Bu mövzulara girməyəcəyəm. Sadəcə olaraq, belə sözlər deyən birinin xristian olmadığını deyirəm. Danışanda nəyi nəzərdə tutduğuna baxmaq lazımdır. Hər halda bu məsələdə şübhəliyəm."  


Trampın dini liderə cavabı gecikməyib və respublikaçı namizəd Roma papasının fikirlərinə kəskin reaksiya bildirib. Tramp həmçinin bir dini liderin insanların inanclarını sorğulamasının biabırçılıq olduğunu deyib.

"İŞİD Vatikana hücum edəndə,  - İŞİD-in belə bir hədəfi olduğunu hamı bilir - sizə söz verirəm papa sadəcə Trampın prezident olmasını arzulayacaq və bunun üçün dua edəcək. Ruhani liderin bir insanın inanclarını sorğulaması böyük bir biabırçılıqdır. Mən xristian olmağımla fəxr edirəm və prezident kimi xristianlığın daim təhdid altında olmasına izn verməyəcəyəm. Papa sadəcə siyasi fiqurdur."

Bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkisində namizəd olan Donald Tramp müsəlmanlara və meksikalılara qarşı kəskin mövqeyi ilə tanınır. Tramp prezident seçiləcəyi təqdirdə Amerikanın cənub sərhədlərinə divar tikdirərək meksikalıların bu ölkəyə girməsinin qarşısını alacağını demişdi. Həmçinin, respublikaçı namizəd prezident olacağı təqdirdə aralarında müsəlmanların da olduğu milyonlarla qanunsuz miqrantı ABŞ-dan deportasiya edəcəyini bildirmişdi.        

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00