Daha bir nüfuzlu şirkət maliyyə çətinliyi ilə üzləşib
19 Fevral 2016 07:28 DünyaAmerika Birləşmiş Ştatlarının (ABŞ) Nordstrom mağazalar şəbəkəsi investorları məyus edib. Ekspertlər şirkətin satış həcmində müşahidə olunan azalmanı buna səbəb kimi göstəriblər. Bu, eyni zamanda, Nordstromun səhmlərini 7 faiz aşağı salıb.
Şirkət rəhbərliyi bir qədər əvvəl ötən ilin 4-cü rübündə gəlirinin gözləniləndən daha az olduğunu açıqlayıb.
Şirkətin gəlirləri yanvar ayının sonuna kimi son 3 ayda 180 milyon dollar təşkil edib. Bu, ötən il ilə müqayisədə şirkətin 75 milyon dollar itirməsi deməkdir.
Ekspertlər hesab edir ki, mövsümə uyğun olmayan isti hava şəraiti və bayram bazarlıqlarının azalması mağazalar şəbəkəsini qiymətləri azaltmağa vadar edib.
Ötən il bayram bazarlığının zəif olması, eyni zamanda, Meysi və Kohls ticarət mərkəzlərinin də gəlirlərinə mənfi təsir edib.
Nordstromun 2016-cı ilin sonuna qədər daha 23 yerdə market açacağı gözlənilir.
Bundan əvvəl də bir çox nüfuzlu şirkətlər iqtisadi çətinliklər səbəbindən bir çox işçisini ixtisar etmiş və ya bu şirkətlərin səhmləri dünya birjalarında dəyərini itirmişdi.