Türkiyənin artan nüfuzuna qarşı növbəti addım-Ankara terroru

Məqsəd qardaş ölkəni kimlərinsə siyasətinin kiçik oyunçusu statusuna endirməkdir

Türkiyə yenə beynəlxalq terrorizmin hədəfindədir. Bir müddət əvvəl İstanbulda törədilən terror aktının acısı soyumamış bu dəfə qardaş ölkənin paytaxtı Ankara terrorla silkələnib. Xəbərlərdən də məlum olduğu kimi fevralın 17-də Türkiyənin paytaxtı Ankarada terror aktı törədilib. İlkin məlumatlara görə, terrakt nəticəsində 30 nəfərə yaxın şəxs həlak olub, 60-dan çox yaralı qeydə alınıb. Hələlik terrorla bağlı müxtəlif versiyalar irəli sürülməkdədir. Ancaq birmənalı olaraq Ankara terrorunun da ssenarisinin əvvəlkilər kimi Suriyada hazırlandığı şübhəsizdir. O da istisna edilmir ki, Suriyada başlanan terror hazırlıqlarının icraçıları Kandil dağından seçilib. Çünki Türkiyənin son günlər Suriya siyasəti ilə bağlı daha radikal addımlar atması nə Əsəd tərəfdarları, nə də PKK-nı razı sala bilməzdi. Ona görə də Türkiyənin Suriya planını önləmək üçün terrordan yaxşı vasitə seçilə bilməzdi. Ancaq bir məqam unudulur ki, Türkiyəni hansısa terror aktları ilə mövqeyindən döndərmək mümkün deyil. Necə ki, bu illər ərzində beynəlxalq terror şəbəkəsi bunun əyani şahidi olub. Əksinə bir Türk vətəndaşının həyatı bahasına başa gələn hansısa ölüm hadisəsinin cavabını Türkiyə dövləti qətiyyətlə verib.

Qardaş ölkədə baş verən növbəti terror aktı Azərbaycanda da həyəcanla qarşılanıb. Cəmiyyətin böyük əksəriyyəti Ankara terrorunu qəti şəkildə pisləyərək bununla Türkiyəni zəiflətməyin mümkünsüz olduğunu bildiriblər.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, Türkiyənin paytaxtı Ankara şəhərində baş verən terror hərəkəri Azərbaycanda hər bir kəsi sarsıldıb. Millət vəkili hesab edir ki, bu terror konkret insanlara qarşı deyil, Tükiyənin müstəqilliyinə, regionda və dünyada artan nüfuzuna qarşı hücumdur: "Düşmən qüdrətli ölkə ilə açıq üzbəüz gəlməkdən qorxaraq, alçaqcasına dinc əhaliyə qarşı azğın hərəkətini həyata keçirdi.

Məqsəd qardaş Türkiyəni müstəqil siyasətindən əl çəkdirmək, onun parçalanmasına yol açmaq, bu qüdrətli ölkəni kimlərinsə siyasətinin kiçik oyunçusu statusuna endirməkdir. Ancaq miniliklərlə möhtəşəm tarixə malik olan Türkiyəni sındırmaq mümkün olmayacaq, düşmən qüvələri bu dövləti, bu xalqı hələ yaxşı tanımırlar". Aydın Mirzəzadə deyib ki, bu ağır gündə bütün Azərbaycan xalqı, hər birimiz qardaş, dost Türkiyənin yanındayıq, onun acısını bölüşürük, onun öz suverenliyini və kimliyini qorumaq yolunda mübarizəsininin dönməzliyinə inanırıq.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyir ki, Türkiyənin güclənməsindən qorxanlar dəfələrlə ona qarşı bəşər tarixinin ən ləyaqətsiz, ən alçaq yoluna, terrora əl atıblar: "Lakin bu şərəfsizliyi edənlər anlamırlar, yaxud anlamaq istəmirlər ki, Osmanlı İmperiyasının varisini, dünyanın üç qitəsində hökmranlıq etmiş bir ulusu məhv etmək mümkün olmaz. Türkiyə əyilməyəcək və sınmayacaq.

Biz də xalq olaraq Türkiyənin yanındayıq. Partiya olaraq hər zaman türk qardaşlarımızın, Türkiyənin yanında olduğumuzu və terroru lənətlədiyimizi bildiririk. Əminik ki, bu alçaqlığı edənlər tezliklə cəzalarına çatacaq, "Osmanlı tokatı"nın acısını dadacaqlar. Şəhid olan hər bir türkü Tanrı cənnəti ilə müjdələsin". Razi Nurullayev terror aksiyalarını pisləyərək qeyd edib ki, terror həll yolu deyil: "O, böyük cinayət və cəhənnəmlik bir hərəkətdir. Allahın yaratdığı günahsız bəndələri partlatmaq yaramazlıq və şeytan əməlidir. Bu terroru ən şiddətli şəkildə pisləyir və bu dəhşətli terroru törədənləri və onların havadarlarını lənətləyirik. Terrorla ayrı-ayrılıqda mübarizə aparılmaz. Ona görə ki, terrordan qisasçılıq üçün istifadə edən dövlətlər də var. Nə qədər ki, terror siyasi məqsədlər üçün istifadə ediləcək, onun kökünü kəsmək mümkün olmayacaq. Çünki, terror artıq dini məqsədlər üçün yox, həm də siyasi təzyiq və məqsədlər naminə həyata keçirilir. Dünya isə hələ də terrora qarşı birlik nümayiş etdirə bilmir. Bu gün Türkiyənin başına gələn terrora sevinənlər, sabah özlərini bu quyunun içində tapacaqlar".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirib ki,Türkiyənin Ankara şəhərində hərbiçilərə qarşı törədilən terrorun arxasında Suriyada hərbi fəal əməliyyatlar aparan dövlət (lər) dayanır: "İlana birbaşa zəhər verən aydındır. PKK və PYD terror təşkilatlarını silahlandıranlar bu terrorun məsuliyyətini daşıyırlar. Türkiyə şəhidləri ilə ayaqdadır". Mərkəz rəhbəri onu da qeyd edib ki, Suriyada davam edən müharibənin miqyası genişlənməkdədir: "Türkiyəni Pakistana çevirmək istəyən məlum qüvvələrin Suriya planını pozmaq mütləq lazımdır. İslam koalisiyasının Suriyada quru əməliyyatları keçirməsi labüddür. Bəşər Əsəd hakimiyyətdə qaldıqca İŞİD və PKK da ayaqda qalacaq". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya və digər maraqlı ölkələrin Yaxın Şərqdə planının gerçəkləşdirilməsində Əsəd, PKK, İŞİD-in hələ də mövcud olması həmin qüvvələrin uzunvədəli siyasətinin bir parçasıdır".

Millət vəkili Sahib Alıyevin sözlərinə görə, Türkiyə ilə eyni hərbi blokda yer alan bəzi dövlətlərin davranışı göstərir ki, rəsmi Ankaranın Azərbycandan başqa heç bir səmimi müttəfiqi yoxdur: "Həmin dövlətlər Azərbaycanın torpaq bütünlüyü məsələsində nə dərəcədə "prinsipal"dırlarsa, Türkiyənin torpaq bütünlüyü məsələsində də o dərəcədə "prinsipial"dırlar. Bizə "torpaqlarınızı savaş yoluyla qaytara bilməzsiniz" deyirlər, Türkiyəni onun təhlükəsizliyini təhdid edənlərə cavab verməməyə çağırırlar. Necə olur ki, son zamanlar az qala bütün məsələlərdə fikirləri tərs gələn Amerika Birləşmiş Ştatlarıyla Rusiya Dağlıq Qarabağdakı erməni sepratçılarına yanaşmada olduğu kimi, Türkiyənin torpaq bütünlüyünü təhdid edənlərə yanaşmada da demək olar ki, ortaq mövqe sərgiləyirlər?".

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyir ki, Ankarada çoxsaylı insan tələfatı ilə nəticələnən sonuncu terror hadisəsi hər bir Azərbaycan vətəndaşını son dərəcə kədərləndirdi: "Artıq bu kədərimiz artıq hiddətə çevrilməkdədir. Qardaş Türkiyə Prezidentinin ölkəmizə səfərinə cəmi bir neçə saat qalmış bu terrorun törədilməsi bir daha onu sübut edir ki, bu qanlı terrorun zamanı heç də təsadüfi seçilməyib. Lakin, biz bu kədərimiz və hiddətimizlə bir yerdə hər zaman olduğu kimi qardaş Türkiyəmizin yanındayıq. Bunu cənab Prezidentimiz İlham Əliyev də bir daha sübut etdi".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00