Ötən il smartfon və planşetlər üçün nə qədər prosessor satılıb?
17 Fevral 2016 19:17 Dünya2015-ci ildə smartfon və planşetlər üçün prosessorların satışı 2014-cü illə müqayisədə azalıb. İKT.lent.az-ın "ixbt.com" saytına istinadən verdiyi məlumata görə, bunu "Strategy Analytics" analitik şirkətinin mütəxəssisləri açıqlayıb. Smartfonlar üçün prosessorların satışı 4 faiz azalaraq 20,1 milyard dollar təşkil edib. Planşetlər üçün prosessorların satışı isə 33 faiz azalaraq 2,7 milyard dollar olub. Smartfonlar üçün prosessorlar seqmentində lider "Qualcomm" şirkəti olaraq qalır. Lakin rəqiblərin təzyiqi nəticəsində onun bazardakı payı bir ildə 52 faizdən 42 faizə qədər düşüb. İkinci yeri bazardakı 21 faiz payla "Apple" şirkəti tutur. 19 faiz payla bu bazarın üçüncüsü "Mediatek" şirkətidir. Analitiklər "Samsung LSI" şirkətinin uğurunu xüsusi vurğulayırlar. Belə ki, bu şirkət bir ildə özünün "Exynos" prosessorunun tədarükünü ikiqat artıra bilib. Planşetlər üçün prosessorlar seqmentində 31 faizlik payla "Apple" liderlik edir. Burada ikinci yeri 16 faiz payla "Qualcomm", üçüncü yeri isə 14 faiz bazara malik "İntel" şirkəti tutur.