Kəndlilər yoxsullaşır, kənd təsərrüfatı naziri varlanır

Ermənistanın kənd təsərrüfatının vəziyyəti acınacaqlıdır. Son iki ildə bu sahəyə yönəlmiş xarici investisiyalar 8, daxili sərmayələr isə 5 dəfə azalıb. Erməni kəndlilər bütün günü torpaqda əlləşsələr də, davarlarını artırmağa çalışsalar da, onlar qəribə dilemma ilə qarşılaşıblar. Dillema sadədir:  Ermənistana İrandan və Rusiyadan idxal olunan kənd təsərrüfatı məhsulları yerli istehsalı "məğlub" edib. Bu səbəbdən də erməni kəndlilər məhsullarını sata bilmirlər. Əvəzində kənd təsərrüfatı naziri Serqo Karapetyan rüşvət və korrupsiya hesabına varlanır. Politik.am bildirir ki, nazir ailə üzvləri və qohumları vasitəsilə yaratdığı şirkətlər vasitəsilə süni inhisar yaradıb, kənd təsərrüfatını, sanki, məngənəyə salıb. S.Karapetyan o qədər harınlayıb ki, əvvəlki illərdən fərqli olaraq, varidatını tam gizlətməyə artıq ehtiyac görmür. O, Ermənistanın Vergilər Nazirliyinə təqdim etdiyi vergi bəyannaməsində göstərib ki, 194 milyon dram, 79500 ABŞ dolları və 78200 avroluq daşınar, habelə daşınmaz əmlakına sahibidir. Nazirin arvadının adına isə 22,7 milyon dram, 32 min dollar pul varmış. Sən demə, nazir xanımı "vur-tut" 13 milyon dramlıq BMW X5 3.0 sürürmüş. Təbii ki, bəyannamədə göstərilən varidat S.Karapetyanın bütün cəhdlərinə rəğmən, ört-basdır edə bilmədiyi əmlakdır. Gerçəkdə isə nazirin varidatının təqribən 2,4 milyard dollar həcmində olduğu vurğulanır. S.Karapetyan Ermənistanı idarə edən kriminal oliqopoliyanın mənsublarından biri, ölkə iqtisadiyyatını xərçəng şişi kimi sarmış süni inhisarlardan birinin rəhbəridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00