Türkiyə ordusunun Suriyaya daxil olması elə böyük problem yaratmayacaq

"Rusiya və Türkiyə uçurumun bir addımlığındadırlar". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Əsəd ordusu ilə birgə Hələbə hücum edirək bombardmanlar həyata keçirdiyi halda, Türkiyəni yeni qaçqın axını ilə üzləşir: "Demək, Rusiya Suriyada hərbi varlığını artıracaq. Bunun nəticəsində Türkiyəyə qaçqın axını artacaq. Və Ankaraya deyəcəklər ki, sən qarışma! Buna özünə hörmət edən hansı dövlət razılaşar? Əsəd və Putin daima Türkiyəni ittiham edirlər, ancaq bircə dəfə deməyiblər ki, bu 2 milyon yarım qaçqın Türkiyədə niyə peyda olub, Türkiyənin borcumu var suriyalı qaçqınlara milyardlarla dollar xərcləsin? Suriyada bombardmanlar həyata keçirən Rusiya özü nə qədər suriyalı qaçqın qəbul edib?". Mərkəz rəhbəri hesab edir ki, ona görə də belə vəziyyətdə Türkiyənin müttəfiqləri ilə birgə Suriyanın bir hissəsində quru əməliyyatı həyata keçirməkdən başqa alternativi qalmır: "Ancaq bu çox mürəkkəb alternativdir. Birincisi, Türkiyə ordusunun Suriyaya daxil olması elə böyük problem yaratmayacaq. Əsas sual başqadır: Türkiyə ordusu nə vaxt və hansı şərtlər daxilində Suriyanı tərk edəcək? Çünki Suriyada müharibəni şərtləndirən səbəblər illər uzunu davam edəcək. İkincisi, Rusiya pusqudadır ki, Türkiyədən vurulan hərbi təyyarəsinin intiqamını alsın. Başqa sözlə Türkiyə və Rusiya hərbçiləri Suriyada üz-üzə qalaraq bir-birlərinə qarşı zərbələr endirəcəklər. Bundan sonra aləm dəyəcək bir-birinə və bu prosesdən Azərbaycan da kənarda qala bilməyəcək. Azərbaycan üçün "Sən kiminləsən" sualı aktuallaşacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00