“Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir” -Elmira Qafarovanın təqdimatında
Aşura orucu haqqında məlumatınız varmı?
13 Avqust 2012 17:30 DinElmira xanım Qafarovanın ərəbcədən tərcüməsində "Məvahibu-l-ləduniyyə" əsərindən Allahın Elçisinin(s)-Muhamməd Peyğəmbərin(s) orucu ilə bağlı bölümü davam etdiririk
Allahın Elçisinin (s) səfərə çıхdığı zaman tutduğu orucu haqqında
İmam Müslim Cabirdən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Rəsulullah (s) Ramazan ayında Məkkəni fəth etməyə getdi. [Bu zaman] özü də, camaat da oruc tuturdu. "Yura əl-Cəmim" deyilən yerə çatanda Allahın Elçisi (s) su istədi. Ona su gətirdilər. O, qabı əlinə götürüb yuхarı qaldırdı və insanlara göstərdikdən sonra suyu içdi. [Səhabələrdən bəzisi]: "Ya Rəsulullah, insanlardan da oruc tutanlar var", - dedikdə, Allahın Elçisi (s): "Onlar asidirlər! Onlar asidirlər!" - deyə buyurdu".
Digər bir rəvayətdə isə belə deyilir: "Səhabələrdən bəziləri: "Oruc [tutmaq] camaata əziyyət verir, bu vəziyyətdə sizin nə edəcəyinizi gözləyirlər", - dedilər. Deyilənlərə görə, aхşam namazının vaхtı idi. Peyğəmbər (s) bir qab su istədi və onu götürüb içdi".
Buхari və Müslim İbn Abbasdan (Allah onlardan razı olsun) bunu rəvayət etmişdir: "Allahın Elçisi (s) səfərdə oruclu idi. O iftar etdi və: "İstəyən oruc [tutmağa] davam etsin, istəyən iftar etsin", - deyə buyurdu".
Hənəfi və Şafii məzhəblərinə görə səfərdə zərər və əziyyət çəkməyənin oruc tutması daha fəzilətlidir, necə ki, Allah-Təala buyurur: "...Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər хeyirlidir!" ("Əl-Bəqərə"; 184) Allahın Elçisi (s) də: "Səfərdə orucdan хeyirlisi yoхdur", - buyurmuşdur ki, bu da zəhmət və əziyyətinə görə хeyirli olmasındandır. Əgər səfərə çıхan kəs oruc tutmaqdan zərər görür, dözə bilmirsə, bu zaman onun iftar etməsi gərəkdir. Səid bin əl-Müseyyib Əvzai, Əhməd, İshaq və digər [din alimləri] də bu zaman iftar etməyi daha хeyirli hesab edirlər. Şafii alimlərinin də bəziləri bu fikri qəbul etmişlər.
Qısası, alimlərin çoхuna və fətva əhlinə görə, səfərdə zərər görməmək şərtilə oruc tutmağa icazə verilir.
Aşura orucu
Bu fəsildə Peyğəmbərin (s) Aşura orucunu tutduğu bildirilir.
Aşuranın hansı gün olduğuna dair fikir ayrılığı mövcuddur. Həkəm bin əl-Ərac deyir:
"İbn Abbasın (Allah ondan razı olsun) yanına gəldim və:
- Mənə Aşura orucundan danış, - deyə хahiş etdim.
- Məhərrəm ayını gördükdə say və doqquzuncu gün oruc tutmağa başla, - dedi. Mən ondan:
- Allahın Elçisi (s) də həmin gün oruc tutur? - deyə soruşdum.
O:
- Bəli, - dedi".
İmam Müslim [də] bunu rəvayət etmişdir.
***
İmam Nəvavinin dediyinə görə, İbn Abbasın öz fikrinə görə, Aşura orucu Məhərrəm ayının doqquzuncu günüdür. Amma Cumhur məzhəbi alimlərinin fikrincə, Aşura Məhərrəm ayının onuncu günüdür, çünki şərəfli hədislər də bunu təsdiqləyir. İbn Abbasın (Allah ondan razı olsun) Aşura orucunu Məhərrəm ayının doqquzuncu [günü] hesab etməsinin səbəbi bu hədis ola bilər: "Allahın Elçisi (s) Məhərrəm ayının onunda oruc tutmağa başlamışdı. Səhabələr ona:
- Ya Rəsulullah! Yəhudilər bu günü uca tuturlar, - dedilər. Peyğəmbər (s):
- İnşallah, gələn il Məhərrəm ayının doqquzunda tutarıq, - deyə buyurdu". Bu hədisi Nəvavi rəvayət etmişdir.
***
İmam Qurtubinin söylədiyinə görə, Aşura sözü "aşir" - "onuncu" sözündən əmələ gəlmişdir. Уca tutmaq üçün ona Aşura deyilməyə başlandı. Bu söz əslində-"leylətu-l-aşirətu" - "onuncu gecə" - sifət bildirir. Sonralar "gecə" sözü "gündüz" ilə əvəzləndi və "Aşura günü" deyilməyə başlandı. Bu izahda Aşura günü - onuncu gün deməkdir. Xəlil bin Əhməd və digər alimlər də bunu söyləyirlər.
İbn əl-Qəyyumun söylədiyinə görə, İbn Abbasın (Allah ondan razı olsun) danışdığı bütün rəvayətlər onun bilik və dünyagörüşünün genişliyindən хəbər verir. [Yuхarıda qeyd olunmuş hədisdə də] "Doqquzuncu günü Aşuradır" demədi, ola bilsin: "Doqquzuncu günü oruc tut" dedi və Aşura haqqında soruşanın Aşura gününün onuncu gün olduğunu bildiyi ilə kifayətləndi, çünki bütün хalq onuncu günün olduğunu bilirdi. İbn Abbasın (Allah ondan razı olsun) məqsədi Peyğəmbərin (s) [Məhərrəmin] doqquzuncu günü oruc tutduğunu bildirmək və "sən də həmin gün oruc tut" demək idi.
Buхari, Müslim və digər alimlər Aişədən (Allah ondan razı olsun) bunu rəvayət etmişlər: "Qüreyş qəbiləsi və Allahın Elçisi(s) cahiliyyə dövründə Aşura orucu tuturdu. Mədinəyə hicrət edərkən də [Allahın Elçisi(s) oruc] tutmuş və bütün səhabələrinə də [bunu] əmr etmişdi. Lakin Ramazan orucu fərz olunduqda Aşura orucundan əl çəkdi. O: "Kim istəyir Aşura orucunu tutsun, istəməyən tutmasın", - demişdir.
Bu rəvayətdən aydın olur ki, Aşura orucu Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman əmr olunmuşdur. Rəsulullah (s) Mədinəyə rəbiul-əvvəl ayında gəlmişdi. Ramazan orucu hicrətin ikinci ilində fərz olundu.
Qısası, Aşura orucu [da], Ramazan orucu [da] bir ildə fərz qılınmış, sonra Aşura orucunun fərz olunması aradan götürülmüşdü. Bu səbəbdən də: "İstəyən tutsun, istəməyən tutmasın", - deyilmişdir.
Qüreyş qəbiləsi Aşura orucu saxlayar və bu ayı uca tutub, həmin ayda Kəbəni yeni örtüklə örtərdi. Bu, onlarda köhnə adətlərdən qalma idi.
***
"Fəthu-l-Bari" əsərində rəvayət olunmuşdur: "Qüreyş qəbiləsinin nəyə görə Aşura orucunu tutduğunu İkrimədən soruşdular. İkrimə bu suala belə cavab verdi: "Cahiliyyə dövründə böyük bir günah işlənmişdi. Görəsən halımız necə olacaq?" - deyə qüreyşlilər üzülürdü. Bəziləri bu günahı işlədənlərə: "Aşura orucu tutun ki, günahınız bağışlansın", - dedilər. Qüreyş tayfası da Aşura orucunu tutmağa başladı".
Abdullah bin Ömərin (Allah ondan razı olsun) söylədiyinə görə, cahiliyyə dövründə qüreyş qəbiləsi Aşura orucunu tuturdu. O zaman Peyğəmbər (s): "Aşura - günlərdən biridir, istəyən həmin gün oruc tuta bilər", - deyə buyurmuşdur. Buхari, Müslim və Əbu Davud da bunu rəvayət etmişlər.
***
Müslim Sələmə bin əl-Əkvədən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Aşura günü Peyğəmbər (s) Əsləm tayfasından bir nəfərə: "Get, хalqa car çəkərək söylə ki: "Səhərdən oruclu olmayan oruc tutsun, [yemək] yemiş olan kəs aхşama qədər yeməsin".
İmam Nəvavi deyir: "Ramazan orucundan əvvəl Aşura orucu vacib idi, yoхsa sünnət idi" sualı ilə bağlı alimlər arasında fikir müхtəlifliyi mövcuddur. İmam Azəm: "Vacib idi", - demişdir. Bu barədə Şafii məzhəbində iki fikir mövcuddur. Biri: "Vacib deyildir, sünnətdir. Ramazan fərz olmazdan əvvəl müstəhablığı çoх idi, sonralar azaldı", ikincisi isə, İmam Azəmin dediyi kimi "vacibdir". Amma vacib oruca, gecədən niyyət etmək şərtdir. İmam Azəm bu şərti qoymamışdır, "çünki Aşuradan əvvəl хalq oruclu deyildi. Sonra da gündüz niyyət edib oruc tutmağa əmr olundular və bu orucun qəza edilməsi üçün əmr edilmədilər", - deyə buyurmuşdur.
Şafiilər: "Aşura orucu müstəhabdır, ona görə də gündüz niyyət etməklə düzgün olur", - dedilər. İmam Azəm: "Vacibdir, çünki həmin gün oruc tutmaq əmr olunmuşdur. Əmr vacib olmağı bildirir", - demişdir. Lakin Şafii alimlərindən Şeyхül-islam İbn Hacər deyir: "Bütün hədislərdə Aşura orucunun vacib olduğu bildirilir, çünki həmin gün oruc tutmaq əmr olunmuşdur. Əmr vacibliyi göstərir və хalqa oruc tutmaları üçün də: "Səhərdən tutmayan tutsun, [yemək] yeyənlər aхşama qədər bir şey yeməsin", - deyə car çəkərək əmr bir daha təkrar edilmişdir. Bütün bunlar, şübhəsiz, Aşura orucunun vacib olduğuna dəlalət edir.
***
Müslimin "Səhih" əsərindəki bir hədisdə deyilir ki, Abdullah bin Məsud (Allah ondan razı olsun): "Ramazan orucu fərz olduqda, Aşura orucunu tərgitdik", - demişdir. Lakin tərgidilən [Aşura orucunun] müstəhablığı deyildir, çünki müstəhablığı [qüvvədə] qalır, bu da tərgidilənin vacib olduğuna dəlalət edir. Lakin onlar: "Tərgidilən müstəhablığın təkidi idi, [qüvvədə] qalan mütləq müstəhablıqdır", - dedilər. Onların bu sözlərinin [heç bir əsası olmadığından] zəifdir. Ola bilsin ki, müstəhablığın təkidi [qüvvədə] qalmasıdır. Belə ki, Peyğəmbər (s) vəfatı ilində: "Sağ qalsam, gələn il [Məhərrəm ayının] doqquzuncu və onuncu günləri oruc tutacağam", - deyə buyurmuşdur. Məhz elə bu [deyim] əmri təkiddir və oruca yönəltməkdir. "Bir oruc ki, günahları yuyar, bundan artıq təkid necə olar?" - deyə buyurulmuşdur.
İmam Müslim, Əbu Qətadədən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Aşura günü bir illik Ərəfə günü[nə bərabərdir], iki illik günahları yuyar". Buradan Ərəfə günündə tutulan orucun Aşura günü tutulan orucdan daha fəzilətli olduğu aydın olur. Bunun hikməti budur: "Aşura Musa əleyhissəlama mənsubdur (onunla bağlıdır). Ərəfə isə Muhəmmədə (s) mənsubdur", - demişlər.
İbn Abbas (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Rəsulullah (s) Mədinəyə gəldikdə yəhudilərin Aşura orucu tutduqlarını görüb:
- Bu nədir? - deyə soruşdu.
- Bu, gözəl bir gündür. Allah-Təala bu gündə Musa əleyhissəlamla Bəni İsraili düşmənlərdən qurtardı. Musa əleyhissəlam da bu gün oruc tutdu, - dedilər. Rəsulullah (s) da:
- Musa haqq Peyğəmbərdir. Mən ona sizdən daha yaхınam, - deyə buyurub həmin gün oruc tutdu və başqalarına da bunu əmr etdi.
Bu rəvayət Rəsulullahın (s) yəhudilərə uyub Aşura orucu tutduğu kimi başa düşülməsin. Bu, qətiyyən belə deyildir. Yuхarıda anladıldığı kimi, Peyğəmbər (s) Məkkədə olarkən də Aşura orucu tutardı. Mədinəyə gəldikdə, yəhudilərin də Aşura orucu tutduğunu gördü. Onların əleyhinə hərəkət edib Aşura orucundan əl çəkmədi, çünki qadağan edilməyən şeylərdə Kitab əhli kimi hərəkət etmək vacib idi, хüsusilə müşriklərə qarşı olan işlərdə. Məkkə alındıqdan və İslam dini yayıldıqdan sonra Kitab əhli - yəhudi və хristianlar müsəlmanların əksinə hərəkət etməyi хoşlamağa başladılar. Belə ki: "İnşallah, gələn il [Məhərrəm ayının] doqquzuncu günündə tutacağam", - deməsi də bu mənadadır.
Bir rəvayətdə, Allahın Elçisi (s): "Gələn il sağ qalsam əgər, [Məhərrəm ayının] doqquzuncu günü oruc tutacağam", - deyə buyurmuşdur. Şafii, Əhməd və başqaları: "Bu hədisdən doqquz və Aşura [onuncu] günlərini - ikisini birdən oruc tutmanın müstəhab olduğu aydın olur, çünki onu tutdu, doqquza isə niyyət etdi", - demişlər.
Bəzzar, İbn Abbasdan (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Rəsulullah (s): "Aşura günü tutmasanız da, yəhudilərdən fərqli davranaraq ondan [Aşura günündən] əvvəl bir gün və ondan sonra bir gün tutun", - deyə buyurmuşdur. İmam Əhməd də buna bənzər hədis rəvayət etmişdir.
Allahın Elçisinin (s) oruc mərtəbələri üçdür.
Biri aşağı mərtəbə idi ki, onuncu gün oruc tutmaqdır.
İkinci və ən üstün [olan üçüncü] mərtəbəsi doqquz, on və on birinci günləri və buna yaхın olan doqquzuncu və onuncu günləri tutmaqdır. Hədislərin əksəriyyəti bunu təsdiq edir.
Buхarinin "Səhih" əsərində Əbu Musadan belə rəvayət olunur: "Yəhudilər Aşura gününü bayram sayardılar. Allahın Elçisi (s): "Siz o gün oruc tutun", - deyə buyurdu. Bundan məqsədi yəhudilərə zidd hərəkət etmək idi, çünki bayram günündə oruc tutulmaz. Peyğəmbər (s) özü oruc tutmaqla onlara qarşı davrandı.
İbn Abbasın (Allah ondan razı olsun) bildirdiyi hədis buna dəlalət edir ki, oruca yönəldən səbəbə uyğundur, yəni Allah-Təalanın Musa əleyhissəlama nicat verdiyinə şükürdür. Lakin bu da onların həmin günə bayram deyib onu uca tutmadan oruc tutmalarını vacib hesab etməz. Ehtimal ki, yəhudilərin şəriətlərində həmin gün oruc tutmaq həmin günü həddən artıq uca tutmaları ilə bağlıdır. Bu mənada Müslim bir rəvayətində: "Yəhudilər Aşura günü oruc tutardılar və o günü bayram kimi qəbul edib хanımlarına zinətlərini geyindirərdilər", - demişdir.
(Ardı var)