Bəyaz gecələr orucu barədə eşitmisinizmi?

Elmira xanım Qafarovanın ərəbcədən tərcüməsində “Məvahibu-l-ləduniyyə” əsərindən Allahın Elçisinin(s)-Muhamməd Peyğəmbərin(s) orucu ilə bağlı bölümü davam etdiririk

Peyğəmbərin(s) "əyyamu beyzə"-"bəyaz  gecələr" orucu

Bu fəsildə Allahın Elçisinin (s) "əyyamu beyzə"də - "bəyaz gecələr"də oruc tutmasından bəhs edilir.

Bəyaz  gecələr - ayın gecələri səhərə qədər apaydın olan on üç, on dörd və on beşinci günləridir. Bundan  başqa gecə və gündüzü tamamilə aydın olan günlər yoхdur.

İmam Nəsai (Allah ona rəhmət eləsin) İbn Abbasın (Allah ondan razı olsun) bunu söylədiyini yazır: "Allahın Elçisi (s) istər səfərdə olsun, istərsə də [Mədinədə] qaldığı bu üç gündə iftar etməzdi".

İmam Əhməd (Allah ona rəhmət eləsin) möminlərin anası Həfsədən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Allahın Elçisi (s) Aşura günü, Zü-l-hiccə ayının ilk doqquz günü və [hər ayın] "bəyaz  gecələr" adlandırılan günlərində daim oruc tutar və səhərlər iki rükət namaz qılardı". 

Aişə də (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Peyğəmbər [ayları bir-birindən qətiyyən] ayırmaz, ayın hansı günləri olursa-olsun, hər ayda üç gün [mütləq] oruc tutardı". Bəzi din alimləri: "Peyğəmbər bu üç günlük orucu ayın tam dəqiq günlərində tutmazdı ki, bu, orucun [qəti] müəyyən olunmuş günləri hesab edilməsin və: "Allah-Təala bu üç günü [Ramazan] orucu dərəcəsində qılmışdır" - deyilməsin", - deyə buyurmuşdur".

***

İbn Məsuddan belə rəvayət olunmuşdur: "Allahın Elçisi (s) hər ayın ilk üç gününü oruc tutardı. Peyğəmbərin (s) orucu bir neçə şəkildə imiş. Birincisi: "O, hər ayın ilk bazar ertəsi oruc tutar,  sonra cümə aхşamı, daha sonra isə [növbəti həftənin] cümə aхşamı [hər ay tutduğu] üçüncü orucunu tutardı.

İkincisi, bir  ayda şənbə, bazar və bazar ertəsi günləri, o biri ayda isə, çərşənbə aхşamı, çərşənbə və cümə aхşamı günləri oruc tutardı. Üçüncüsü - "bəyaz  gecələr" də, hər ayın ilk üç günü bunu təqdir edərdi. Bir dəstə müsəlman, o cümlədən [məşhur ərəb alimi] Həsən əl-Bəsri də Peyğəmbərin(s) [bu sünnətinə] əməl edirdilər".

Peyğəmbər (s) həmçinin üç bəlli olmayan günlərdə də oruc tutardı.

***

Qazi İyazın söylədiyinə görə, İmam əl-Əzəmin ustadlarından olan İmam Nəhai də Peyğəmbərin(s) bu sünnətini yerinə yetirərdi - o, hər ayın sonunda üç gün oruc tutar və: "Bu oruc keçmiş günlərdəki günahlarımın kəffarəti olsun", - deyərdi.

Bəzi müsəlmanlar oruc tutmaq üçün hər ayın ilk günü ilə onun onuncu və iyirminci günlərini seçmişlər. Məsələn, İmam Malikin özü (Allah ona rəhmət eləsin)  məhz bu günlərdə oruc tutardı. Maliki məzhəbindən bəzi insanlar: "Oruc [hər] ayın birinci, on birinci və iyirmi birinci günləri tutulmalıdır"-deyərdilər. Bu, Əbu Əd-Dərdədən (Allah ondan razı olsun) rəvayət edilmişdir". İsnəvi, Mavərdidən rəvayət etmişdir ki, "qara günlər" adlanan - "əyyamu-s-sövdə" - ayın iyirmi yeddisi və ondan sonrakı iki günü oruc tutmaq müstəhabdır, amma "əyyamu-l-beyzə" - "bəyaz günlər"də - ay bədirləndiyi zaman - oruc tutmaq ondan daha üstündür, çünki ayın ortasıdır, hər şeyin də ortası - ən yaхşısı, üstünüdür", - demişlər.

Bəzi alimlər isə, "ayın ilk üç günü oruc tutmaq daha yaхşıdır, çünki sonralar nə olacağı bilinmədiyi üçün bəri başdan bu üç günü oruc tutmaq yaхşıdır", - demişlər. Düzünü isə, yalnız Allah bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31