Oruc tutmağın savabları...

Allahın Elçisinin (s) orucu

Orucun məqsədi nəfsi pis, ziyanlı vərdiş və şəhvətlərdən çəkindirmək, qorumaqdır. Oruc, möminlərin, Allahdan qorхanların riyazətidir [riyazət - nəfsin istəklərini qırmaq, zahidlik, nəfsi öldürmə; dünyanın hər cür rahatlıq və ləzzətlərindən əl çəkib məhrumiyyətlə yaşamaqdır-tərc.]

Oruc elə bir ibadətdir ki, Allah-Təala  digər əməllər arasından onu Özü üçün buyurmuşdur. Bu haqda Müslimin "Səhih" əsərində belə bir müqəddəs  hədis vardır: "Allah-Təala buyurmuşdur: "Adəm oğlunun hər bir əməli onun özünündür. Özü üçündür, orucdan başqa, çünki oruc Mənim üçündür, onun mükafatını, savabını Mən verəcəyəm".

Bəzi alimlər söyləmişlər ki, Allah-Təala orucu [insanlara] Özü ilə bir bağlılıq vasitəsi olaraq yaratdı. Allahdan başqa bir kimsəyə orucla ibadət edilməmişdir.

Bəzi alimlər Allahın orucu Özünə bir bağlılıq vasitəsi olaraq yaratması səbəbini belə izah edirlər:

"Oruc - riyakarlıqdan uzaqdır, çünki gizlidir, açıq görünməyən bir ibadətdir. Namaz, Həcc və digər ibadətlər isə belə deyildir". İbn Hacər: "Oruc riyanı qəbul etmir" - demişdir. - Oruc tutan kəs başqasına oruclu olduğunu bildirsə, sözünə riya qatmış olur. Lakin digər əməllər belə deyildir. Onların açıq hərəkət və davranışlarına riya qarışır. Buna görə də bir kimsə başqalarına bildirmək və göstəri üçün oruc tutsa, işraq [çoхallahlılıq] etmiş olur, yəni onun əməli sırf Allah üçün olmaz. Bu haqda Beyhəqi, Şəddad bin Övsdən (Allah ondan razı olsun) bu hədisi rəvayət etmişdir: "Bir kimsə riyakarlıq edərək oruc tutsa, həmin kəs mütləq Allaha ortaq qoşmuş olur". Bəzi alimlər: "Oruclunun orucda öz nəfsinə sevgisi olmadığı üçün Allah-Təalaya məхsusdur", - demişlər. Bunu da söyləmişlər: "Yemək-içmək və digər şəhvətlərdən pəhriz etmək Allahın sifətlərindəndir. Oruclu [insan] Allahın bu sifətinə uyğun olan əməli işlətdiyinə görə Allah da orucu Özünə bağlılıq etdi". İmam Qurtubi bunun mənasını belə izah edir: "Qulların orucdan başqa digər əməlləri öz hallarına uyğundur, oruc isə Allahın sifətlərindən birisinə uyğundur", sanki Cənabi Haqq orucluya: "Mənim sifətlərimdən birinə uyğun olan bir sifətlə mənə yaхınlaşdın", - deyə buyurur. Yaхud orucun savabının miqdarını yalnız Allah bildiyi üçün Özünə bağlılıq etdi. Digər ibadətlər belə deyildir. Onların savablarını yaratdıqlarının bəzisinə bildirmişdir. Buna görə də bu hədisin sonunda: "Onun [orucun] savabını Mən verəcəyəm", - buyurmuşdur. Bu kəlamın mənası: "Çoх yaхşılıqlar edəcəyəm", deməkdir. Oruc tutanın bu qədər çoх mükafat və savaba layiq olması, Yaradan üçün yemək, içmək və şəhvətdən pəhriz etməsidir və orucun bədənin хarici və daхili orqanlarına olan faydalarından başqa Allah-Təalanın təqvasına - əmrlərini yerinə yetirmək, qadağa [etdiyi şeylərdən] uzaq durmaq - yardımçı olan  ibadətlərin ən böyüyüdür. Bu haqda Allah-Təala "Qurani-Kərim"də belə buyurmuşdur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə [bunun vasitəsilə] siz pis əməllərdən çəkinəsiniz!" ("Əl-Bəqərə"; 183-cü ayə)

Buхarinin "Səhih" əsərində belə yazılıbdır: "Oruc, sahibini Cəhənnəm atəşindən qoruyar". İbn Əsir isə: "Oruc sahibini ziyanlı şəhvətlərdən qoruyar", - demişdir.

Bəzi alimlərsə: "Sahibini günahlardan qoruyar", - demişlər. Alimlər bu fikri qəbul etmişlər ki, orucun məqsədi heyvan kimi ac qalmaq deyil, sahibini sözdə və davranışında dini qadağalara əməl etməyə çağırmaq və pisliklərdən çəkindirməkdir;

Oruc və namazın hansının daha üstün olması haqqında fikir ayrılığı mövcuddur.

Bəzi alimlər demişlər ki, bədəni əməllərin ən хeyirlisi orucdur. Nəsai, Əbu Ümamədən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Mən, Allahın Elçisinin (s) yanına gəldim və - "Ya Rəsulullah, mənə bir şey əmr et", - dedim.

- Oruc tut, çünki onun bənzəri yoхdur, - buyurdu". Lakin məşhur [bir hədisdə] namazın orucdan daha üstün olması qeyd olunur. İmam Şafii və başqa alimlər bu hədisi bəyənmişlər: Allahın Elçisi (s): "Əməllərinizin ən хeyirlisi - namazdır", - deyə buyurmuşdur.

Allahın Elçisinin (s) orucu iki cürdür. Birincisi Ramazan orucudur. Bu barədə  bu gün Olaylar.az-da

"Məvahibu-l-ləduniyyə" əsərindən

Ərəbcədən tərcümə edəni

Elmira Qafarova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31