Bir Aşura, iki tarix: Çaşqınlığın kökündə nə dayanır?
11 İyul 15:12 DinBu il Aşura günü Azərbaycanda ilk dəfə fərqli tarixlərdə - 5 və 6 iyulda anıldı. Tarix fərqi dini mərkəzlər arasında fikir ayrılığı ilə bağlıdır və şiə icmasına da təsir edib.
Mövzu ilə bağlı ilahiyyatçı Yaşar Qurbanov Olaylar.az-a açıqlama verib. İlahiyyatçı bildirib ki, Aşura gününün müəyyənləşməsində əsas meyar rəsmi dini və astronomik müşahidələrdir, sosial şəbəkələrdə yayılan fərqli tarixlər isə fitnə və çaşqınlıq yaradır:
"İslam dinində ayların başlanğıcı və sonu ayın çıxması ilə müəyyən olunur. Bu qaydaya əsasən, Məhərrəm ayının da başlanğıcı yeni ayın görünməsi ilə elan edilir. Cari ildə həm ölkəmizdə, həm də dünyanın bir çox yerlərində yeni ay eyni gündə göründüyü üçün Məhərrəm ayı və onunla bağlı Aşura günü iyulun 5-nə təsadüf edib.
Qafqaz Müsəlmanları İdarəsi də bu tarixləri təsdiqləyərək bildirib ki, Azərbaycanın öz rəsədxanası mövcuddur və ayın görünməsi bu müşahidələr əsasında müəyyən olunur. Buna görə də, Aşura günü bu il iyulun 5-nə təyin olunub və bu tarix beynəlxalq səviyyədə də uyğunluq təşkil edir.
Bununla belə, bəzi şəxslər sosial şəbəkələrdə və müxtəlif platformalarda bu tarixə etiraz edərək fərqli günləri Aşura kimi göstərməyə çalışırlar. Bu isə dini icmalar tərəfindən "fitnə və çaşqınlıq yaratmaq" kimi qiymətləndirilir.
Biz hansısa ölkənin fikrinə deyil, öz rəsmi dini qurumlarımızın açıqlamalarına əsaslanırıq. Hər il olduğu kimi bu il də Ramazan və Məhərrəm aylarının başlanğıcı ayın çıxması ilə təyin olunub. Kimlərsə öz istəyinə uyğun günləri dəyişmək istəyirsə, bu düzgün deyil və cəmiyyətdə çaşqınlıq yaradır.
Dini qurumlar və alimlər bildirirlər ki, bu məsələdə əsas meyar rəsmi astronomik müşahidələr və elmi əsaslardır. Onlar vətəndaşları yanlış məlumat yayan şəxslərə inanmamağa çağırır və dini birlik və sabitliyin qorunmasının vacibliyini vurğulayırlar" .
Zeynəb Mustafazadə