Məvahibu-l-ləduniyyə - bu bölümdə yemək ədəbindən,hikmətindən danışılır-oxuyun
15 İyun 2012 15:34 DinƏvvəli 1 iyun tarixli sayımızda
Peyğəmbərin(s) yeməyi əllə yeməsi
Allahın Elçisinin (s) adətlərindən biri də yeməyi üç barmağı ilə yeməsi olmuşdır. İki barmaqla yemək zalım və qəddarların adətidir, [bu cür yeməklə] onlar yeməyin ləzzətini bilməzlər. Yeməyi beş barmaqla yemək, eləcə də ovcu [yeməklə] doldurmaq isə ziyandır, həm də bu, yemək ədəbinə ziddir-bu [cür yeməklə] ağızda dad hiss olunmaz, mədədə [isə] narahatlıq yaranar. Ən düzgünü Rəsulullahın(s) sünnətinə əməl edib yeməyi üç barmaqla yeməkdir.
Tirmizi Peyğəmbərin(s) yeməkdən sonra üç dəfə mübarək barmaqlarını yaladığını qeyd edir. İmam Müslim də Peyğəmbərin(s) mübarək əlini [dəsmalla] silməzdən əvvəl barmaqlarını yaladığını qeyd edir.
Təbərani, Kəb bin Əczənin belə rəvayət etdiyini yazır: "Mən Peyğəmbərin(s) üç barmağı ilə yemək yediyini görmüşəm. O, yeməyi baş, şəhadət və orta barmaqları ilə yedikdən sonra [dəsmalla silməzdən əvvəl] birinci orta, sonra şəhadət, ən sonda isə baş barmağını yalayardı". Bəzi din alimləri Peyğəmbərin(s) əvvəl orta barmağını yalamasının səbəbini [bu barmağın] uzun olması və yeməyə daha çox bulaşması ilə izah edirlər.
İbn Şihab özünün "Mürsəl" əsərində Səid bin Mənsurun Peyğəmbərin(s) beş barmağı ilə də yemək yediyini söylədiyini yazır.
Bu hədis [yuxarıdakı] hədislərə ziddir. Bu ziddiyyət [isə] belə izah olunur: Peyğəmbər(s) bəzən beş barmağı ilə də yemək yeyərdi, çünki bəzi yeməkləri üç barmaqla yemək mümkün deyil, bu zaman o barmaqlarının beşindən də istifadə edirdi. Misal üçün, dənələnmiş narı ancaq beş barmaqdan istifadə etməklə rahat yemək mümkündür, amma əti, eləcə də bir çox meyvələri yeməyə üç barmaq kifayət edir.
Əbu-ş-Şeyx, Cabirdən belə nəql edir: "Peyğəmbər(s): "Süfrədən, yaxud boşqabdan yerə düşmüş tikəsini götürüb yeyən kəsin özü maddi sıxıntıdan, bərəs [dəridə ləkələr-dəri xəstəliyi] və cüzam xəstəliklərindən, övladları isə dəlilikdən qorunmuş olarlar",-deyə buyurmuşdur.
Deyləmi isə İbn Abbasdan rəvayət etmişdir ki, Peyğəmbər(s): "Süfrədən düşən tikəni götürüb yeyənin uşaqları gözəl doğular və o, maddi sıxıntının nə olduğunu bilməz",-deyə buyurmuşdur.
İmam Qəzali "İhyə ul-ulum" əsərində bu hədisi belə şərh etmişdir: "Peyğəmbərin(s) buyurduğuna əməl edən kəs bolluq içində yaşayar, övladları isə sapsağlam olarlar".
Müslimin "Səhih" əsərində Cabir və Ənəsin belə nəql etdikləri yazılıb: "[Peyğəmbər (s)] Tikəniz əlinizdən düşərsə götürün, sildikdən sonra yeyin, [qətiyyən] onu şeytanın götürməsinə imkan verməyin, barmaqlarınızı da dəsmalla silməzdən əvvəl yalayın, çünki bərəkətin yeməyin hansı tikəsində olduğunu bilmək olmaz"-deyə buyurmuşdur. (Tirmizi. "Sünən" k. "Ətimə", 11).
Bəzi adamlar qürurlarından barmaqları yalamaq sünnətinə əməl etmirlər və təbii ki, onun faydasını da bilmirlər, halbuki yeməkdən sonra yeməyə bulaşan barmaqları yalamaq sünnətdir, sünnət olduğunu bildiyi halda [barmağını] yalamaqdan boyun qaçıran kəs [Peyğəmbərin(s) sünnətinə] hörmətsizlik etdiyini bilməli və bununla özünə ziyan gələcəyindən ehtiyatlanmalı, bilərəkdən sünnətə əməl etməyənlər küfr etdiklərini anlamalıdırlar.
***
Rəsulullah(s) heç zaman ayaq üstə yemək yeməzdi. İmam Buxarinin qələmə aldığı səhih hədisdə Peyğəmbər(s): "Mən ayaq üstə yemirəm" və "Mən qulun oturduğu kimi oturur, qulun yediyi kimi yemək yeyirəm"-buyurmuşdur.
Hədis alimlərindən İbn Macə və Təbərani həsən (etibarlı)isnadla bildirmişlər: "Bir gün Peyğəmbərə(s) qoyun [dan bişirilmiş yemək] pay gətirdilər. O, dərhal mübarək dizləri üzərinə oturub [onu iştahla] yeməyə başladı. Bir bədəvi ərəb:
-Ya Muhəmməd, bu nə oturuşdur?-deyə soruşduqda Rəsulullah(s):
-Həqiqətən də Allah məni kərim nəbi etdi, cəbbar [yəni zalim], qəddar etmədi, Allah-Təalaya qarşı sadə qulların oturduğu kimi otururam",-deyə buyurdu.
İbn Battal Zühridən belə rəvayət edir. "Peyğəmbərin(s) yanına bir mələk gəldi-bu mələk buna qədər Peyğəmbərin(s) yanına gəlməmişdi-və dedi: "Rəbbin sənə qul nəbisi ilə mülk nəbisi arasında seçim etmək ixtiyarı verdi. Bu zaman Cəbrail(ə) Peyğəmbərə(s) baxıb: "Sadə ol!"-deyə işarə etdi. Rəsulullah(s)da: "Mən qul nəbisi olmağı seçdim",-dedi və bundan sonra onun ayaq üstə yemək yediyini görən olmadı.
Yeməyə "Bismilləh"lə başlamaq
Peyğəmbərin(s) gözəl bir adəti vardı-yeməyə başlarkən Allahın adını anardı. İmam Nəvəvi: "Yeməyə başlarkən: "Bismilləhirrahmənirrahim" və ya "Bismilləh" demək sünnətdir",-deyir. Peyğəmbər(s) yeməkdən sonra: "Əlhəmdulilləhi həmdən kəsira teyyibə mubarəkən fihi ğeyra muvəddin və mustəğni anhu rabbənə", digər bir rəvayətə görə isə: "Əlhəmdulilləhilləzi atəmənə va səkənə va cəalnə minəl-muslimin"-duasını oxuyub həmd edərdi.
Nəsai Əbdürrəhman bin Cübeyr Misridən nəql edir ki, səkkiz il Peyğəmbərə(s) xidmət edən birisi Əbdürrəhmana belə xəbər vermişdir: "Rəsulullahın(s) qarşısına yemək qoyduqda "Bismilləh" deyib yeməyə başlayar, yeyib qurtardıqdan sonra isə: "Allahummə atəmtə va səkeytə va ağneytə va hədeytə va əhyeytə fələkəl-həmd alə mə əteytə" duasını oxuyardı; yeməyi sağ əllə yeyərdi. O, [daim uşaqlara nəsihət verərək]: "Ay bala, yeməyə başlayarkən "Bismilləh" de, sağ əlinlə ye, [süfrə başında] bir kimsənin qarşısına əl uzatma, öz qabağından ye",-deyə buyurardı".(Buxari. "Səhih", k. "Ətimə", Müslim. "Səhih", k.Əşribə, 107,109; Tirmizi. "Sünən" k. "Ətimə", 47)
Şafii alimlərinin əksəriyyəti yuxarıdakı hədisə əsaslanaraq yeməyə "Bismilləh"lə başlamağın, sağ əllə yeməyin və öz önündən yeməyin müstəhab olduğunu, lakin vacib olmadığını söyləyirlər.
Şeyxulislam ibn Hacər sağ əllə yemək vacib olduğu halda sol əllə yemək yeməyin düzgün olmadığını hesab edir. Müslimin "Səhih" əsərində belə bir hədis var: "Peyğəmbər(s) birisinin sol əllə yemək yediyini görüb ona: "Sağ əlinlə ye!"-deyə buyurdu,o isə: "[Sol əllə yeməyə vərdiş etdiyimdən] sağla yeyə bilmirəm, buna gücüm çatmır", deyə cavab verdikdə, Peyğəmbər(s): "[Gücün] heç olmasın"-deyə buyurdu. Həmin gündən etibarən o adam [heç sol əllə də] yemək yeyə bilmədi".
***
Peyğəmbər(s) qabaqdan hazırlanmış yeməkləri çox sevdiyindən(süfrə başında oturanlar yeyib qurtardıqdan sonra) boşqabın ətrafını sivirərdi. "Əgər hər kəsə[öz] önündən yemək vacib idisə, o zaman Rəsulullah(s) niyə belə etmişdir"- sualının cavabı budur: "Əgər birlikdə yemək yeyən kəslər buna razıdırlarsa, o zaman caizdir, lakin əgər xoşlarına gəlməsə və buna icazə verməsələr bu zaman hər kəs yalnız öz qarşısından yeməlidir.
İbn Battalın söylədiyinə görə, Peyğəmbər(s) bu hərəkəti ilə heç kəsin narazı qalmayacağını bildiyi üçün belə etmişdir, bir də ki, hamı Rəsulullahın(s) mübarək əlinin [onun] önündəki yeməyə toxunması ilə xeyir-bərəkət olacağına inanırdı. Lakin Peyğəmbərin(s) bu hərəkəti qabağı çox sevdiyindən idi. Hədisdə deyilir: "Peyğəmbər(s) boşqabdakı qabağı yedi və xoşuna gəldiyi üçün qabın ətrafında qalanları sivirdi". Bu hədisdən belə başa düşülür ki, boşqabda yemək qurtardıqdan(süfrə başında oturanların hamısı yeyib doyduqdan) sonra Peyğəmbərin(s) çox xoşuna gəldiyi üçün o boşqabın ətrafında qalmış yeməyi sivirmişdi. Onun: "Önünüzdən yeyin" əmri "hər kəs iştahla yeyərkən biri başqasının önündən tikə götürməsin" kimi başa düşülməlidir, çünki başqasının önündən tikəsini götürməklə onun [qismətində olan] bərəkətini götürmüş, bununla da [həmin kəsin] xətrinə dəymiş olur .
Yeməkdən əvvəl və sonra dəstəmaz almaq
İmam Tirmizi Peyğəmbərin(s) belə buyurduğunu söyləyir: "Yeməkdən əvvəl və sonra dəstəmaz almaq yeməyin bərəkətinə səbəbdir".
Bəzi din alimləri bu hədisə əsaslanaraq yeməkdən əvvəl namaz dəstəmazının, yeməkdən sonra isə əlləri yumağın vacib olduğunu söyləyirlər.Lakin bir çox alimlər həmin hədisdə yeməkdən əvvəl də yalnız əlləri yumağın nəzərdə tutulduğunu söyləyirlər. Hənəfi alimlərindən Qadi Xan özünün fətvasında yeməkdən əvvəl və sonra [namaz dəstəmazının deyil], yalnız əllərin yuyulmasının vacib olduğunu bildirmişdir.
Tirmizi isə belə söyləyir: "Bir gün Rəsulullahın(s) hüzuruna yemək gətirdilər və:
-Ya Rəsulullah, dəstəmaz suyu gətirəkmi?-deyə ondan soruşdular.
Peyğəmbər(s)
-Mənə ancaq namaza qalxdığım zaman dəstəmaz almaq əmr olunub,-buyurdu.
Bu hədisdən aydın olur ki, yeməkdən əvvəl namaz dəstəmazı almağa ehtiyac yoxdur. Belə isə sünnət olan yeməkdən əvvəl və sonra əlləri yumaqdır.
İsti yeməkdən çəkinmək
Peyğəmbər(s) heç zaman yeməyi qaynar halda yeməzdi. İmam Təbərani, Əbu Hüreyrənin belə söylədiyini yazır: "Bir gün Rəsulullahın(s) önünə çox isti yemək qoymuşdular. Peyğəmbər(s): "Allah-Təala bizə od-atəş yemək buyurmayıb"-dedi".
Əbu Nüəym Ənəs bin Malikin belə söylədiyini yazır:
"Peyğəmbər(s) isti yeməyi sevməz və: "Yeməyi ilıq halda yeyin"- buyurardı".
Hədis alimləri Peyğəmbərin(s) dəmirlə çərçivələnmiş bir taxta piyaləsinin olduğunu söyləyirlər. Ənəs bin Malik deyir ki, Peyğəmbər(s) xurma, arpa suyu, bal [şərbətini] və digər içkiləri bu qabda içərdi.İmam Buxari Asim Əhvəlin belə nəql etdiyini yazır:
"Mən Rəsulullahın(s) piyaləsini Ənəs bin Malikdə görmüşdüm, çatlamışdı. Ənəs onu gümüş çərçivəyə salmışdı. Olduqca gözəl, yastı bir piyalə idi. Nudar adlanan xalis od ağacından düzəldilmişdi".
İbn Sirin: "Həmin piyalənin dəmirdən bir halqası vardı. Ənəs onu çıxarıb yerinə qızıl və ya gümüş bir halqa taxmaq istədikdə, Əbu Təhlə: "Peyğəmbərimizin(s) istifadə etdiyi əşyanı dəyişdirmə",-dedi və Ənəs [bu] fikrindən daşındı".
İmam Qurtubi "Muxtasar Buxari" əsərində belə yazır: "Buxarinin [əsərinin] bəzi qədim nüsxələrində, Əbu Abdullah Buxari: "Mən o piyaləni Bəsrə şəhərində gördüm, ondan su içdim. Həmin piyalə Nədr bin Ənəsin mirasından səkkiz yüz minə [satın] alınmışdı. Piyalə nəba deyilən ağacdan düzəldilmişdi"-deyə yazılmışdır. Bəzi alimlər isə Peyğəmbərin(s) piyaləsinin əşəl adlanan ağacdan düzəldiyini, rənginin də sarımtıl olduğunu söyləyirlər. Düzünü isə yalnız Allah bilir.
Yeməkdən sonra hərəkət edilməsi
Tirmizi: "Deyilənlərə görə Peyğəmbər(s) heç zaman nə masada yemək yemiş, nə də lavaş çörəyi yeməmişdir"-deyə yazır.
Əbu Nüəym: "Rəsulullah(s) yeməkdən dərhal sonra yatmağı ürəyə sıxıntı verir deyə qadağan etmişdir"-deyə yazır. Həkimlər də insan sağlamlığı üçün axşam yeməyindən sonra dərhal yatmağın ziyan olduğunu söyləyirlər, yeməkdən sonra [ heç olmasa bir az] yüz addım da olsa gəzməyi məsləhət verirlər.
Yeməkdən sonra namaz qılmaq həzmi asanlaşdırır.
Rəsulullahın(s) su içməsi qaydaları
Aişə(r) buyurmuşdur ki, Peyğəmbər üçün içməli suyu Mədinədən iki günlük məsafədə yerləşən bir çeşmədən gətirirdilər. O, [Peyğəmbər(s)] Mədinə şəhərinə yaxın olan çesmələrin suyunu sevmirdi.
Rəsulullah(s) içəcəyi bal şərbətini sərin su ilə hazırlayardı. Balın faydası olduqca çoxdur. Bal şərbəti [sinədəki] bəlğəmi, mədəni təmizləyir, onu isti saxlayır və kanallarını açır. Sərin su isə bədənin hərarətini aşağı salır və onu [bədəni] qoruyur. Tirmizi Aişənin(r) belə söylədiyini yazır: [İçkilər arasında] Peyğəmbərin(s) ən çox sevdiyi sərin şərbət idi". Aişənin(s) sərin şərbət adlandırdığı içki deyəndə sərin su ilə hazırlanmış bal şərbəti, sərin suya salınmış xurma və ya kişmişdən hazırlanmış şərbətlər nəzərdə tutulur.Xurmanı və kişmişi bir müddət soyuq suda saxladıqda çox dadlı şərbət alınır. İmam Müslim rəvayətində qeyd edir ki, Peyğəmbərə(s) xurma şərbəti hazırlamaq üçün xurma axşamdan suda isladılır, şərbət hazır olduqda Rəsulullah(s) onu gün ərzində gecəyə qədər və ertəsi günü axşamüstüyə qədər içərdi. Ondan sonra yerdə qalanını ya xidmətçilərə içirər, ya da tullamasını əmr edərdi. Peyğəmbər(s) iki gündən artıq qalan şərbətin sərxoşluq verəcəyi qorxusundan onu içməkdən çəkinrdi.
Peyğəmbər(s) südü bəzən qatqısız, bəzən də sərin su ilə qarışdırıb içərdi, çünki süd sağıldığı vaxt isti olur, o da südün istiliyini sərin su ilə götürürdü.
Rəsulullahın(s) su içməsi ədəbi
İmam Tirmizi, İbn Ömərin belə nəql etdiyini yazır: "Peyğəmbər(s) üç şeyi geri qaytarmazdı südü, yastığı, yağı".Bəzi alimlər isə onun üç deyil, dörd şeyi: xoş ətirli şeyləri, yastığı, əti və südü geri qaytarmadığını söyləyirlər. İbn əl-Qəyyim: "Peyğəmbər(s) keyfiyyətinə{ həzm olunmasına} pis təsir etməsin və mədədə narahatlıq yaranmasın deyə [yeməyin üstündən ]dərhal su içməzdi",-deyə yazır. İmam Müslim: "Peyğəmbərimiz(s) suyu oturduğu halda içərdi. Bu, onun adəti idi. Bir rəvayətə görə o suyu ayaq üstə içməyi qəti qadağan etmişdir".Müslimin bir rəvayətində Əbu Hüreyrə Rəsulullahın(s) belə buyurduğunu yazır: "Birkimsə ayaq üstə su içməsin, əgər unudub içsə, o zaman [içdiyi] suyu qusmağa çalışsın". Lakin Buxari və Müslimin "Səhih" əsərində də İbn Abbasın belə söylədiyi yazılıb: "Peyğəmbərə(s) bir qab Zəm-Zəm suyu gətirdim. O, ayaq üstə ikən ondan içdi".
İmam Buxari: " Əli(ə) Rəsulullahın ayaq üstə ikən su içdiyini söyləyir, lakin o camaata ayaq üstə su içməyi qadağan edərdi". Bu kitabın müəllifi bu hədisləri doğru hesab edərək, Peyğəmbərin(s) bəzən oturduğu halda, bəzən də ayaq üstə su içdiyini, bu səbəbdən də həm ayaq üstə, həm də oturmuş halda su içməyin caiz olduğunu hesab edir. Amma "Peyğəmbər(s) camaata ayaq üstə su içməyi qadağan etdiyi halda özü niyə bu cür hərəkət edirdi?"-deyə soruşulduqda, din alimləri: "Peyğəmbər(s) bunun caiz olduğunu bildirmək üçün ayaq üstə su içmişdir, bu səbəbdən də ayaq üstə su içmək məkruh deyildir, ola bilsin bunu bildirdiyi üçün vacibdir"-deyə cavab verirlər və Peyğəmbərin(s): "...Unutduğu halda ayaq üstə su içən içdiyi suyu qusmağa çalışsın"-buyurması da bunun müstəhab olduğu deməkdir, istər kiminsə bunu unutduğundan, kiminsə də bilərəkdən etməsi olsun. İmam Nəvəvi: "Bu şərhə əsaslanaraq oturaq və ya ayaq üstə su içmək caizdir, lakin oturaq içmək daha yaxşıdır. Suyu ayaq üstə içənin içdiyi suyu qusması müstəhabdır, lakin əgər qusmazsa məkruh deyildir"-deyir.
Maliki imamları ayaq üstə su içməyin mümkün olduğunu söyləyirlər, çünki Cübeyr bin Mütim: "Mən Əbu Bəkrin ayaq üstə su içdiyini görmüşəm"-deyir. İmam Malik: "Ömər(r), Osman və Əlinin(ə) ayaq üstə su içdiyini eşitmişəm"-deyir. Əbu Hüreyrənin bildirdiyi: "Ayaq üstə su içməyin (Müslim. "Səhih", k. Əşribə, 116) hədisini şərh edənlərdən Şeyx Əbdülhaq: "Həmin hədisi Əmr bin Həmzə əl-Əmr söyləyib və o, zəif hədisdir"-deyə söyləyir. Bəzi şeyxlər həmin hədisin Əbu
Hüreyrənin rəvayət etdiyini, lakin Əbu Hüreyrənin özü onu [şəxsən] Rəsulullahdan eşitmədiyini qeyd etmişdir.
Ardı var...
Ərəbcədən tərcümə edəni Elmira Qafarova