Zəm-Zəm quyusu necə qazıldı-və yaxud ox falının keç kəsə məlum olmayan sirri

Zəm-Zəm quyusunu qazmaq əmri Əbdülmüttəlibə [o] Hicrdə yatdığı zaman yuxuda verilib.

İbn İshaq bildirir: "Yezid bin Əbu Hübeyb əl-Misri, Mərsəd bin Abdullah əl-Yəzənidən mənə danışıb ki, Zəm-Zəm quyusunun tarixi, eləcə də onun qazılması haqqında Əbdülmüttəlibə olunmuş əmr barəsində Abdullah bin Zübeyr əl-Qafiqi Əli bin Əbu Talibdən(r) eşidib. Əbdülmüttəlib bunları danışıb: " [Bir gün] Hicrdə yatmışdım, bu zaman birisi mənə röyada dedi: "Teybəni qaz!" Mən soruşdum: "Teybə nədir?" Həmin kimsə [cavab vermədən] məndən uzaqlaşdı. Növbəti gün yenə həmin yerdə yatdım. Yuxuda yenə biri mənə dedi: "Bərrəni qaz!" Soruşdum: "Bərrə nədir?" Bu zaman o [bir söz demədən] yenə məndən uzaqlaşdı. Səhəri gün yenə həmin yerdə yatdım. [Bu dəfə də] Yuxuda kimsə mənə dedi: "Mədnünəni qaz!" Soruşdum: "Mədnünə nədir?" Bu zaman həmin kəs [səssiz-səmirsiz] çəkilib getdi.  Növbəti gün yenə həmin yerə gəlib orada yatdım. Yuxuda kimsə mənə dedi: "Zəm-Zəmi qaz!" Mən soruşdum: "Zəm-Zəm nədir?" Bu dəfə ondan  cavab gəldi: "[suyu] Heç zaman tükənməyən, içildikcə qurtarmayan, şərəfli zəvvarların  susuzluğunu yatıran [çeşmədir] . O, [çeşmə] kəsilən heyvanların mədə-bağırsaqlarının tör-töküntülərinin atıldığı, qarğaların yuva saldığı, qarışqaların qaynaşdığı  bir yerdədir".

***

İbn İshaq bildirir: "Zəm-Zəmin nə olduğu, onun harada yerləşdiyi Əbdülmüttəlibə izah ediləndən sonra, səhəri gün övladı Haris bin Əbdülmüttəliblə birlikdə o məkana yollandı və həmin yeri qazmağa başladı. (O zaman Harisdən savayı Əbdülmüttəlibin övladı yox idi). [Quyudan çıxan]  suyu görən kimi Əbdülmüttəlib Allaha şükr edərək xeyli sevindi. ...Əbdülmüttəlibin öz niyyətinə çatdığını eşidən  qüreyşlilər onun yanına gələrək dedilər: "Ey Əbdülmüttəlib! Bu quyu ulu babamız İsmailindir. Buna bizim də haqqımız çatır! Bu quyuya olan haqqımızı qəbul et!" Əbdülmüttəlib cavab verdi: "Xeyr, mən buna razı olmaram! Bu işə sizsiz, tək seçilmişəm! Sizin aranızdan bu iş [yalnız]  mənə həvalə olunub". Onlar dedilər: "Bizimlə rəhmli davran! Biz səndən əl çəkməyəcək və bu quyu uğrunda səninlə mübarizə aparacağıq!" Əbdülmüttəlib  dedi: "Elə isə aranızdan istədiyiniz bir nəfəri seçin, qoy o bu məsələ ilə bağlı öz hökmünü versin!" Onlar dedilər: "Səd Hüzeym tayfasından olan kahinəni seçirik!" Əbdülmüttəlib razılaşdı. [Həmin kahinə Şam şəhərinin şimalında yaşayırdı].

...Əbdülmüttəlib atasının mənsub olduğu Əbdümənaf tayfasından bir dəstə adamla birlikdə dəvə karvanı ilə yola çıxdı. Dəstədə qüreyşin bütün tayfalarından adamlar vardı. Hicazla Şam arasında olan [o zaman] bomboş olan torpaqlara çatanda Əbdülmüttəlib və onun yol yoldaşlarının içməli suyu qurtardı. [Vəziyyət dözülməz həddə çatdı] Susuzluqdan ciyərləri elə yanırdı ki, hətta öləcəklərini düşünürdülər. Əbdülmüttəlibin yol yoldaşları onlarla bərabər yol gedən qüreyşlilərdən içməyə su istədilər. Qüreyşlilər isə su verməkdən imtina edib dedilər: "Biz bomboş torpaqlardayıq və sizin kimi suyumuzun qurtaracağından qorxuruq". Əbdülmüttəlib yaxınlarının bu dözülməz vəziyyətini, özünü və onları gözləyən təhlükə və bəlanı görüb soruşdu: "Nə edək?"  Yaxınları cavab verdilər: "Sənin əmrinə tabe olmaqdan başqa çarəmiz yoxdur. Nə əmr verirsənsə, ver!" Əbdülmüttəlib dedi: "Hərə özü üçün gücü çatana qədər bir quyu qazsın. Kim birinci ölsə, yoldaşları onun meyidini özünün qazdığı quyuya salıb basdırsın. Sonuncu adam qalana qədər bu işi davam etdirəcəyik!" Beləliklə, onlardan hər biri özü üçün quyu qazdı, sonra da kənarında oturub ölümünü gözləməyə başladı.

[Bir müddətdən sonra] Əbdülmüttəlib yol yoldaşlarına dedi: "Vallah, bu hərəkətimizlə özümüzü öz əlimizlə ölümə atırıq. Niyə bu torpaqları gəzib-dolaşıb  başımıza bir çarə qılmırıq? Bəlkə Allah bizə başqa bir yerdə su verdi! Gəlin, gedək!" Onlar [yola] hazırlaşmağa və onların [bütün]  hərəkətlərinə göz qoyan qüreyşlilərdən  uzaqlaşmağa başladılar. Əbdülmüttəlib də [yola çıxmaq üçün] öz dəvəsinə mindi.

[Möcüzə də elə bu zaman baş verdi] Əbdülmüttəlibin dəvəsi ayağa qalxan kimi heyvanın ayaqları altından su fışqırdı. Əbdülmüttəlib sevincək halda ucadan dedi: "Allahu Əkbər!" Onun yoldaşları da: "Allahu Əkbər"-deyə qışqırdılar. Əbdülmüttəlib və dəstəsi doyunca  su içib qablarını doldurdular. Əbdülmüttəlib qüreyşlilərə üz tutub dedi: "Allah bizə su göndərdi. Gəlin, siz də için, qablarınızı da doldurun!" Qüreyşlilər gəlib [istədikləri qədər]su içdilər, qablarını doldurub dedilər: "Allaha and olsun, Əbdülmüttəlib! Bu mübahisəli  məsələ sənin xeyrinə həll oldu! Bundan belə biz sənin Zəm-Zəm quyusuna olan haqqına iddia etməyəcəyik. Bu susuz çöldə sənə su verən Zəm-Zəm suyunu da sənə verib. Qayıt öz çeşmənə!". Beləliklə, onlar kahinənin yanına getmədən Əbdülmüttəlibin Zəm-Zəm quyusuna olan haqqını qəbul etdilər".

***

İbn İshaq bildirir: "Zəm-Zəm quyusu haqqında eşitdiyim bu rəvayəti Əli bin Əbu Talib(r) danışıb. Bir nəfərdən isə Əbdülmüttəlibin danışdığı digər rəvayəti eşitmişəm. Əbdülmüttəlibə  Zəm-Zəmi qazmaq əmr olunanda deyilibmiş: "...Sonra sən Allahın məbədini ziyarət edənləri susuzluğu yatıran, şəffaf və bol suya sarı çağır! Bu çeşmə durduqca heç kəsə zaval yoxdur!"

Bu sözlər Əbdülmüttəlibə deyildikdə o qüreyşlilərin yanına gələrək söyləyib: "Bilin və agah olun ki, mənə sizlər üçün Zəm-Zəmi qazmaq əmr olunub! Qüreyşlilər soruşublar: "Sənə onun yeri göstərilibmi?" Cavab verib: "Xeyr, göstərilməyib".Qüreyşlilər deyiblər: "Yatıb yuxu gördüyün yerə qayıt. Əgər bu yuxu Allah tərəfindən olan haqq yuxudursa, O sənə onun yerini nişan verəcək, yox əgər bu, Şeytan tərəfindən olan bir buyruqdursa, o sənin yanına bir daha gəlməyəcək!" Əbdülmüttəlib yuxu gördüyü yerə qayıdıb orada yatdı. Yuxuda ona deyildi: "Zəm-Zəmi qaz! Əgər sən onu qazsan, peşman olmayacaqsan. O sənin ən ulu əcdadından qalmış mirasdır ki, heç zaman tükənmir, içildikcə azalmır, zəvvarların susuzluğunu yatırır, böyük nemət olaraq bölünməzdir; onun yanında nəzir deyilir. Bu ehsan quyu miras və pozulmaz and yeri olaraq qalacaqdır. Lakin o, haqqında bildiyin bəzi şeylər kimi deyildir. O, tullantılar [atılan] və qanlar [axıdılan yerin] arasındadır".

İbn İshaq bildirir: "Deyilənlərə görə, bu sözlər  Əbdülmüttəlibə söylənəndə o: "Bəs o [yer] haradadır?"-deyə soruşmuş, cavabında ona deyilmişdi: "Qarışqaların qaynaşdığı, sabah isə bir qarğanın eşələndiyini görəcəyin yerdə. Düzünü isə yalnız Allah bilir".

Ertəsi gün sübh tezdən Əbdülmüttəlib yeganə oğlu Harislə qarışqa yuvasının olduğu və bir qarğanın torpaqda eşələndiyi yeri tapıb. Bura qüreyşlilərin İsaf və Nailə adlı bütlərinin yanında qurban kəsdikləri yer idi: Əbdülmüttəlib külünglə ona nişan verilmiş yeri qazmağa başladı. Qüreyşlilər onun yanına gələrək  Əbdülmüttəlibin necə həvəslə işlədiyini görüb dedilər: "Allaha and olsun, biz sənə bütlərimizin yanında və qurban kəsdiyimiz yerdə quyu qazmağa imkan verməyəcəyik!" Əbdülmüttəlib oğlu Harisə dedi: "Məni müdafiə et ki, quyunu qaza bilim. Allaha and olsun, mənə əmr olunmuş işi başa [mütləq] çatdıracağam!"

Əbdülmüttəlibin niyyətindən əl çəkmədiyini görən qüreyşlilər fikirlərindən danışıb onu rahat buraxdılar. Əbdülmüttəlibin də [kənkanlığı] çox çəkmədi. Bir azdan su görünməyə başladı. O ucadan: "Allahu Əkbər!"-dedi və ona həqiqətin deyildiyinə əmin oldu. Bir az da qazdıqdan sonra quyudan iki qızıl ceyran heykəli çıxdı. Bir zamanlar Cürhüm qəbiləsi Məkkəni tərk edərkən həmin heykəlləri quyuya atmış və üstünü basdırmışdı. Bundan başqa Əbdülmüttəlib quyudan xeyli qılınc və zireh tapdı. Qüreyşlilər ona dedilər: "Ey Əbdülmüttəlib! Səninlə bərabər bizim də bunlara haqqımız çatır". Əbdülmüttəlib cavab verdi: "Xeyr, amma əgər bu məsələnin ədalətli həllini istəyirsinizsə, o zaman bu [işi] ox falı ilə həll edək". Qüreyşlilər soruşdular: "Bunu hansı şərtlə etməliyik?" Cavab verdi: "İkisi Kəbənin, ikisi mənim, ikisi də sizin olmaqla oxlar götürməliyik. Kimin qismətinə nə çıxsa, onunla barışmalıdır, qismətinə heç nə düşməyən heç nə götürməyəcək". Qüreyşlilər dedilər: "Razıyıq". Beləcə iki sarı rəngli ox Kəbə, iki qara rəngli ox Əbdülmüttəlib, iki ağ rəngli ox da Qüreyş üçün seçib hamısını Hübəl adlı bütün yanında ox atacaq şəxsə verdilər. Qüreyşlilərin əsas bütü hesab olunan Hübəl Kəbənin içərisində yerləşdirilmişdi. Ühüd savaşı zamanı Əbu Süfyan bin Hərb:

"Ən uca Hübəldir!"-yəni "Muhəmmədin Allahından da ucadır" söyləyəndə məhz bu bütü nəzərdə tutmuşdu. Əbdülmüttəlib ayağa qalxıb böyük və qadir Allaha dua etdi. Ox sahibi oxları atdı və qızıldan olan iki ceyran heykəli Kəbənin qismətinə düşdü, sonra iki qara oxu çıxardı-qılınclar və zirehlər Əbdülmüttəlibin qismətinə düşdü, Qüreyşə isə heç nə çatmadı. Əbdülmüttəlib qılıncları və qızıl ceyranları əritdirib Kəbəyə qapı düzəltdirdi. Deyilənlərə görə, Kəbədə ilk dəfə məhz bu qızıl istifadə olunmuşdu. Zəvvarlara Zəm-Zəm suyu içirtmək də Əbdülmüttəlibin payına düşdü"...

İbn Hişamın Elmira Qafarovanın tərcüməsində çapa hazırlanan "Muhəmməd Peyğəmbər(s)in həyatı" kitabından

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31