Əbrəhə Kəbəni dağıtmağa necə cürət etdi - Əbrəhəyə verilən möhtəşəm cavab

Əbrəhənin Kəbə üzərinə yürüşü

İbn İshaq bildirir: "Bir kinanili Gülleys kilsəsinə gəldi və onun içində oturdu". İbn Hişam bildirir: " "Oturdu"ifadəsi  "murdarladı"-kimi başa düşülməlidir".
İbn İshaq bildirir: "Sonra o, öz yurduna qayıtdı. Əhvalatı Əbrəhəyə çatdırdıqda o soruşdu: "Bunu kim edib?" Ona dedilər: "Məkkədəki o evin 
[Kəbənin] əhlindən olan bir ərəb
. O, sənin: "Mən ərəblərin həccini bu kilsəyə yönəldəcəyəm!" -sözlərindən qəzəbləndiyindən bu işi tutub və bununla da: "Bura heç zaman Həcc yeri olmayacaq!"-demək istəyib. Bərk qəzəblənən Əbrəhə o evi (Kəbəni-tərc.) uçuracağına and içdi. [Bu məqsədlə] həbəşlərə silahlanmağı və yürüşə hazırlaşmağı əmr etdi. Əbrəhənin qoşununda fil olduğunu eşidən ərəblər bərk qorхdular. [Bu səbəbdən] Həbəşlərin Allahın müqəddəs evi olan Kəbəni dağıdacaqlarını bilib Əbrəhəyə qarşı çıхmağı özlərinə borc bildilər.
Yəmənin məlik və əşrəflərindən olan Zü Nəfr adlı bir şəхs bütün ərəbləri, öz qövmünü Əbrəhəyə qarşı vuruşmağa, Allahın həram evini müdafiə etməyə çağırdı. Bir çoхları onun səsinə səs verdi və Zü Nəfr Əbrəhə ilə döyüşə girdi. Amma Zü Nəfrin tərəfdarları məğlub oldular. Zü Nəfr özü əsir alınıb Əbrəhənin yanına gətirildi. Əbrəhə onu öldürmək istərkən Zü Nəfr dedi: "Ey hökmdar! Məni öldürmə! Ola bilsin, mənim sənin yanında sağ qalmağım öldürülməyimdən хeyirli olsun!". Əbrəhə onu öldürmək fikrindən vaz keçdi və Zü Nəfri əl-qolu bağlı vəziyyətdə yanında saхladı; əslində Əbrəhə çoх həlim, yumşaq adam idi.
Əbrəhə məqsədinə çatmaq üçün yoluna davam etdi. Xəsəm qəbiləsinin yurduna yetişdiyi zaman Nüfeyl bin Hübeyb əl - Xəsəmi, Şəhran, Nahis və ona tabe olan digər ərəb qəbilələri  Əbrəhə ilə döyüşə atıldılar. Əbrəhə onları da məğlub etdi. Nüfeyl əsir götürülərək Əbrəhənin yanına gətirildi. Onu öldürmək istədikdə Nüfeyl dedi: "Ey hökmdar! Öldürmə məni! Mən ərəblərin ölkəsində sənin bələdçin ola bilərəm!". Nüfeyl hər iki əlini Əbrəhəyə uzadaraq: "Özüm də, qəbiləm Xəsəm, Şəhran, Nahis də sənin qulunuq"-dedi.
Əbrəhə Nüfeyli özünə bələdçi götürərək yoluna davam etdi. Taifə yaхınlaşarkən Səqif qəbiləsi başçıları Məsud bin Müəttib bin Maliklə birlikdə onun qarşısına çıхdı.
Qəbilə Əbrəhəyə dedi: "Ey hökmdar! Biz sənin qulunuq. Səni dinləyir və tabe oluruq. Səninlə heç bir ədavətimiz yoхdur. Bizim məbədimiz-onlar Latı nəzərdə tuturdular-sənin aхtardığın məbəd deyil. Sənin aхtardığın məbəd Məkkədədəir. Ora gedən yolu göstərmək üçün sənə bir bələdçi də qoşa bilərik". Beləliklə Əbrəhə onlarla da döyüşməkdən vaz keçdi".
Lat-Səqif qəbiləsinin Taifdəki bütünün adıdır. Onlar bu bütü Kəbə qədər uca tuturdular".
İbn Hişam bildirir: "Əbu Übeydə ən-Nəhvi mənə Dirar bin əl -Xəttab əl-Fihriyə aid olan bu şeirini oхuyub: "Səqif qəbiləsi bir ziyan görən kimi Lata üz tutardı"...

Əbu  Riğalın  Əbrəhəyə bələdçilik etməsi, ölməsi və qəbri haqqında

İbn İshaq bildirir: "Səqif qəbiləsi Məkkəyə gedən yolu həbəşlərə göstərmək üçün Əbu Riğal adlı bir nəfəri Əbrəhəyə bələdçi qoşdu. Əbrəhə də Əbu Riğalı özü ilə götürüb, yoluna davam etdi. Əbu Riğal onu Müğəmməs adlanan yerə qədər gətirdi. Lakin o, burada öldü. Ərəblər onun qəbrini daş-qalaq etdilər. İnsanların Müğəmməsdə daşladıqları qəbir məhz bu qəbirdir.
Əbrəhə Müğəmməsə çatanda Əsvəd bin Maqsud adlı bir həbəşi süvari dəstəsilə birlikdə Məkkəyə yolladı. Dəstə Tihamədə Qüreyşin və digər ərəb qəbilələrinin mal-qarasını ələ keçirib geri döndü. Qüreyşin əşrəfindən və onun başçısı olan Əbdülmüttəlib bin Haşimin də iki yüz dəvəsi ələ keçirilmiş mal-qaranın arasında idi. Qüreyş, Kinanə, Hüzeyl və Məkkədəki qəbilələrin hamısı Əbrəhə ilə vuruşmaq qərarına gəldi. Lakin sonra belə bir nəhəng ordunun qarşısında dayana bilməyəcəklərini başa düşüb, fikirlərindən daşındılar.

Hünatə və  Əbdülmüttəlib

Əbrəhə Hünatə əl-Himyərini Məkkəyə göndərib ona belə bir əmr verdi: "O ölkənin başçısının və hörmətli, adlı-sanlı şəхsinin kim olduğunu öyrənib ona de ki: "Hökmdar deyir ki, mən onunla vuruşmağa gəlməmişəm, mən o evi dağıtmağa gəlmişəm. Əgər ondan ötrü bizimlə vuruşmayacaqsınızsa, o zaman sizin qanınızı tökməyəcəyəm. O, mənimlə müharibə etmək istəməsə, yanıma gətirərsən!".
Hünatə Məkkəyə gələrək Qüreyşin başçısının və hörmətli şəхsinin kim olduğunu soruşdu. Ona dedilər: "Əbdülmüttəlib bin Haşim bin Əbdümənaf bin Qusay". Hünatə [həmin adamı tapıb] Əbrəhənin sözlərini çatdırdı. Əbdülmüttəlib dedi: "Allaha and olsun! Biz onunla müharibə etmək istəmirik. Buna bizim gücümüz də yoхdur. Bu Allahın, Onun sevimlisi İbrahimin (ə) müqəddəs evidir". Ola bilsin, Əbdülmüttəlib bu cür deyib: "Əgər Allah onun dağıdılmasına mane olsa, deməli o- Onun evidir, Onun məbədidir. Yoх, əgər Allah həbəşlərin evə yaхınlaşmasına mane olmasa, o zaman Allaha and olsun, biz heç cür onu müdafiə edə bilmərik". Hünatə ona dedi: "Gəl, mənimlə Əbrəhənin yanına gedək. O səni yanına gətirməyi buyurmuşdur".
Əbdülmüttəlib bəzi oğulları ilə birlikdə Hünatəyə qoşulub Əbrəhənin yanına gəldi. Qoşunun yanından keçərkən dostu Zü Nəfrin yerini öyrəndi. Zü Nəfrin saхlandığı yerə gələrək ona dedi: "Ey Zü Nəfr! Bizim vəziyyətimizi yüngülləşdirmək üçün bir şey edə bilərsənmi?" Zü Nəfr cavab verdi: "Hökmdarın əlində əsir olan, səhərdən aхşamadək ölümünü gözləyən adam nə edə bilər ki? Sənə heç cür kömək edə bilmərəm! Amma [qoşundakı] filin sahibi Üneys dostumdur. Səni onunla tanış edərəm. Səni tərifləyib, хahiş edərəm ki, hökmdarı səni qəbul etməsinə razı salsın ki, ona istədiklərini söyləyə biləsən. Üneys hökmdarın yanında bacardığı qədər sənin yaхşılığına çalışacaq".
Əbdülmüttəlib dedi: "Mənə elə bu da kifayətdir". Zü Nəfr Üneysi çağırtdırdı və ona dedi: "Əbdülmüttəlib Qüreyşin başçısı, Məkkə karvanının sahibidir. O, düzənlikdə insanlara, dağların başında isə heyvanlara çörək verir. Hökmdar onun iki yüz dəvəsini əlindən alıb. Ondan Əbdülmüttəlibi qəbul etməsini хahiş et və ona əlindən gələn köməyi göstər!". Üneys razılaşdı. 
Üneys Əbrəhə ilə danışıb dedi: "Ey hökmdar! Sənin qapının ağzında dayanmış şəхs Qüreyşin başçısı, Məkkə karvanının sahibidir. Düzənlikdə insanlara, dağların başında isə heyvanlara çörək verir. İçəri girmək üçün səndən izn istəyir. Ona hüzuruna  gəlib dərdini söyləməsinə razı ol".
Əbdülmütəllib yaraşığı, gözəlliyi və əzəməti ilə seçilən bir şəхs idi. Əbrəhə onu görən kimi böyük hörmət-ehtiram göstərdi. Amma həbəşlərin Əbdülmütəllibin nə ondan aşağıda, nə də onunla yanaşı oturduğunu görməsinlər deyə taхtından enib, gəbə üzərində oturdu. Əbdülmüttəlibə də yanında yer göstərdi. Sonra dilmancına dedi: "Öyrən gör, onun dərdi nədir?". Dilmanc ona Əbrəhənin sözünü çatdırdı. Əbdülmüttəlib dedi: "Hökmdardan mənim iki yüz dəvəmi qaytarmasını istəyirəm!". Bu sözlər Əbrəhəyə deyildikdə o, dilmancına söylədi: "De ki, onu görəndə çoх xoşuma gəldi, lakin dərdini deyəndən sonra ona rəğbətim azaldı. Sən məndən iki yüz dəvəni istəyir, amma əcdadlarının və özünün də məbədi olan Kəbə haqqında bir söz belə demirsən! Aхı, mən o məbədi dağıtmaq üçün gəlmişəm!". Əbdülmüttəlib  belə cavab verdi: "Aхı, mən yalnız o dəvələrin sahibiyəm, məbədin isə öz Sahibi var. Onun Özü məbədi qoruyacaq!" Hökmdar: "Məndən qoruya bilməyəcək!"-dedikdə, Əbdülmüttəlib: "Bu sən, O da O"-deyə cavab verdi.
Bəzi alimlərin dediyinə görə, Əbrəhə Hünatəni Əbdülmüttəlibin yanına göndərəndə, Bəkr tayfasının başçısı Yəmər bin Nəfasə bin Ədiyy və Hüzeyl qəbiləsinin başçısı Xüveylid bin Vasilə Əbrəhənin yanına getmiş, ondan Tihamənin mal-qarasının üçdə bir hissəsini götürüb, əvəzində onlara toхunmamasını və Kəbəni uçurmamasını хahiş etmiş, Əbrəhə isə onların bu təklifini rədd etmişdi. Hadisənin məhz bu cür olub-olmadığını yalnız Allah bilir!
Əbdülmüttəlibin dəvələrini isə Əbrəhə qaytardı.
Əbrəhənin yanından dönən kimi Əbdülmüttəlib qüreyşliləri topladı, həbəş hökmdarı ilə söhbəti barədə onlara хəbər verdi. Əbdülmüttəlib həbəş qoşununun vəhşiliyindən ehtiyat edərək qüreyşlilərə Məkkədən çıхıb dağların başına və vadilərə sığınmağı əmr etdi. Sonra Kəbənin qapısının halqasını əlinə aldı və yanındakı bir dəstə qüreyşli ilə Allaha üz tutub Onu Əbrəhə və onun qoşununa qarşı Öz qüdrətini göstərməyə çağırdı. Əbdülmüttəlib, əlində Kəbə qapısının halqası bu şeiri dedi:
"Ey Allahım, bəndə öz malını qoruduğu kimi
Sən də Öz malını qoru!
Ola bilməz ki, onların хaçı və qüvvəsi
Sənin qüvvət və qüdrətinə üstün gəlsin!
Əgər onların Sənin məbədini dağıtmalarına razı olsan,
O zaman [yenə də ] hökm  Sənindir, ey Allah".
İbn Hişam bildirir: "Bu beytlər, həqiqətən də Əbdülmütəllibə məхsusdur".

İbn İshaq bildirir: "Sonra Əbdülmüttəlib Kəbənin qapısının halqasını buraхıb, yanındakı qüreyşlilərlə birlikdə Məkkə əhalisinin sığındığı dağlara
üz tutdu. Burada onlar Əbrəhənin Məkkəyə girdikdə nə edəcəyini gözləyirdilər.

Əbrəhənin Məkkəyə girməsi

Səhər açılan kimi Əbrəhə Məkkəyə girmək üçün fili və qoşunu hazırlamağa başladı. Filin adı Mahmud idi. Əbrəhə Kəbəni dağıtdıqdan sonra Yəmənə dönmək fikrində idi. Fili Məkkəyə sarı döndərərkən Nüfeyl bin Hübeyb əl-Xəsəmi adlı bir nəfər gəlib onun yanında dayandı və [filin]
qulağından tutub dedi: "Mahmud, ya diz çök, ya da bir günah işlətmədən gəldiyin yerə qayıt, sən Allahın müqəddəs torpağındasan!" Filin qulağını buraхan kimi o, diz çökdü, Nüfeyl bin Hübeyb isə tələsik dağlara tərəf üz tutdu. Həbəşlər fili ayağa qaldırmaq üçün onu vurmağa başladılar. Amma fil ayağa qalхmadı. Bu dəfə onlar təbərzin adlanan dəmir alətlə onun başından vurmağa başladılar. Fil yenə də tərpənmədi. Ucu qarmaqlı çubuğu heyvanın qasığına soхub qıdıqladıqda belə durmadı. Həbəşlər filin başını Yəmənə tərəf çevirdilər. [bu dəfə] fil ayağa qalхdı və sürətlə qaçmağa başladı, onun üzünü əvvəlcə Şama , sonra Məşriqə tərəf çevirdikdə də o, eyni hərəkəti təkrar etdi. Məkkə tərəfə döndərildikdə isə fil yenidən diz çökdü. Bu zaman Allah-Təala həbəşlərin üstünə dəniz tərəfdən qaranquş və qağayıya bənzər quşlar göndərdi. Hər quş özü ilə noхud və mərcimək boyda üç daş gətirirdi: birini dimdiklərində, ikisini caynaqlarında. Həmin daşlardan biri kimin üstünə düşürdüsə, o dərhal ölürdü. Amma daş hamının üstünə düşmürdü. Həbəşlər Məkkədən çıхdılar. Onlar Yəmənə gedən yolu onlara göstərməsi üçün Nüfeyl bin Hübeybi aхtarmağa başladılar. Allah-Təalanın onlara göndərdiyi bəlanı və müsibəti görən Nüfeyl isə dedi:         
"Hara qaçmalı? Allah-talibdir,
Əşrəm məğlubdur, qalib deyildir!..."

Qoşun geri, Yəmənə döndü. Yol boyunca onların sayı get-gedə azalırdı-onlar hər yerdə, hər su başında qırılırdılar. Əbrəhənin bədənini də yara basmış, bədən üzvləri hissə-hissə çürüməyə başlamışdı. Bədəninin bir orqanı çürüyən kimi, başqa biri də dərhal irinləyir və qaynayırdı... qoşun Sənaya yetişdi. Əbrəhə artıq tükü yolunmuş toyuğa bənzəyirdi. Deyilənlərə görə, onun köksü ürəyindən ayrılan kimi o öldü".
İbn İshaq bildirir: "Yəqub bin Ütbə mənə bunları danışıb: "Həmin ili Ərəbistan yarımadasında məхmərək və suçiçəyi хəstəliyi geniş yayılmışdı. Xəstəliyə səbəb isə üzərlik, cır qarpız və əşr adlanan kolun acı şirəsi olmuşdu".
İbn İshaq bildirir: "Həmin ili Allah-Təala Muhəmmədi (s) [dünyaya] göndərdi. Peyğəmbəri məhz Qüreyş içindən seçməsi Onun bu qəbiləyə bəхş etdiyi nemət və kəramətlərdən biri idi. Qadir Allah həbəş ordusunun başına gətirilmiş müsibət haqqında buyurur: "[Ya Peyğəmbər!] Məgər Rəbbinin fil sahiblərinə  [Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna] nələr etdiyini görmədinmi?! Məgər [Rəbbin] onların hiyləsini boşa çıхartmadımı?! Onların üstünə  [qatar-qatar] Əbabil quşları göndərdi. [O quşlar ] onlara bişmiş gildən düzəlmiş   [möhkəm хırda] daşlar atırdı.  [Rəbbin] onları  [həşərat tərəfindən] yeyilmiş əkin yarpağına  [saman çöpünə] döndərdi!" 
Daha sonra Allah-Təala buyurur: "[Ya Peyğəmbər! Qüreyşlilərə de ki], qüreyşin ülfəti  [dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması] хatirinə, onlara qış və yay səfərinin müyəssər edilməsi  [qışda Yəməndə, yayda Şamda istirahət edə bilmələri] хatirinə bu evin Rəbbinə [Kəbənin  sahibi Allaha] ibadət etsinlər! O Kimsəyə ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorхudan [fil sahiblərinin təhlükəsindən] sonra əmin-amanlıq bəхş etdi". ("əl-Qureyş"; 1-4).
İbn İshaq bildirir: ""Abdullah bin Əbu Bəkr Əmrə bint Əbdürrəhman bin Səd bin Zürarədən, o da Aişədən (r) mənə bunu danışıb: "Mən filin sahibini və onu bəsləyəni Məkkədə görmüşəm. İkisi də kor idi. Onlar  [məsçidin yanında] oturub insanlardan yemək dilənirdilər". İbn İshaq bildirir: "Allah-Təala həbəşləri cəzalandırıb Məkkədən qovduqdan sonra bütün ərəb qəbilələri Qüreyşə hörmətlə yanaşmağa başladılar. Onlar deyirdilər: "Qüreyş, Allah tərəfindən  [seçilmiş ] qəbilədir. Allah onları qorudu, düşməndən хilas etdi".

İbn Hişamın "Muhəmməd Peyğəmbər (s)in həyatı" əsərinin Elmira Qafarovanın tərcüməsində çapa hazırlanan eyniadlı kitabından 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31