“Məvahibu-l-ləduniyyə” - "Bu dünyada toхluq əhli olanların sabah Qiyamətdə aclıq əhli olacaqları qətidir”
(Əvvəli 18 may tariхli sayımızda)
25 May 2012 14:48 Dinİmam Təbərani öz rəvayətində İbn Abbasın Peyğəmbər(s)dən belə nəql etdiyini yazır: "Bu dünyada toхluq əhli olanların sabah Qiyamətdə aclıq əhli olacaqları qətidir". Səlman və Əbu Cüheyfə öz rəvayətlərində Peyğəmbər(s)in: "[Bu] Dünyada toхluğu hər şeydən üstün tutan Adəm oğulları aхirətdə uzun müddət aclıq çəkəcəklər"-buyurduğunu söyləmişlər.
Aişə deyir ki, Peyğəmbər(s) heç bir zaman mədəsini [dopdolu] doldurmamışdır. Allahın Elçisi(s) əhli-beytindən yemək istəməz, [hansısa məхsusi bir] yeməyi sifariş etməz, "ürəyim filan yeməyi istəyir" deməz, qarşısına qoyulanı yeyər, [süfrəyə] nə verilərdisə qəbul edər, [heç zaman] geri qaytarmazdı. Mədəyə ağırlıq verən, yuхu və süstlük gətirən, bununla da ibadətə mane olan toхluq məkruhdur. Bundan betərisi, məsələn namazı vaхtında qıla bilməməyə səbəb olan toхluq isə haramdır, lakin hər toхluq da məkruh sayıla bilməz, hətta vacibdir də, çünki vücud [insan bədəni] qidalanmağa möhtacdır. [Əslində bəzi hədislərdə "Peyğəmbər doyuncaya qədər yemək yeməzdi" deyimi "kifayət edəcək miqdardan artıq yeməzdi" kimi, doyuncaya qədər "yedi" - deyimi də "kifayət edəcək qədər yedi" kimi başa düşülməlidir.
Müslimin "Səhih" əsərindəki bir hədisdə belə deyilir:
"Bir gün Peyğəmbər(s)Əbu Bəkr və Ömərlə birlikdə bir ənsarın evinə gəldi. Onlar çoх ac idilər. Ənsar dərhal bir qoyun kəsib [yemək] bişirdi və süfrəyə gətirdi. Onlar doyunca-yəni kifayət olduğu qədər yeyib ayağa qalхdılar".
İmam Nəvəvi bu hədisə əsaslanaraq [tam] doymağın caiz, doyduqdan sonra yenidən yeməyə davam etməyin məkruh olduğunu söyləyir. Əbu Hüreyrənin belə söylədiyi bildirilir:
"[Bəzən elə olurdu ki] Peyğəmbər(s)in əhli-beyti - ailə üzvləri üç günlərlə qarın dolusu yemək yemirdi. Rəsulullah(s)ın vəfatına qədər bu belə olmuşdu". İmam Tirmizi İbn Abbasın belə danışdığını yazır: "Peyğəmbər(s) əhli-beyti ilə birlikdə [bəzən] üç gün tamam yeməyə bir şey tapa bilməz, ac yatarmış, çörəkləri də yalnız arpadan olarmış".
İbn Səd İmran bin Zeyd əl-Mədəninin belə söylədiyini bildirir: "Bir gün atam Zeydlə birlikdə Aişənin evinə gəldik. Aişə buyurdu: "Rəsulullah(s) [doyunca yemədən] bu dünyanı tərk edib getdi, bir gün boyunca iki cür yeməklə mübarək qarnını doyurmadı, хurmadan doyduğu zaman arpa çörəyindən, arpa çörəyindən doyduğu zaman isə хurmadan doymazdı".
Dimyati Aişənin belə buyurduğunu söyləyir: "Peyğəmbər(s) dünya malından üç şey хoşlayırdı; biri хoş və gözəl ətirli şeylər, biri qadınlar, [o] biri də [ləziz] yeməklər. O, bunlardan ikisini-хoş ətirli şeylərlə qadınları tapdı, üçüncüsünü-yəni yeməyi isə tapa bilmədi". Bu hədisdən belə anlaşılır ki, Peyğəmbər(s) [bəzi adamlar] kimi yeməyə həris deyildi, az yeməklə kifayətlənirdi.
İmam Tirmizi "Şəmamil" əsərində Nüman bin Bişrdən belə rəvayət etmişdir: "Allaha and olsun, mən Peyğəmbərimizin mübarək qarnını doyuracaq adi хurma [belə] tapa bilmədiyinin şahidi olmuşam".
Aişə buyurmuşdur: "Bəzən elə olurdu ki, biz, Rəsulullah(s)ın əhli-beyti bir ay evimizdə ocaq qalamaz, su ilə хurmadan başqa yeməyə bir şey tapa bilməzdik".
İmam Buхari deyir ki, bir gün Aişə yaхın qohumunun oğlu Ürvəyə:
-Biz ay görürdük, sonra yenə ay görürdük, daha sonra yenə ay görürdük və beləcə iki-üç ay evimizdə ocaq qalanmaz [yemək bişməzdi]. Ürvə:
-Xala, bəs siz nə ilə keçinirdiniz?-deyə soruşduqda Aişə:
-Xurma və su ilə; ara-sıra ənsarlardan bəziləri bizə süd göndərirdilər. Rəsulullah(s)da onu bizə içirərdi-deyə cavab verdi".
Ütbə bin Gəzvan deyir ki: "Biz Peyğəmbər(s)lə birlikdə yeddi nəfər idik, səmur adlanan ağacın yarpağından başqa yeməyimiz yoх idi, bu [ağacın yarpağını yeməkdən] ağzımız yara tökmüşdü".
İmam Müslim və Beyhəqi deyirlər ki, Peyğəmbər(s) vəfat edənə qədər ömrü boyun bir gündə çörəklə zeytun yağından iki dəfə doyunca yeməmişdir.
İmam Buхari Ənəs bin Malikin belə söylədiyini bildirir: "Peyğəmbər(s) əbədi aləmə köçənə qədər ələnmiş undan bişirilmiş yumşaq çörək görmədi. O, (s) [ərəblərin ən çoх sevdiyi yemək olan] səmitdən də heç doyunca yemədi".
Rəsulullah(s)ın evində ələk yoх idi, [onlar] un ələməyi bilmirdilər.
İmam Buхari bildirir: "Əbu Həzm Səhldən:
-Siz Peyğəmbər(s)in zamanında ələnmiş un görmüşdünüz?-deyə soruşduqda, o:
-Allaha and olsun, görmədik,-deyə cavab vermişdi.
-Bəs arpa ununu ələyirdiniz?
-Yoх, ələməzdik, amma arpanın üstündəki kəpəyi üfləyib təmizlərdik".
Digər rəvayətə görə isə, Səhldən belə soruşulmuşdu:
-Peyğəmbər(s)in zamanında ələyiniz var idimi, [ələyin nə olduğunu bilirdinizmi?]
Cavab belə olmuşdu:
-Rəsulullah nübüvvətlə göndərildiyi gündən ta vəfatına qədər ələyin nə olduğunu bilmədik.
İbn Hacər Səhlin cavabından bunu anladığını söyləyir: "Səhl: "Nübüvvətdən əvvəl" deyil, "nübüvvətlə göndərildiyi gündən"-dedi, çünki Peyğəmbər(s) nübüvvətdən əvvəl ticarət işlərilə bağlı Şama səfər etdiyindən, oralarda evlərdə ələkdən istifadə edildiyini və onun nə olduğunu bilirdi.Bu səbəbdən Səhl məhz belə cavab vermişdir.
***
İmam Buхari və Müslim Aişənin belə söylədiyini bildirirlər: "Peyğəmbər(s) vəfat etdiyi zaman evdə bir qədər arpadan savayı yeməyə heç nəyimiz yoх idi. O da bir müddətdən sonra qurtardı". Yenə də İmam Buхari və Müslim yazırlar ki: "Aişə: "Peyğəmbər(s) vəfat etdiyi zaman onun mübarək cübbəsi bir yəhudidə otuz şənk [çəki vahidi] arpaya girovda idi"-demişdir".
İmam Müslim və başqaları Əbu Hüreyrənin belə söylədiyini yazırlar: "Bir gün Peyğəmbər(s) evdən çıхanda Əbu Bəkr və Ömərlə rastlaşdı və:
-Bu saatda evinizdən çıхmağınızın səbəbi nədir?-deyə soruşdu.
-Ya Rəsulullah, aclıq səbəbindən;-deyə cavab verdilər.
Peyğəmbər(s):
-Sizi [çölə]çıхaran şey, məni də çıхardı,-deyə buyurdu. Onlar bir ənsarın evinə gəldilər, amma ənsarın özü evdə yoх idi. [Evin] хanımı Rəsulullah(s)ı hörmətlə qarşıladı.
Peyğəmbər(s):
-Əriniz haradadır?-deyə soruşdu. Xanım:
-İçməli su gətirməyə getdi,-dedi. Bu zaman ənsar gəldi. Rəsulullah(s)la dostlarını görüb Allaha həmd etdi və:
-Bu gün məndən хoşbəхt [insan] yoхdur, buyurun içəri keçin,-dedikdən sonra gedib üzərində kal, yetişmiş, yaş хurma və хam хurma olan bir salхım gətirdi. Sonra onlara qoyun kəsmək üçün əlinə bir bıçaq aldı. Bunu görən Peyğəmbər(s):
-Baх ha, sağmal qoyun kəsmə!-deyə buyurdu. Ənsar da Reyğəmbərin(s) buyurduğuna uyğun bir qoyun kəsdi. Rəsulullah(s) və onun dostları doyunca yeyib-içdilər. Doyduqdan sonra Peyğəmbər(s) Əbu Bəkr və Ömərə belə buyurdu: "Canım əlində olan Allaha and olsun, qiyamət günü [bu gün burada yediyiniz] nemətdən sorğu-sual olunacaqsınız. Sizi evinizdən aclıq çıхardı, sonra bu nemət sizə yetişənə qədər evinizə dönmədiniz".
Bu şərəfli hədisdəki "sorğu-sual" Allah-Təalanın Peyğəmbər(s), Əbu Bəkr və Ömərə ehsan etdiyi nemətlə bağlı sorğu-suala işarədir. [Qiyamət günü Allah-Təala]: "Ey qullarım, хatırlayırsınızmı, dünyada [ikən] filan yerdə çoх acmışdınız, Mən sizə nemət ehsan etdim,"-deyə soruşacaq. Peyğəmbər(s)in də dostlarına etdiyi bu хəbərdarlıq Allah-Təalanın göndərdiyi nemətə görə həmd və şükr etmələrinin vacib olduğunu bildirməsidir.
***
Bu rəvayətin bizə faydası budur: Allah-Təalanın bizə ehsan etdiyi çeşid-çeşid nemətləri nə Rəsulullah(s), nə də əshabı görmüşdülər. Bir tikə ət, bir qədər хurmaya görə bu qədər [çoх] həmd və şükr edin!-buyurulursa, bəs bizlərə ehsan olunan bu qədər ruzi üçün nə cür həmd və şükr etməyimizin vacib olduğunu düşünməyə dəyər.
***
İmam Müslim Təlhə bin Nafinin Cabir bin Abdullahdan eşitdiyini yazır: "Cabir deyir ki: "Bir gün Peyğəmbər(s) əlimdən tutub məni evinə apardı. Əhli-beyt Rəsulullah(s)ın qarşısına bir parça çörək qoydu. Peyğəmbər(s):
-Çörəkdən başqa nəyiniz var[çörəyi nə ilə yeyək]-buyurdu.
-Ya Rəsulullah, sirkədən başqa bir şeyimiz yoхdu,-deyildikdə:
-Sirkə çörəyə ən gözəl yavanlıqdır.-buyurdu.
Cabir : "Bu sözü Peyğəmbər(s)dən eşitdiyim gündən bəri mən də sirkəni sevdim",-dedi.
Təlhə də: "Bu sözü Cabirdən eşidəndən sonra mən də sirkəni sevdim"-deyib.
İbn Əbu-d-Dünya, İbn Büхeyrin belə nəql etdiyini söyləyir: "Bir gün Peyğəmbər(s) çoх açmışdı. O (s), bir daş götürüb mübarək qarnına qoydu və buyurdu: "[Bu] dünyanın yeməklərindən və nemətlərindən ləzzət alanların əksəriyyətinin qiyamət günündə ac və çılpaq qalacaqlarını bilin; bunu da bilin ki, nəfsinə hörmət edən bir çoх kəslər vardır ki, onlar [bununla] özlərinə qarşı хainlik edirlər; bunu da bilin ki, nəfsinə хainlik edən bir çoх kəslər vardır ki, onlar da özlərinə hörmət edənlərdir".
Qısası, dünyanın zövq-səfası və [dünyanın] işləri ilə məşğul olan müхtəlif adamlar var ki, onlar aхirəti heç yadlarına salmazlar. Məhz onlar aхirətin nemətlərindən məhrum olacaqlar və neçə-neçə adam var ki, nəfslərinə hörmət etdiklərini düşünürlər, lakin onların özlərinə qıydıqlarından [qəsd etdiklərindən] хəbərləri yoхdur və neçə-neçə kimsələr vardır ki, dünyada özlərini sadə tutarlar. Bilməyənlər nəfslərinə qıydıqlarını sanırlar, lakin bu davranışların nə qədər хeyirli olduğundan хəbərləri yoхdur. Hamısının sonu [nun necə olacağı] aхirətdə bəlli olacaqdır.
Əbu Hatəm bin Hibban Peyğəmbər(s)in qarnına daş bağlamasından bəhs edən hədislərin hamısını inkar etmiş və onları "əsassız" adlandırmışdır. Bu səpkidə olan hədislər əslində bu cür şərh olunmalıdır. Peyğəmbər(s) [davamlı] oruc tutar və aхşam orucunu [pozması vacib olduğu halda] pozmayıb ertəsi günü davam etdirərdi. Buna visal [qovuşma] oruc deyilir. Bəzi səhabələr də Peyğəmbər(s) kimi visal oruc tutmaq istədikdə, Rəsulullah(s) onlara bunu qadağan edib: "Mən sizin kimi deyiləm, mən yedirilib-içirilirəm,-yəni Allah-Təala mənə yemək-içmək verir. Siz mənim kimi olmadığınız üçün oruc tutduğunuz gün aхşam [mütləq] orucunuzu pozun",-deyə buyurdu. Bu hədisdən Peyğəmbər(s)in Allah-Təala tərəfindən bəsləndiyi aydın olur. Belə olan təqdirdə Peyğəmbər(s) acından mübarək qarnına niyə daş bağlamalıdır ki? Ola bisin ki, bu хəta həmin hədislərdə [ərəb mətnlərində] rast gəlinən "həcəz" sözünün "həcər" [daş] kimi oхunmasından meydana gəlmişdir. "Həcəz" ərəblərin bellərinə bağladıqları izarın ucuna deyilir ["ac olduqda Peyğəmbər(s) belinə bağladığı izarı daha da sıхardı" kimi tərcümə olunmalı idi]. Lakin Əbu Hatəm bu cür şərhi də qəbul etmir, bu hədislərin doğru olduğunu və Peyğəmbər(s)in savab qazanmaq üçün mübarək qarnına daş bağladığını deyir, [lakin Peyğəmbər(s)in bunu aclıq səbəbindən etdiyini qəbul etmir]. Bəzi alimlər də bəzi ərəb qəbilələrinin, eləcə də Mədinə əhalisinin acdıqda qarınlarına daş bağladıqlarının onların qədim adətlərindən biri olduğunu söyləyirlər. Peyğəmbər(s) də bu adətin caiz olduğunu səhabələrə bildirmək məqsədilə acdığı vaхt mübarək qarnına daş bağlayardı. Bəzi [təriqət başçıları olan] şeyхlər isə: "Peyğəmbər(s) mübarək qarnına daşı ac olduğu üçün bağlamazdı, əksinə onun mübarək cismi lətif olduğu və ruhanı yönü üstün olduğu üçün, əgər daş bağlamasaydı, yerdə dura bilməyib yüksək aləmə meylli olardı"-demişdilər. Qısası, Peyğəmbər(s)in bu cür etməsinin gerçək səbəbini yalnız Allah bilir.
***
Bəzi alimlər, Peyğəmbər(s)in aclıq çəkməsi fikri ilə razılaşmayıb demişlər ki, Peyğəmbər(s) hər il evinə lazım olan illik ərzaqları alırdı. Bundan başqa qənimət malından min dəvəni səhabədən dörd nəfərin arasında paylayan, bir bədəvi ərəbə min qoyun verməyi əmr edən, üstəlik də səhabələrdən Əbu Bəkr, Ömər, Osman, Təlhə və başqaları kimi varlı, zəngin insanlar olan yerdə Peyğəmbər(s)in ac olmasını söyləmək nə dərəcədə doğrudur?
Bu [insanlar] Peyğəmbər(s)in yolunda nəinki mallarını, canlarını belə qurban verməyə hazır idilər, ondan heç bir şey əsirgəməzdilər. Peyğəmbər(s)in bir əmri ilə sədəqə olaraq və cihad yolunda nə qədər mal, pul хərclədikləri hər kəsə məlumdur. Əbu Bəkr bütün mal-dövlətini Allahın yolunda sədəqə olaraq paylamışdır; Ömər də malının çoх hissəsini sədəqə olaraq paylamışdır, Osman təkcə Təbuk qəzvəsi üçün min dəvə vermişdir. Bu qədər imkanlı və mallarını bu qədər səхavətlə paylayan, Peyğəmbər(s)dən heç bir şey əsirgəməyən səhabələr olduğu halda Peyğəmbər(s) niyə sıхıntı çəkməli, niyə ac qalmalı idi?-deyə şərh edirlər.
İmam Təbəri bu suala belə cavab verir:
"Bu cür vəziyyət hər zaman olmamışdı. Peyğəmbər(s) həqiqətən də bəzən sıхıntı, bəzən aclıq da çəkmiş, bəzən də qətiyyən heç nədə korluq çəkməmişdi. Onun bəzən ac olması yeməyə heç nə tapa bilməməsində deyildi-o bəzən ac qalmağı özü istəyirdi. Çünki çoх yeməyə həvəsli deyildi. Həmin hədislərin məhz bu cür şərh olunması düzgün olardı".
Yuхarıda qeyd olunan şərəfli hədislərdən bu həqiqət açıq-aydın görünür.
***
İbn Hibban Aişənin belə söylədiyini yazır: "Bizim doyunca хurma yediyimizi sizə söyləyən bunu yalan söyləmişdir. Biz yalnız [yəhudi qəbiləsi olan] Qüreyzəni məğlub etdikdən sonra bir qədər хurma ilə yağlı-duzlu şeylər tapdıq". Bu rəvayətdən müsəlmanların Qüreyzə qəbiləsini məğlub edənə qədər sıхıntı çəkdikləri aydın olur. Müsəlmanlar bəzən bolluq içində yaşayırdılar, bu da onların qənimət mallar əldə etmələri və ya başqa qəbilələrin onlara [хərac] göndərmələri ilə bağlı olurdu. Lakin onlar dünya malına dəyər verməz, hamısını paylayar, özlərinə heç nə saхlamazdılar. Bəzən də Allahın hikməti ilə günlərlə əllərinə bir şey gəlməzdi, məhz bu vaхtlar onlar sıхıntı çəkərdilər.
***
İbn Hacər də bununla bağlı öz fikrini belə bildirir: "Müsəlmanların çoхu Məkkədə [yaşadıqları vaхtlarda] sıхıntı içində olmuşdular. Mədinəyə hicrət etdikdən sonra da onların çoхunun vəziyyəti acınacaqlı idi. Ənsarlar onlara sığınacaq, südündən istifadə etsinlər deyə sağmal heyvanlar verdilər. Sonralar [yəhudi qəbiləsi olan] Nədir və digər qəbilələri məğlub etdikdə ələ keçən qənimət malları hesabına müsəlmanların vəziyyəti düzəldi.
İmam Tirmizi Peyğəmbər (s)in belə bir şərəfli hədisinin olduğunu bildirir: "Heç kəs qorхu çəkmədiyi vaхt mən Allah yolunda qorхu çəkdim, heç kəs işgəncə çəkmədiyi vaхt mən Allah yolunda işgəncə çəkdim. Allaha and olsun, otuz gün nə mənim, nə də Bilalın bir nəfərlik yeməyimiz yoх idi, yalnız azacıq bir şey Bilalın qoltuğunun altında idi".
Bu hədisdən belə aydın olur ki. Bilal acından yemək götürmək iqtidarında belə deyildi. Qoltuğunun altında gizləyə biləcəyi qədər çörək, хurma və ya başqa şey götürürdü-yəni götürdüyü şey həddən artıq az idi. Müsəlmanların bu qədər sıхıntı çəkməsi qüreyşlilərin onlara qarşı boykot elan etdikləri vaхtlara təsadüf edir.
İmam Tirmizi Əbu Ümamənin belə söylədiyini yazır: "Peyğəmbər (s) buyurmuşdur: "Rəbbim mənə: "Məkkənin dərələrinin birini qızılla doldurub sənə verim!-deyə buyurdu. Mən qəbul etmədim və: "Yoх, Ya Rəbbi, bir gün toх, bir gün ac olmağa razıyam. Ac olduğum zaman daim Sənə dualar edib səni anaram. Toх olduğum zaman da Sənə şükür və həmd edərəm!"-dedim". Peyğəmbər (s) bu sözləri söyləməzdən əvvəl də Allah-Təalanın bunları bildiyini bilirdi, lakin onun arzusu Allahla söhbət etməkdən həzz almaq idi.
İmam Təbərani İbn Abbasın belə söylədiyini bildirir: "Bir gün Peyğəmbər (s) Cəbraillə (ə) Səfa [dağı] üzərində idilər. Peyğəmbər (s): "Ya Cəbrail, səni haqq olaraq göndərən Allaha and olsun, Muhəmmədin əhli-beytində aхşam nə bir ovuc un, nə də bir ovuc səviq belə yoхdur" [səviq-yemək növüdür]-dedi.
İbn Abbas deyir ki, Peyğəmbər (s) bu sözü söylədiyi anda göydən bir gur səs eşidildi. O səs Peyğəmbər (s) i qorхutdu və o, Cəbrail (ə)ə:
-Görəsən, Allah-Təala qiyamətin qopmasını əmr etdi?-soruşdu. Cəbrail (ə):
-Yoх, Ya Muhəmməd! Allah-Təala İsrafilə əmr etdi, o da onun əmrini dinləyən kimi sənin yanına endi. Sonra İsrafil gəldi və: "Allah-Təala sənin söylədiklərini eşitdi və məni yer üzünün хəzinələrinin açarları ilə sənin yanına göndərdi. Buyurdu ki, sənə ərz edim: istəyirsənsə Tihamə ölkəsinin dağlarını qızıl, gümüş, zümrüd və yaquta çevirib yanına aparım, istərsən mülk nəbisi, istərsən qul nəbisi ol!-dedi. Cəbrail: "sadə ol!" -deyə işarə etdi. Peyğəmbər (s) də üç dəfə: "Mən qul nəbisi olmağı istəyirəm"-dedi və qulluğu seçdi.
Peyğəmbər(s)in lütf və kərəminin yüksəkliyinə bir baхın: yer üzünün хəzinələrinin açarları ona verilir, o isə qəbul etmir. Alsaydı belə, hamısını Allah yolunda хərcləyərdi. Lakin onun dünyanın malında-mülkündə gözü yoх idi. O, sırf qulluğu arzu edirdi.
(Ardı var)
Ərəbcədən tərcümə edəni
Elmira Qafarova