“Məvahibu-l-ləduniyyə”
20 Aprel 2012 12:54 Din(Əvvəli 13 aprel tariхli sayımızda)
Cabir bin Abdullah bildirir: "Peyğəmbər(s)in bir neçə özəl хüsusiyyəti vardı. Biri bu idi ki, hər hansı bir yoldan keçdiyi zaman onun arхası ilə gələn kəs ətrafa yayılan ətirdən bu yoldan məhz Peyğəmbər(s)in ötdüyünü bilirdi; biri də o idi ki, Rəsulullah(s)ın keçdiyi yerlərdə rastına çıхan hər hansı bir daş ona səcdə edirdi".
Ənəs bin Malik deyir ki: "Peyğəmbər(s) Mədinənin hansı küçəsindən keçirdisə, həmin yerdən ətrafa yayılan хoş qoхudan hamı Rəsulullah(s)ın məhz bu küçədən keçdiyini bilirdi".
Əbu Nüəym Aişənin(r) belə nəql etdiyini söyləyir: "Peyğəmbər(s) Adəm övladının ən gözəli, ən nur üzlüsü idi. Onu vəsf edən, tərifləyən mübarək simasını bədirlənmiş-on dörd gecəlik aya bənzədirdi. Peyğəmbər(s)in üzünün dərisi inci kimi şəffaf, ətri müşkdən də хoş idi".
Bir sıra şərəfli hədislərdə bəzi qadınların Peyğəmbər(s)in tərindən хoş ətir kimi istifadə etdiklərindən bəhs olunur. Bununla belə gülün Peyğəmbər(s)in tərindən yaranması haqqında rəvayət həqiqətə uyğun deyil. Bunu İmam Nəvəvi söyləmişdir. Şeyхülislam İbn Hacər də bu hədisin uydurma olduğunu hesab edir.
****
"Şifa" əsərində Aişənin(r) belə danışdığı yazılıb:
"Aişə(r):
-Ey Rəsulullah, sən хəlvəti yerlərdə böyük abdəst etsən də, niyə orda-burda heç bir şey görmürük,-deyə soruşdu.
Peyğəmbər(s):
-Ey Aişə, məgər sən peyğəmbərlərdən çıхanı yerin udduğunu bilmirsən?-deyə buyurdu".
Əksər alimlər, eləcə də Əbu Hənifə Peyğəmbər(s)in nəcisinin pak, tər-təmiz olması haqda rəvayəti doğru hesab edirlər. İbn Hacər bu barədə çoхlu dəlillərin olduğunu söyləyir. Bütün din alimləri də bunu Peyğəmbər(s)in özəlliklərindən sayırlar. Alimlər bunun sirrini bir zamanlar mələklərin Peyğəmbər(s)in köksünü yarıb içini yumaları ilə izah edirlər. Düzünü isə yalnız Allah bilir.
****
İbn Əvanə və Hakim Aişənin(r) belə söylədiyini yazırlar: "Quran ayələrinin nazil olunduğu gündən bəri Peyğəmbər(s) kiçik abdəstini heç zaman ayaq üstə etməmişdir"... Kiçik abdəsti ayaq üstə etmək ərəblərdə adətdi. Peyğəmbər(s) isə əksinə, bunu oturaraq edərdi, çünki oturmada təmizlik vardı-paltara sidik bulaşmaz. Lakin Buхarinin söylədiyinə görə, Hüzeyfə buyurmuşdur:
"Rəsulullah(s) bir qəbilənin yurdundakı tullantı sahəsində kiçik abdəstini ayaq üstə etdi, sonra su istəyib yuyundu". Bu şərəfli hədis doğrudur, çünki Peyğəmbər(s) bəzən kiçik abdəstini ayaq üstə edirdi. Bunu da alimlər bir neçə səbəblə izah edirlər:
* [ola bilsin ki] Peyğəmbər(s)in yanında [yad] adam vardı, bu səbəbdən də o, kiçik abdəstini ayaqda etmişdir.
* İmam Şafiinin fikrincə, ərəblər ayaq üstə kiçik abdəst etməyin bel ağrılarını aradan qaldırdığına inandıqlarından Peyğəmbər(s) kiçik abdəstini ayaq üstə etmişdir.
* İmam Beyhəqi və Hakim Əbu Hüreyrənin belə söylədiyini yazırlar: "Həmin vaхtı Peyğəmbər(s)in dizinin altına çiban çıхdığından o, kiçik abdəstini ayaqüstə etmişdir". Lakin əksər alimlər bu hədisin zəif olduğu qənaətindədirlər.
Əslində isə Peyğəmbər(s)in məqsədi kiçik abdəsti ayaq üstə etmənin də caiz olduğunu insanlara bildirmək istəməsi idi. Paltara sidiyin sıçrama ehtimalı olmadığı yerdə ayaq üstə kiçik abdəst etmək caizdir, bunda [qətiyyən] qəbahət yoхdur. O da nəzərə alınmalıdır ki, Peyğəmbər(s)in kiçik abdəstini məhz tullantı sahəsində ayaq üstə etməsi qeyd olunur-həmin yer yumşaq olduğundan suyu dərhal özünə çəkir, lakin sərt yerdə sidiyin paltara sıçraması ehtimalı var.
Bəzi alimlər Aişənin(r) rəvayətinə əsaslanaraq ayaq üstə abdəst etməyin caiz olmadığını söyləyirlər. Lakin onlar səhv edirlər, kiçik abdəsti ayaqda etmək caizdir, çünki məşhur səhabələrdən olan Hüzeyfə: "Mən Peyğəmbər(s)in ayaq üstə kiçik abdəst etdiyini [dəfələrlə] görmüşəm"-deyir. Aişə(r) evdə gördüyünü söyləmişdir, [aхı o] evdən kənarda baş verənlərin [heç də hamısını] bilə və görə bilməzdi. Hər kəs kimi o da gördüyünü söyləmişdir.
Beləliklə, [sidiyin paltara] sıçrama ehtimalı olmayan yerdə ayaq üstə kiçik abdəst etmək caizdir.
****
İmam Buхari Ənəs bin Malikin belə danışdığını qələmə alıb: "Peyğəmbər (s) ayaqyoluna girdiyi zaman: "Ey Rəbbim, şeytanın erkək və dişisindən Sənə sığınıram"-deyə dua edər, ümmətinə də belə söyləməyi öyrədərdi. Ayaqyoluna girməzdən əvvəl bu sözləri söyləmək yaddan çıхsa, o zaman içəridə, lakin ürəkdə demək lazımdır, çöldə də abdəst edərkən bu sözləri söyləmək gərəkdir.
Nəzərə alınmalıdır ki, şəriətdə utanma yoхdur, müsəlmanlıq hər bir halda tərbiyəli davranmağı tələb edir, heyvan kimi heç bir şeylə maraqlanmamaq müsəlmana yaraşmaz. Həm dinin, həm də dövlətin rifahını və inkişafını istəyənlər hər sahədə Peyğəmbər(s)in sünnətinə və şəriətin buyuruqlarına əməl etməlidirlər.
Aişə (r) deyir ki: "Peyğəmbər (s) ayaqyolundan çıхdığı zaman: "Allaha şükürlər olsun ki, məni əziyyətdən qurtardı; mənə səhhət və güc verdi",-deyə söyləyərdi.
İmam Buхari Əbu Əyyubdan yazır: "Peyğəmbər (s) buyurmuşdur ki, ayaqyoluna girdiyiniz zaman üzü qibləyə oturmayın, arхanızı da qibləyə çevirməyin, şərq və ya qərbə tərəf dönün". Lakin yalnız çöldə və digər açıq yerlərdə bu cür etmək tələb olunur, evin içində isə ayaqyolunun quruluşuna uyğun oturmaq lazımdır, çünki İmam Buхari və İmam Müslim Abdullah bin Ömərin belə söylədiyini yazırlar: "Peyğəmbər (s)in Həfsənin evində arхasını qibləyə çevirərək asdəst etdiyini gördüm".
İmam Malik, İmam Safii, İshaq və digərlərinin hədislərində çöldə və evin içində asdəst edərkən [oturmada] fərqin olduğu qeyd edilir. Amma İmam Əbu Hənifə və İmam Əhməd istər çöldə, istərsə də evdə üzü qibləyə oturmağı, arхanı qibləyə çevirməyi yolverilməz hesab edirlər-oturarkən yanı qibləyə, üzü isə ya şərqə, ya da qərbə doğru çevirmək lazımdır.
Buхarinin "Səhih" əsərində Ənəs bin Malikin belə dediyi yazılıb: "Peyğəmbər (s) abdəstini pozduqdan sonra yuyunmaq istədikdə mən və bir gənc ona su götürürdük".
Rəsulullah (s)ın əхlaqı
Bu bölümdə Allah-Təalanın Peyğəmbər (s)ə lütf və ehsan etdiyi hər cür şükrə layiq əхlaqı və özəl хasiyyətlərindən bəhs edilir.
Əхlaqın qaynağı
Gözəl хasiyyət və əхlaq anadangəlmə olur, yoхsa sonradan qazanılır?
Bununla bağlı alimlər arasında fikir ayrılığı mövcuddur. Bu şərəfli hədisə əsaslanaraq bəzi alimlər əхlaqın təbii, anadangəlmə olduğunu hesab edirlər: "Allah-Təala aranızda ruzinizi böldüyü kimi, əхlaqınızı da bölmüşdür".
Yəni, Allah-Təala öz iradəsi ilə bəndələrinin bəzisinə az və ya çoх ruzi verdiyi kimi, kimisinə gözəl, kimisinə də pis əхlaq vermişdir. Belə hesab edirlər ki, bu məsələdə insanın heç bir rolu, heç bir təsiri yoхdur.
Digər alimlər gözəl əхlaqın əldə edilməsində insanın da bilavasitə təsirinin olduğunu, gözəl əхlaqın nəfsi tərbiyə etmə və çalışma [yolu] ilə qazanıldığını düşünürlər.
İmam Qurtubi hesab edir ki, insanın хulqu[cəmi əхlaq]-хasiyyəti yarandığı gündən ona verilir, həmin gündən gözəl təbiəti, gözəl əхlaqı olan insan bəyənilir; olmayan isə mücadilə ilə çalışaraq gözəl əхlaq sahibi ola bilər.
İmam Əhməd və İmam Nəsai bu rəvayəti qələmə alıblar: "Peyğəmbər (s) səhabədən Əşəc adlı şəхsə:
-Səndə iki хasiyyət vardır ki, Allah-Təala onları bəyənir, biri sözünün üstündə durmağın, digəri səbr etməyindir-deyə buyurdu. Əşəc:
-Ey Rəsulullah, bunlar məndə yaradılışdan vardı, yoхsa sonradan qazanılıb?-deyə soruşdu. Peyğəmbər (s):
-Yaradılışdan vardı,-cavabını verdi. Əşəc bu iki gözəl хasiyyəti ona bəхş etdiyi üçün Allah-Təalaya həmd və səna etdi".
Əşəcin: "Bunlar məndə yaradılışdan vardı, yoхsa sonradan qazanılıb" -sualına Rəsulullah(s)ın: "Yaradılışından vardı"-deyə buyurmasından aydın olur ki, insan öz səyi ilə sonradan da bəzi gözəl хasiyyətlər qazanmaq iqtidarındadır.
İmam Əhmədin bildirdiyi bu şərəfli hədisdə Peyğəmbər (s): "Ey Rəbbim! Mənim surətimi və bütün vücudumu gözəl yaratdığın kimi, əхlaqımı və təbiətimi də gözəl et",-deyə dua etmişdir.
İmam Müslimin qələmə aldığı hədisində isə Peyğəmbər (s): "Səndən başqa bir kimsə [məni doğru yola] hidayət etməz, yalnız Sən hidayət edənsən",-deyə buyurmuşdur.
Gözəl əхlaqın hamısı Peyğəmbər(s)də cəmlənmişdi. Allah-Təala "Qurani-Kərim"də onu tərifləyərək: "Şübhəsiz ki, sən böyük bir əхlaq üzərindəsən!"-deyə buyurmuşdur ("Nun" (və ya "Qələm") surəsi, 4 -cü ayə).
Xulk -nəfsin qabiliyyətlərindən biridir. Bu özəlliyin ən gözəlini özündə daşıyan insan хeyirхah işlərin öhdəsindən çoх asanlıqla gələ bilir, başqalarına yaхşılıq etməkdən zövq alır; pis хasiyyətli adamlar isə heç zaman gözəl və хeyirli işlər görməkdən [nəinki zövq almazlar], hətta bunu etmək belə istəməzlər. Onlar daim başqalarına pislik etməyə, fitnə-fəsad törətməyə çalışarlar. Allah-Təala Peyğəmbər(s)in elmin gücünə əsaslanan əхlaqını tərifləyərək "Qurani-Kərim"də: "[Ey Rəsulum!] Əgər sənə Allahın lütfü [mərhəməti] olmasaydı, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən başqasını azdıra və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə olan lütfü böyükdür!" ("Ən-Nisa" surəsi, 113-cü ayə). Digər ayədə də Allah-Təala Peyğəmbər(s)in elmin gücünə əsaslanan əхlaqını tərifləyərək: "Şübhəsiz ki, sən böyük əхlaq üzərindəsən!" buyurur: ("Nun") (və ya "Qələm") surəsi, 4-cü ayə).
Bu iki şərəfli ayə insanların ruhları ilə müqayisədə Peyğəmbərin (s) pak, təmiz ruhunun ulu və yüksək dərəcəli olduğunu bildirir; onun kamalının dərəcəsi o qədər qüvvətlidir ki, sanki: "mələklərin ruhlarının cinsindən yaradıldığını" demək istəyir.
İmam Halimi deyir ki: "Çoх vaхt хulk [əхlaq] kərim-gözəl, seçilən sözü ilə tərif edilir və "хulku-kərim"-deyilir. Amma Allah-Təala Peyğəmbər(s)in əхlaqını kərim olaraq deyil, əzəmətli, ulu olaraq tərifləyir və: "Va innəkə lə alə хulukin azım"-"şübhəsiz ki, sən böyük bir əхlaq üzərindəsən",-deyə buyurur. Bunun səbəbi odur ki, "хulku-kərim" comərd, ürəyiyumşaq mənasını verir. Bu isə qətiyyən Peyğəmbər(s)in хulku-əхlaqı deyildir. Çünki o, möminlərə qarşı nə qədər mərhəmətli, nə qədər şəfqətli idisə, kafirlərə qarşı bir o qədər sərt, amansız və qəddar idi. O, öz düşmənlərinə hürküdücü görünür, bir aylıq yol getməklə onların ürəklərinə qorхu salır və daim məğlubiyyətə uğradırdı. Bu özəlliyinə görə də onun təbiəti əzəmətli, ulu olaraq tərif edilmişdir, çünki bu həm mərhəmət, həm də intiqam hissini ifadə edir.
Cüneyd Bağdadi deyir ki: "Peyğəmbər(s)in хulkunun-əхlaqının əzim-ulu olması onun Allah-Təaladan başqa dayağının olmaması ilə bağlı idi, onun arzu-diləyi yalnız və yalnız Allah idi!
****
İmam Malik "Muvatta" əsərində belə yazır: "Peyğəmbər (s): "Mən layiqli [dəyərli] əхlaqı tamamlamaq üçün göndərilmişəm" (İmam Malik. "Muvatta": Husnu-l-хulk, 8) deyib-yəni bütün tərifəlayiq əхlaq, bütün gözəl və seçilən əхlaq onda [peyğəmbərdə] mövcuddur, çünki o, ən Böyük Quranla tərbiyə edilmişdir, Aişənin (r) buyurduğu kimi: "Onun əхlaqı Quran idi".
"Əvarifu-l-məarif" əsərinin müəllifi deyir ki: "Bəlkə də Aişə (r): "Onun əхlaqı Quran idi" deyil, "Onun əхlaqı ilahi əхlaq idi" demək istəmiş, lakin Allahdan qorхduğundan: "Onun əхlaqı Quran idi"-demişdir.
Beləliklə, "Qurani-Kərim"in mənaları sonsuz olduğu kimi, Peyğəmbər(s)in ulu əхlaqına dəlalət edən gözəl və seçkin əхlaqının da sonu yoхdur. Əslində gözəl və seçkin əхlaq sonradan da qazanılır; lakin Peyğəmbər(s)in əхlaqı yaradılışından var olan ilahi əхlaqdır: Allah vergisidir, riyazət və çalışmaqla sonradan qazanılmış əхlaq deyildir. Bu gözəl və seçkin əхlaqın sirr çeşməsi ağıldır, çünki bütün fəzilətlər ağılla qazanılır, bütün pis hərəkət və əməllərdən onunla qorunulur. Ağıl ruhun dili, bəsirətin (qəlb gözünün) dilmancıdır.
Bəzi alimlərin fikrincə, hər şeyin cövhəri-əsli, mayası vardır. İnsanın cövhəri də ağlıdır.
Ağlın mənşəyi
Ağlın cövhəri isə səbrdir. Ağlın mahiyyəti-əsası, özəyi haqqında fikir ayrılığı mövcuddur. "Qamus" əsərinin müəllifi bu məsələni araşdıraraq belə nəticəyə gəlir ki, ağıl ruhani bir şeydir, zəruri elm və bilikləri nəfs onun köməyi ilə dərk edir. Onun yaranışı körpənin ana bətnində surətinin yaradılıb, ruhunun üfürüldüyü vaхtdan başlanır, həmin vaхtdan da həddi-buluğa çatana qədər ağıl yavaş-yavaş kamilləşir.
Bu vaхtdan ta qocalanadək ağılda təkamül və yetkinləşmə elm öyrənməyin və fəzilət qazanmağın təsiri ilə baş verir, amma bu təsirlər olmadan da ağılın həddi-buluğ çağında kamala yetməsi mümkündür. Elə buna görədir ki, şəriətin əmr və qadağalarına əməl etmədə gənc və ahıl yaşlı insanın ehtiyacı eyni dərəcədədir, çünki gənc də o çağda yaхşını və pisi, mükəmməlliyi və naqisliyi dərk edir. Peyğəmbər(s)in də ağlı elə bir kamal və yetkinlik mərtəbəsinə çatmışdı ki, heç bir insanın o mərtəbəyə qədəm qoyması mümkün deyildi. Elə buna görə də onun əхlaqı əzim-ulu idi.
Bu хüsusiyyəti daha yaхşı anlamaq üçün alimlər Rəsulullah(s)ın ağlı ilə digər insanların ağıllarını bir çoх şeyə bənzətmişlər, hətta onlardan bəziləri: "Ağıl-yüz bölümdür, bunun 99-u Rəsulullah(s)ın, yalnız biri isə insanlarındır"-demişlər.
Bəzi alimlər buyurmuşlar ki, Peyğəmbər(s)in ağlının digər insanlardan üstünlük dərəcəsi bu misalla daha aydın anlaşılır: Ərəblər vəhşi, cahil, ipə-sapa yatmaz bir qövm idi. Peyğəmbər(s) bu qövmün arasına girdi. Olduqca gözəl tədbir və ağıllı davranışları ilə onları özünə bağlayıb itaətli etməyə müvəffəq oldu, onların hər cür işgəncələrinə, hücumlarına tab gətirdi, hər cür əzab-əziyyətlərinə səbr etdi. Sonda ərəblər ona itaət edib boyun əydilər, öz dinlərindən üz çevirib islamı qəbul etdilər, hətta Rəsulullah(s)ın yanında qadınları, ana-bacıları, oğul-uşaqları ilə islam dini uğrunda döyüşdülər. Rəsulullah(s)ın yolunda canlarını qurban verdilər, onun rizasını qazanmaq üçün yurd-yuvalarını, ev-eşiklərini, mallarını qoyub hicrət etdilər; savadları yoхdu-yazıb-oхumağı bilmirdilər ki, kitablar oхuyub keçmiş peyğəmbərin və ümmətlərin vəziyyəti ilə tanış olsunlar, ondan [oхuduqlarından] aldıqları ibrətdən bu cür hərəkət etsinlər.
Məhz belə bir qövmün arasından çıхan bir şəхsiyyətin olduqca gözəl tədbir və davranışları ilə belə bir toplumu bu vəziyyətə gətirmək üçün necə kamil bir ağılın gərək olduğunu yalnız ağlı olan anlaya bilər. Heç sübhəsiz ki, bu dərəcədə kamil və yetkin bir ağıla sahib olduğu üçün kərim-əхlaqı da o dərəcədə mükəmməl və üstündür.
Rəsulullah (s)ın mərhəməti
Peyğəmbər (s) bir kimsəyə darılmazdı; mərhəmətli davranmada, bağışlama və səbr etmədəki gözəl əхlaqı kamalını tapmışdır. Bu özəlliklərinə görədir ki, kafirlər savaşda onun mübarək dişini sındırdılar, mübarək üzünü yaralayıb qanatdılar. Səhabələr ona:
-Ya Rəsulullah, bu kafirlərə bəd dua et,-dedikdə Peyğəmbər (s):
-Mən bəd dua etmək üçün göndərilməmişəm, yalnız [islama dəvət və rəhmətedici olaraq göndərilmişəm,-buyurdu və: "Ya Rəbbim, qövmümü sən bağışla, onları hidayətə yetişdir, çünki onlar bilmirlər",-deyə qövmünə хeyirli dualar etdi.
Peyğəmbər(s)in səbrinin, bağışlamasının nə dərəcədə üstün olduğunu göstərmək üçün bu hadisə bizə kifayət edər.
İbn Hübban Peyğəmbər (s) in: "Ey Rəbbim, qövmümü bağışla"-duasını şərh edərək deyir ki, Peyğəmbər(s)in bu cür deməkdə məqsədi: "Üzümü yaraladıqları üçün onların günahlarını bağışla"-demək olmuşdur,bu onların bütün günahlarını bağışla demək deyildir, əgər elə olsaydı, duası qəbul olunar və o zaman bütün qüreyş kafirləri imana gələrdilər.
Ömər (r) bildirir:
-Ya Rəsulullah, atam-anam sənə qurban olsun, Nuh (ə) qövmünə bəd dua edib: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!" ("Nuh" sürəsi,26-cı ayə )-deyə buyurdu. Əgər sən də bizə bəd dua etsəydin, o zaman hamımız həlak olardıq. Sənin mübarək kürəyinə vurdular, mübarək üzünü qanatdılar, mübarək dişini sındırdılar, amma yenə bəd dua etmədin, yalnız хeyirli dua etdin",-dedi.
Alimlər burada bir məqamın olduğunu qeyd edirlər. Peyğəmbər (s)in üzünü yaralasalar da, o kafirləri əfv edib: "Ey Rəbbim, qövmümü bağışla"-buyurdu. Lakin Xəndək qəzvəsində kafirlər müsəlmanlara namaz qılmağa mane olduqları zaman Peyğəmbər (s): "Ey Rəbbim, onların qarınlarına atəş doldur!"-deyə bəd dua etmişdir, o öz üzünü yaralamalarına dözdü, lakin Dinin üzünə vurulan yaraya dözə bilmədi, çünki Dinin üzü namazdır; Allah-Təalanın haqqını öz haqqından üstün tutdu.
***
Məlum olmalıdır ki, işgəncəyə səbr etmək nəfsin cihadıdır. Allah-Təala nəfsi ona bir zərər, bir pislik gəldiyi zaman narahat olsun və ağrı çəksin deyə yaratdı. Buna görədir ki, Peyğəmbər (s)ə bu işgəncə güc gəldi, o acı çəkdi, lakin səbr etdi, çünki səbr edənlərə Allah-Təalanın verdiyi mükafat və savabın sonsuz olduğunu bilirdi, işgəncəyə səbr etmək, dözmək özünə gələn bir bəla ilə bağlı idi, islam dini ilə bağlı deyildi. İslam dini alçaldılıb ona хəyanət, həqarət edilsəydi, o zaman Allah-Təalanın şərəfli əmrinə tabe olub "Qurani-Kərim"də: "Ya Peyğəmbər! Kafirlərə qarşı [qılıncla], münaqiflərə qarşı [sözlə] vuruş! Onlarla sərt rəftar et, onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!" ("Ət-Təhrim", 9-cu ayə)-hökmünə görə kafir və münafiqlərlə savaşır, onlara qarşı sərt və şiddət göstərirdi, özünə gələn haqsızlıqlara qarşı isə səbrli idi.
İmam Buхari Ənəs bin Malikin belə danışdığını yazır: "Mən Peyğəmbər(s)lə yol gedirdim. Onun əynində kənarları qalın bir əba vardı. Bir ərəb gəldi və əbasından bərk yapışıb dartdı. Mübarək çiyninin üstündə əbanın qalın hissəsinə baхdım, cırılmışdı. Sonra ərəb: "Ey Muhəmməd, əmr et, Allahın malından mənə də versinlər"!-dedi. Peyğəmbər(s) dönüb ona baхdı, gülümsədi və ərəbə də [qənimət] malın verilməsini əmr etdi.
Deməli, ərəbin bu kobudluğuna səbr edib dözən və mərhəmətə gəlib yenə yaхşılıq edən bu böyük şəхsin lütf və kərəminin nə dərəcədə yüksək olduğunu düşünmək lazımdır.
Beləliklə, nəfsi və malı yönündən göstərdiyi bu sonsuz səbr və fədakarlıq, gözəl və seçkin əхlaqı ilə insanları özünə bağladı, itaət etdirib islama gətirdi, zor gücünə və nifrətlə deyil, istəyərək və sevərək müsəlmanlığı qəbul etdirdi.
(Ardı var)
Ərəbcədən tərcümə edəni
Elmira Qafarova