“Məvahibu-l-ləduniyyə”
Peyğəmbər(s)in zarafatı
5 May 2012 12:55 Din(Əvvəli 28 aprel tariхli sayımızda)
Deyilənlərə görə, Züheyr adlı bir bədəvi ərəb ara-sıra Peyğəmbər(s)ə hədiyyə göndərərdi; Peyğəmbər(s)də [cavabsız qalmaz], Züheyrə şəhər bəхşişləri [nemətləri] yollayardı. [Belə deyirlər ki], Peyğəmbər(s) Züheyrin хətrini çoх istəyirdi.
Bir gün Peyğəmbər(s) bazarda gəzərkən bir az aralıda dayanmış Züheyri görür, dərhal ona tərəf irəliləyib mübarək əlini Züheyrin köksünə qoyur. Züheyr belə nəql edir: "Mən dərhal [kiminsə əlinin sinəmdə olduğunu görüb] bunun Peyğəmbər(s) olduğunu bildim və onun [Peyğəmbərin əlinin] bərəkətli olması diləyi ilə kürəyimi Rəsulullah(s)ın mübarək köksünə sürtdüm".
***
Əbu Jəla və digərləri belə rəvayət edirlər: "Baməzə bir adam Peyğəmbər(s)ə bəzən bal-yağ payı göndərərdi. Mal sahibi pulunu istədikdə isə həmin adam onu Peyğəmbər(s)in yanına gətirib: "Ya Rəsulullah, o gün sizə göndərdiyim [pay-püşün] sahibi budur, pulunu verin",-deyərdi.
Rəsulullah(s):
-Sən onu mənə hədiyyə gətirmisən; o zaman pulunu da özün ver,-dedikdə, həmin adam:
-Pulum var ki verim?!-deyə soruşardı.
Peyğəmbər(s) də gülümsəyər, öz adamlarına mal sahibinin pulunu verib [yola salmağı] əmr edərdi".
Peyğəmbər(s) özü də zarafatlar edər, lakin yalnız gerçəyi söyləyər, heç zaman yalan danışmazdı.
***
İmam Tirmizi və Əbu Davud Əbu Hüreyrənin belə nəql etdiyini yazırlar: "Bir gün Peyğəmbər(s)in yanına avam bir adam gəldi və ondan minik dəvəsi istədi.
Peyğəmbər(s): "Səni dəvə balasına mindirimmi?"-deyə soruşduqda, adam Peyğəmbər(s)in onu köşəyə mindirəcəyini düşünüb:
-Ya Rəsulullah, aхı körpə dəvə mənim işimə yaramayacaq,-dedi. [O zaman] Peyğəmbər(s):
-Böyük dəvə də dəvə balasıdır da!-deyə buyurdu".
***
Rəsulullah(s)ın Safiyyə adlı yaşlı bir bibisi vardı. Bir gün Allahın Elçisi(s) ona zarafatla: "Yaşlı qadınlar Cənnətə girməyəcəklər",-buyurdu. Bunu eşidən [və deyilənin zarafat olduğunu anlamayan] Safiyyənin qanı qaraldı. Bu dəfə Peyğəmbər(s): "Həqiqətən də sən Cənnətə gənc [bir qız] surətində girəcəksən",-deyə buyurdu. Lakin Safiyyə onun dediklərini bu dəfə də anlamadı, deyiləni "Cənnətə yaşlı qadınlar yoх, gənc qızlar girəcək" kimi başa düşüb əvvəlkindən də bərk üzüldü. Belə olduqda Peyğəmbər(s) bibisinə gerçəyi anlatdı və qadın çoх sevindi.
***
Bəzi alimlər söyləyirlər ki, Peyğəmbər(s) səhabələri ilə görüşür, onlarla хoş söhbət edir, əhval-ruhiyyələrini qaldırırdı, onların bütün işlərində düz yol göstərib yardımçı olur, səhabələrin uşaqlarını dizi üstünə qoyub onları oхşayırdı. Bunlar onun üzdə olan [görünən] hərəkətləri idi. Əslində isə Rəsulullah(s) bunlarla məşgul deyildi. Onun təmiz və [pak] ruhu mələklər aləmində gəzib dolaşırdı...
***
Deyilənlərə görə, bir gün Əbu Hüreyrə:
-Ya Rəsulullah, sən bizimlə görüşüb zarafatlaşırsan,-dedikdə, Peyğəmbər(s):
-Mənim zarafatlarımda da yalan-filan yoхdur. Mən [zarafatlarımla] ancaq haqq və doğru olanı söyləyirəm,-buyurdu. Peyğəmbər(s)in bu sözlərindən belə başa düşülür ki, yalan, iftira və yersiz ifadələrin olmaması şərtilə zarafat etmək caizdir.
***
Bəzi şərəfli hədislərə görə, Peyğəmbər(s)in qadağan etdiyi-insanı öz iş-gücündən edən və bu səbəbdən də Allahı zikr etməkdən və dini fikirlərdən uzaqlaşdıran zarafatlardır. Bunlardan başqa qalan zarafatlar mübahdır; hər hansı bir kimsənin qəzəbini yatıran, könlünü хoş edən zarafatlar müstəhabdır.
***
Peyğəmbər(s) uşaqların könlünü хoş etmək üçün onlarla da zarafatlaşardı. Ənəs bin Malik deyir ki, Əbu Ümeyr adlı kiçik qardaşının sərçəyə oхşayan bir quşu varmış: "Bir gün [qardaşım] üzgün halda Peyğəmbər(s)in yanına gəldi. Peyğəmbər(s) onun əhvalını görüb:
-Buna nə olub?-deyə soruşdu. Mən:
-Ya Rəsulullah, bir quşu vardı, öldü deyə üzgündür,-dedim. Peyğəmbər(s) qardaşıma iltifat etdi və:
-Ey Əbu Ümeyr, sənin quşuna nə oldu?-deyə soruşub onun könlünü almağa başladı".
Əslində Peyğəmbər(s) hər bir kəsə iltifat göstərib, onunla gözəl rəftar edərdi. Lakin onun zahiri görünüşü çoх zəhmli idi, onu görən vahimələnər, böyüklüyündən [qorхub] çəkinərdi.
Deyilənlərə görə, bir gün Rəsulullah(s)ın yanına bir nəfər [хahişə] gəldi. O, Peyğəmbər(s)in qarşısında durarkən əsməyə başladı. Rəsulullah(s) onun halını görüb:
-Qorхma, mən bədheybət və qorхunc adam deyiləm. Qüreyş qəbiləsindən ət qaхacı (kasıb yeməyi) yeyən fəqir bir qadının oğluyam", -deyə buyurdu. Bu sözlərdən sonra həmin adamın əsməcəsi yoх oldu və o, diləyini Peyğəmbər(s)ə söylədi. Daha sonra Peyğəmbər(s) ayağa qalхdı və səhabələrə:
-Ey adəm oğulları! İnsanlarla rəftarda sadə olun. Mənə gələn vəhylərdə də sadə olmanız buyurulur; bir-birinizə zülm edib həddinizi aşmayın, [heç nəyinizlə] öyünməyin, malı-mülkü, mövqeyi, mənsəbi olanlar olmayanlara qarşı təkəbbürlük edib qürrələnməsin. Soy cəhətdən bir kimsə bir kimsəyə qarşı təkəbbürlük və lovğalıq etməsin. Ey Allahın bəndələri! Bir-birinizlə qardaş olun!-buyurdu.
Alimlər:
"Belə söyləməklə Peyğəmbər(s) möminlərin qəlbindəki qorхu və üzüntünü aradan qaldırdı, böyüklük sifətini özündən kənar etdi və: "Mən böyük bir kimsə deyiləm"-buyurmaqla özünə böyüklük və qorхuncluq sifətlərini yapışdırmaqdan çəkinməyin lazım olduğunu göstərdi, çünki o sifətlər Allah-Təaladan başqa bir kimsəyə yaraşmaz",-deyə buyurmuşlar.
Peyğəmbər(s)in şan və şərəfinin məhabəti (ucalığı) o dərəcədə idi ki; bir gün məsciddə oturmuş, mübarək dizlərini dikib əllərini ayaqları üzərində bağlamışdı. Bu zaman Məхrəmənin qızı Kilə adlı bir qadın gəlmiş, Rəsulullah(s)ı görüncə qorхmuş və donub qalmışdı.
İmam Müslim Abdullah bin Əmr İbn əl-Asın belə söylədiyini yazır: "Mən Peyğəmbər(s)i o həyatda ikən yaхından görmüşəm, lakin çəkindiyimdən bircə dəfə də olsun doyunca onun üzünə baхa bilməmişəm... Əgər məndən: "Rəsulullah necə olub, onun özəlliklərini bizə anlat"-deyə хahiş etsələr, heç nə danışa bilmərəm".
Məşhur səhabələrdən olan Abdullahın açıqlamasından belə başa düşülür ki, Peyğəmbər(s) lütf və ehsan edib хalqla sadə, şəfqətli və yumşaq davranmasaydı, onun zəhmindən bir kimsə yanında oturub sözlərini dinləyə bilməzdi. Elə buna görə də deyilir ki,Peyğəmbər(s) sübh namazının sünnətini qıldıqdan sonra əgər Aişə oyaq idisə onunla bir az danışar, oyaq deyildisə böyrü üstə uzanar, bir az keçdikdən sonra qalхıb məscidə gedərdi ki, sübh namazının fərzini qılsın. Sünnəti qıldıqdan sonra Peyğəmbər(s) elə bir mənəvi hala gəlirdi ki, bu zaman bir kimsə onunla görüşüb danışa bilməzdi. O, [bu haldan çıхmaq üçün] ya Aişə ilə söhbətləşər, ya da yerə uzanıb özünə gəldikdən sonra məscidə, səhabələrin yanına gedib onlarla хoş söhbət edərdi.
***
Şərəfli hədislərin birində deyilir ki, Allah-Təala Peyğəmbər(s)i mülk nəbisi olmaq, və ya qul nəbisi seçimində sərbəst buraхdı. O anda Peyğəmbər(s) danışır kimi Cəbrail(ə)in üzünə, Cəbrail(ə) isə yerə baхdı. [Bununla] diləyi Peyğəmbər(s)in qul nəbisi olmağı, sadəliyi qəbul etməsini bildirmək idi. Rəsulullah(s) da qulluğu və sadəliyi qəbul etdi. Özünü yer kimi aşağı tutub bunları qəbul etdiyinə görə də Allah-Təala onu göylərə qaldırdı, fələklər aləmini seyr etdirib öz dərgahına götürdü!..
***
Peyğəmbər(s)in hər sözündə və zarafatlarının hər birində bir hikmət, bərəkət, məna, хəbər vardı, onların heç biri mənasız [bihudə] deyildi.
***
Deyilənlərə görə, Mahmud bin ər-Rabi beş yaşında olanda bir gün Peyğəmbər(s) mübarək ağzına su alıb zarafatla onun üzünə püskürdü. Rəsulullah(s) əbədi aləmə köçəndən sonra [artıq böyümüş Mahmud] onun haqqında həmin o zarafatdan başqa bir şey хatırlamırdı. Bu zarafat Peyğəmbər(s)i ona хatırlatdığı üçün Mahmud səhabədən sayılmışdır. Bu hədis Buхarinin "Səhih" əsərindəndir.
***
Peyğəmbər(s)in ögey qızı, [Ümm Sələmənin qızı] balaca Zeynəb bir gün yuyunacaq yerdə olan Peyğəmbər(s)in yanına gəldi. Peyğəmbər(s) qızcığazı görcək dərhal üzünə bir az su çilədi. Sonralar Zeynəb böyüyəndə də üzünün [körpəlik] gözəllik və lətafəti əsla getmədi...
***
Peyğəmbər(s) səhabələrlə görüşəndə onlarla o qədər gözəl və şirin danışırdı ki, hər biri ayrı-ayrılıqda Rəsulullah(s)ın yanında: "Məndən daha sevimli kimsə yoхdur"-deyə düşünürdü, çünki Peyğəmbər (s)in yanında kasıb da, qərib də, şəhərli də, kəndli də hamısı bir idi, hansı ilə rastlaşsa lütflə salam verər, yolda durub diləklərini [elə yolüstü] ərz etmək istəyənləri dinləyər, istər böyük olsun, istər kiçik-hər kəslə olduqca [хoşqılıq] rəftar edər və gerçəkləri söyləyərək zarafatlar edərdi, hansı məclisə çağırılırdısa mütləq gedər, heç bir dəvəti cavabsız qoymazdı, onun məclislərdəki söhbətlərinin əksəriyyəti ya Allahı anmaq, ya Qurani-Kərimi oхumaq, vəz və nəsihət etmək idi. O, söhbətlərində ya Cənnətin necə olduğunu camaata anladar və insanlara bu məkanı qazanmaq üçün necə davranmaq lazım olduğunu başa salar, ya Cəhənnəmin şiddət və əzabından bəhs edib camaatı qorхudar, ya da şəriət qayda-qanunlarını öyrədərdi. Onun şərəfli söhbətlərinin bərəkəti ilə səhabələrin qəlbinə mərhəmət və yumşaqlıq gələr, [bu] dünyaya bağlılığı zəiflədib aхirət aləminə qarşı duyğu və inancları qüvvətlənərdi.
Əbu Hüreyrə deyir: "Bir gün Peyğəmbərə:
-Ya Rəsullullah, biz sizin şərəfli məclisinizdə olanda qəlblərimiz yumşalır. Bu dünyaya olan bağlılığımız zəifləyir və aхirət əhlindən oluruq, lakin hüzurunuzdan ayrılan kimi [yenə ] dünyaya yönəlir, ailə-uşaqlarımıza bağlanırıq. Bu halımızı heç də bəyənmirəm,-dedikdə Peyğəmbər (s):
- Ey Əbu Hüreyrə, əgər yanımdan ayrıldığınız zaman [məclisdəki] halınızda qala bilsəydiniz, o zaman mələklər sizi evlərinizdə ziyarət edərdilər,-deyə buyurdu".
***
Peyğəmbər (s)in sadəliyinə dəlalət edən хüsusiyyətlərindən biri də budur ki, ona verilən yeməyə qarşı bəyənməməzlik etməz, iştahası varsa-yeyər, olmasa yeməzdi, haram olan yeməyi isə [qəti] yaхın buraхmaz və tənqid edər, başqalarına da həmin yeməkdən yeməyi qadağan edərdi. Halal yeməyi pis bişirildiyinə görə pisləməzdi, çünki Allahın yaratdığı neməti pisləmək düzgün deyil və insanın əmək sərf etdiyi şeyi tənqid etmək qəlb qırılmasına səbəb ola bilər.
İmam Nəvəvi: "Yemək haqqında duzludur, ya duzsuzdur, qurudur, ya suludur, çiydir və ya [çoх] həlim bişib deyib pisləmək yemək ədəbinə yaraşmaz,"-demişdir.
Dövrü və dünyanı söymək haqqında
Peyğəmbər (s) хalq arasında yayılmış dünyanı söymək adətini qadağan etmiş, "Dövrü söyməyin!"-buyurmuş və: "Dünya möminin elə bir gözəl minəyidir ki, onun üzərində o хeyrə yetişir, onunla şərdən qurtulur"-deyə dövrü tərifləmişdir. Peyğəmbər (s): "Zəmanədən şikayət də etməyin",-deyə buyurmuşdur.
İmam Buхari Əbu Hüreyrənin bildirdiyi hədisdə: "Dehri [zəmanəni] sevin, çünki dehr Allahın nişanəsidir",-buyurmuşdur.
İmam Buхari belə bir müqəddəs hədisi qələmə alıb: "Adəm oğlu zəmanəni söyür, halbuki işlərin idarəçisi Mənəm, gecə ilə gündüz Mənim qüdrət əlimdədir,"-buyurmuşdur.
Ərəblər başlarına gələn bəlaların zəmanədən olduğuna inanır və bu səbəbdən zəmanəni söyərdilər. Peyğəmbər (s) onların bu adətini qadağan etmiş və: "Bütün aləmlərin idarəsi Allahın qüdrət əlindədir,"-buyurmuşdur.
Digər bir müqəddəs hədisdə isə Allah-Təala: "Adəm oğulları dehri-zəmanəni söyərlər. Amma bütün işlərin, bütün hadisələrin idarəçisi Mənəm, gecə ilə gündüz Mənim qüdrət əlimdədir",-buyurmuşdur.
(Buхari: "Səhih" k. "Təfsiru surə", 45; k."Tovhid", 35; k. "Ədəb", 101, Muslim: k. "Əlfaz",1)
***
Alimlər-"Allah-dehrdir"-ifadəsini üç şəkildə açıqlayırlar:
r Yalnız Allah bütün işlərin tədbir edicisidir.
r Yalnız Allah dehrin-zəmanənin sahibidir.
r Yalnız Allah təqdir edən, zamanı idarə edəndir. Sahibu-z-zaman deməkdir.
İmam Buхari də: "bi yədi-l-leyli va-n-nəhar"-gecə ilə gündüz Mənim qüdrət əlimdədir"-sözünü belə açıqlayır: yəni zaman gecə ilə gündüzdən ibarətdir. Onlar da Mənim qüdrət əlimdədir. Onları da necə istəsəm, o cür idarə edərəm".
***
Alimlər buyurmuşlar ki, bir kimsə işlərinin [yaхşı və ya pis olduğunu] zəmanəyə bağlayarsa, yəni "zaman belə etdi" deyib şikayət edərsə kafir olar, bu cür söyləmək məkruhdur, bu cür söyləməklə insan kafirlərə bənzəmiş olur.
(Ardı var)
Ərəbcədən tərcümə edəni
Elmira Qafarova